Kontentə keç

Mündəricatı göstər

Bioqrafiya

Mən Məsihin əsgəriyəm

Mən Məsihin əsgəriyəm

Ətrafımda güllələr uçurdu. Mən ağ dəsmalı qaldırıb təslim oldum. Atəş açan əsgərlər gizləndiyim yerdən çıxmağı əmr etdilər. Yavaş-yavaş onlara tərəf getdim. Bilmirdim axırım necə olacaq, məni öldürəcəklər, yoxsa sağ saxlayacaqlar. Gəlin sizə danışım niyə bunlar başıma gəlmişdi.

MƏN 1926-cı ildə, Yunanıstanın Karitsa kəndində, zəhmətkeş bir ailədə dünyaya göz açmışam. Ailənin səkkiz uşağından yeddincisi idim.

Mən doğulmazdan bir il əvvəl valideynlərim İoannis Paparizos adlı şücaətli və ünsiyyətcil Müqəddəs Kitab tədqiqatçısı ilə (əvvəllər Yehovanın Şahidləri belə adlanırdı) tanış olur. İoannisin Müqəddəs Kitabdan gətirdiyi məntiqli dəlillər atamla anama güclü təsir bağışlayır və onlar Müqəddəs Kitab tədqiqatçılarının kəndimizdə keçirdiyi ibadət görüşünə getməyə başlayırlar. Anamın Yehova Allaha imanı çox güclü idi. O, savadsız qadın idi, lakin hər dəfə fürsət yarananda insanlara əqidəsi barədə danışırdı. Təəssüflər olsun ki, atam insanların ancaq səhvlərinə fikir verdiyi üçün ibadət görüşlərindən uzaqlaşdı.

Bacı-qardaşlarım və mən Müqəddəs Kitaba ehtiramla yanaşırdıq, amma böyüdükcə gəncliyimizi yaşamaq istəyi bizi daha çox cəlb edirdi. 1939-cu ildə İkinci Dünya müharibəsi Avropanı ağuşuna alanda kəndimizdə bizi sarsıdan hadisə baş verdi. Həm qonşumuz, həm də qohumumuz olan yenicə vəftiz olmuş Nikolas Saras yunan ordusuna çağırıldı. Nikolasın 20 yaşı olsa da, o, dövlət nümayəndələrinə cəsarətlə demişdi: «Mən əlimə silah ala bilmərəm, çünki mən Məsihin əsgəriyəm». Onun işi hərbi məhkəməyə ötürüldü və məhkəmə ona on il iş kəsdi. Bu xəbər bizi mütəəssir etmişdi.

1941-ci ilin əvvəlində Britaniya ilə bir neçə ölkənin birləşmiş ordusu Yunanıstana daxil oldu və beləcə, Nikolas vaxtından əvvəl həbsdən azad olub kəndimizə qayıtdı. Böyük qardaşım İlias ona Müqəddəs Kitabla bağlı çoxlu suallar verirdi, mən də onlara diqqətlə qulaq asırdım. Nəticədə, İlias, mən və ən kiçik bacım Efmarfiya Müqəddəs Kitabı öyrənməyə və ibadət görüşlərinə getməyə başladıq. Növbəti il üçümüz də vəftiz olduq. Sonralar iki bacım və iki qardaşım da Yehovanın Şahidi oldu.

1942-ci ildə kəndimizdəki yığıncaqda 15—25 yaş arası doqquz gənc bacı-qardaş var idi. Bilirdik ki, qarşıda bizi ağır sınaqlar gözləyir, buna görə də imanımızı möhkəmləndirmək üçün fürsət tapıb birlikdə Müqəddəs Kitabı araşdırır, həmd nəğmələri oxuyur və dua edirdik. Bunların sayəsində imanımız gücləndi.

Demetrius və dostları (Karitsa)

VƏTƏNDAŞ MÜHARİBƏSİ

İkinci Dünya müharibəsi bitər-bitməz yunan kommunistləri Yunanınstan hökumətinə qarşı qiyama qalxdılar, bununla da ölkədə amansız vətəndaş müharibəsi başladı. Kommunist kəşfiyyatçıları ölkənin ucqar ərazilərinə səpələnib kənd camaatını onların sıralarına qoşulmağa məcbur edirdi. Onlar bizim kəndə basqın edəndə üç nəfər gənc Yehovanın Şahidini — Antonio Sukarisi, İliası və məni qaçırdıb özləri ilə apardılar. Biz onlara dedik ki, məsihi olduğumuz üçün əlimizə silah almırıq. Bununla belə, onlar bizi kənddən Olimp dağına kimi 12 saat piyada getməyə məcbur etdilər.

Sonra kommunist zabit bizə onların partizan dəstəsinə qoşulmağı əmr etdi. Biz ona deyəndə ki, əsl məsihilər əlinə silah alıb insanlara qarşı vuruşmur zabit hirslənib bizi generalın yanına apardı. Mövqeyimizi generala izah edəndə o, bizə əmr edib dedi: «Onda gedin qatır götürüb yaralıları döyüş meydanından qospitala daşıyın».

