Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA

Əsil uğur nədir?

Əsil uğur nədir?

Betərin betəri də var. Uğursuzluqdan betər nə ola bilər? Saxta uğur. Bir iş ki düz getmədi, ona necəsə əncam çəkmək olar. Heç nə alınmasa da, insan, ən azı, təcrübə qazanır və gələn dəfə işini daha yaxşı görməyə çalışır.

Saxta uğur isə başqa şeydir. Bu cür uğura nail olan insan fikirləşir ki, qalibdir, əslində isə məğlubiyyətə uğrayıb. Nəyisə dəyişmək lazım olduğunu başa düşəndə də çox gec ola bilər.

Allahın Kəlamında insanlara xitabən belə bir sual verilir: «İnsan öz həyatını qurtarmaq üçün əvəzində nə verə bilər?» (Matta 16:26). Bu fikri pul qazanmaqdan və istədiyi hər şeyi almaqdan ötrü əldən-ayaqdan gedən adamlara şamil etmək olar. Bunlar saxta uğurun meyarlarıdır. Karyera üzrə məsləhətçi Tom Denham yazır: «Daima daha yüksək vəzifələrə can atmaq, daha çox pul qazanmaq, daha çox əşya almaq — gecə-gündüz ancaq bunlar barədə düşünmək insanın ruhunu qidalandırmır. Uğuru pulla ölçmək ağılsızlıqdır, bu, insana heç nə vermir».

Görünür, çoxları bu fikirlə razıdır. Birləşmiş Ştatlarda keçirilən bir sorğuya əsasən, «həyatda uğur qazanmaq üçün» lazım olan 22 şey arasında «çoxlu pula sahib olmaq» 20-ci yeri tuturdu. Siyahının ilk pillələrində sağlamlıq, yaxşı insani münasibətlər və sevimli iş kimi şeylər dururdu.

Bəli, bir çox insanlar saxta uğurla əsil uğur arasındakı fərqi ayırd edə bilir, ən azı, sorğu bunu göstərir. Lakin əsil uğura aparan yolda addımlamaq hər adamın işi deyil.