Biz dedik:

— Bəs dövlət əsgərləri bizi tutsa, necə olacaq? Axı onlar elə biləcək ki, biz də onlara qarşı döyüşürük.

— Onda ön cəbhəyə çörək daşıyın.

— Bəs birdən zabit bizi qatırla görüb ön cəbhəyə silah aparmağı əmr etdi?

General çox düşünəndən sonra dedi: «Yaxşı, onda gedin dağda qalıb qoyunları otarın!»

Vətəndaş müharibəsinin qızğın dövrü idi. Düşündük ki, qoyun otarmağa vicdanımız yol verir. Bir il sonra ailənin böyük oğlu olduğu üçün İliası evə buraxdılar ki, dul anamızın qeydinə qalsın. Antonionu xəstə olduğu üçün azad etdilər. Mən isə qaldım qiyamçıların əsirliyində.

Bu arada yunan ordusu kommunistlərə üstün gəlirdi. Məni əsir tutan dəstə Albaniyaya qaçmaq üçün dağlara üz tutdu. Sərhədə çataçatda yunan əsgərləri bizi əhatəyə aldı. Qiyamçılar vəlvələyə düşüb qaçmağa üz qoydular. Mən yıxılmış bir ağacın arxasına gizləndim. Sonra əvvəldə danışdığım hadisə baş verdi.

Mən yunan əsgərlərinə kommunistlər tərəfindən əsir tutulduğumu deyəndə onlar məni Veriya şəhərinin yaxınlığındakı hərbi düşərgəyə apardılar. Orada mənə əsgərlər üçün səngər qazmağı əmr etdilər. Bu əmri yerinə yetirməkdən imtina etdiyim üçün komandir məni dəhşətli Makronisos adasına sürgün etdi.

İŞGƏNCƏ ADASI

Yalın, susuz, daş-kəsəkli, istidən qovrulan Makronisos adası Afinadan 50 kilometr aralıda yerləşir. Adanın uzunluğu 13, eni 2,5 kilometrdir. Bu qədər kiçik ölçüdə olmasına baxmayaraq, orada 1947—1958-ci illər arası 100 000-dən artıq dustaq saxlanılıb. Onların arasında kommunistlər, kommunist hərəkatına qoşulmaqda şübhəli bilinənlər, keçmiş qiyamçılar və çoxlu sayda Yehovanın Şahidi olub.

1949-cu ilin əvvəlində mən bu adaya gələndə dustaqlar bir neçə düşərgəyə bölünmüşdü. Mən bir neçə yüz dustağın saxlanıldığı ümumi rejimli düşərgəyə düşmüşdüm. On nəfərlik çadırda qırx nəfər yatırdıq. İçdiyimiz su çox çirkli idi. Əksər hallarda mərci və badımcan yeyirdik. Külək və toz-torpaq vəziyyəti daha da çətinləşdirirdi. Yaxşı ki bizi, heç olmasa, o biri dustaqların gördüyü əziyyətli işi görməyə məcbur etmirdilər. Onlara amansızcasına bütün günü daş daşıtdırırdılar. Bu iş onlara həm fiziki, həm də mənəvi zərbə vururdu.

Makronisos adasında dustaq olan Yehovanın Şahidləri ilə birgə

Bir gün sahildə gəzəndə başqa düşərgədə saxlanılan bir neçə Yehovanın Şahidi ilə rastlaşdım. Bir-birimizi görəndə çox sevindik! Fürsət yaranan kimi bir yerə yığışırdıq. Əlimizdən gələni edirdik ki, bizi yaxalamasınlar. Biz o biri dustaqlara ehtiyatla təbliğ edirdik. Onlardan bir neçəsi sonralar Yehovanın Şahidi oldu. Bütün bu şeylərin və duanın sayəsində Yehovaya sadiq qala bildik.

AMANSIZ CƏZA

Məni on ay, necə deyərlər, islah edəndən sonra dustaqxana nəzarətçiləri düşündülər ki, mən hərbi geyim geyinəcəyəm. Mən imtina edəndə onlar zor tətbiq edərək məni düşərgə komandirinin yanına apardılar. Orada öz mövqeyimi yazılı şəkildə bildirdim: «Mən yalnız Məsihin əsgəri olmaq istəyirəm». Komandir hədə-qorxu gəlib məni öz köməkçisinin, yunan pravoslav kilsəsinin arxiyepiskopunun yanına göndərdi. O, öz dini libasını geyinmişdi. Mən onun suallarına Müqəddəs Kitabdan əminliklə cavab verdim. Onda o, qəzəblə qışqırıb dedi: «Aparın bunu buradan, bu, fanatdır!»

Səhəri gün əsgərlər yenidən mənə hərbi geyim geyinməyi əmr etdilər. Mən yenə də imtina etdim. Onda əsgərlər məni yumruqlayıb dəyənəklə döydülər. Sümüklərimin salamat olub-olmadığını yoxlamaq üçün məni tibb məntəqəsinə apardılar. Sonra sürüyə-sürüyə çadıra qaytardılar. Bu səhnə düz iki ay davam etdi.

Əsgərlər görəndə ki, məni əqidəmdən döndərə bilmirlər yeni üsula əl atdılar. Qollarımı arxadan bağlayıb kəndirlə ayağımın altını möhkəm-möhkəm şallaqladılar. Ağrı dözülməz idi. Bu dəm İsanın sözləri yadıma düşdü: «Mənə görə insanlar sizi təhqir və təqib edəndə... siz necə də xoşbəxtsiniz! Sevinin və şadlanın, çünki göydə sizi böyük mükafat gözləyir, axı sizdən əvvəl peyğəmbərləri də belə təqib etmişlər» (Mət. 5:11, 12). Mənə elə gəlirdi ki, bu işgəncə bitməyəcək, ancaq birdən huşumu itirdim.

Gözümü açanda buz kimi soyuq hücrədə idim. Mənə nə çörək, nə su vermişdilər. Heç ədyal da yox idi. Lakin qəlbimdə dərin bir rahatlıq hiss edirdim. Müqəddəs Kitabda yazıldığı kimi, «Allahın hər bir ağıldan üstün olan sülhü» ürəyimi və fikirlərimi qoruyurdu (Filip. 4:7). Növbəti gün bir ürəyiyumşaq əsgər mənə çörək, su və palto gətirdi. Başqa bir əsgər isə bir dəfə mənə öz yemək payını vermişdi. Yehova Allah bu və digər yollarla mənim qayğıma qalırdı.

Dövlət qatı qiyamçı adı ilə mənim işimi Afinanın hərbi məhkəməsinə ötürdü. Məhkəmə üç il iş kəsib məni Makronisos adasından 50 kilometr şərqdə yerləşən Yaros adasındakı həbsxanaya göndərdi.

«BİZ SİZƏ ETİBAR EDİRİK»

Yarosdakı həbsxana qırmızı kərpicdən tikilmiş böyük bir qala idi. Orada 5000-dən çox siyasi məhbus saxlanılırdı. Onların içində bitərəf mövqeyinə görə həbs olunan yeddi Yehovanın Şahidi var idi. Biz gizli-gizli toplaşıb Müqəddəs Kitabı araşdırırdıq, baxmayaraq ki, bu, qəti qadağan idi. Hətta gizlin şəkildə «Gözətçi qülləsi» jurnallarını da alırdıq. Sonra onları əllə köçürüb araşdırırdıq.

Bir gün görüşlərimizin birində keşikçi bizi yaxaladı. O, nəşrlərimizi əlimizdən aldı və hamımızı həbsxana müdirinin müavininin otağına apardı. Düşünürdük ki, həbs müddətimizi artıracaqlar. Amma müavin bizə dedi: «Biz sizi yaxşı tanıyırıq və mövqeyinizə hörmətlə yanaşırıq. Biz sizə etibar edirik. Gedin iş başına». O hətta bəzilərimizə əvvəlki ilə müqayisədə daha asan iş tapşırdı. Yehovaya o qədər minnətdar idik ki! Məsihi mövqeyində möhkəm qalmağımız həbsxanada belə, Yehovaya şərəf gətirdi.

Bizim qətiyyətimiz başqa gözəl bəhrələr də gətirdi. Bizimlə bir yerdə həbsxanada yatan riyaziyyat üzrə bir professor nümunəvi davranışımızı görüb əqidəmiz barədə suallar verirdi. 1951-ci ilin əvvəlində bizi həbsdən buraxdılar. Həmin vaxt o da azadlığa çıxdı. Sonralar o vəftiz olunub tammüddətli xidmətə başladı.

BU GÜNƏ KİMİ MƏSİHİN ƏSGƏRİYƏM

Yoldaşım Canet və mən

Azadlığa çıxandan sonra mən Karitsaya, evimizə qayıtdım. Sonralar kəndimizin bir çox camaatı kimi mən də Avstraliyanın Melburn şəhərinə köçdüm. Orada Canet adında çox yaxşı bir bacı ilə evləndim. Bizim bir oğlumuz və üç qızımız oldu. Biz onları Yehovanın yolunda böyütmüşük.

Hazırda yaşım doxsanı haqlayıb. Mən yığıncaqda ağsaqqal kimi xidmət edirəm. Gəncliyimdə aldığım zərbələrə görə hərdən, xüsusən də, təbliğdən sonra bədənimdə və ayaqlarımda ağrılar olur. Amma bu şeylər mənim üçün maneə deyil. Mən son nəfəsimə kimi Məsihin əsgəri olacağam! (2 Tim. 2:3).