Kontentə keç

Mündəricatı göstər

MÜQƏDDƏS KİTABIN BAXIŞI | İŞ

İş

İş

Müqəddəs Kitab qədimi kitab olsa da, oradakı prinsiplər hər dövr üçün münasibdir. Müqəddəs Kitabda iş barəsində deyilənlər keçmişdə olduğu kimi, bu gündə tətbiqediləndir.

Biz işə necə yanaşmalıyıq?

CAMAAT NƏ DEYİR?

Rəqabətli əmək bazarında işinizi itirmək istəmirsinizsə, gərək onu hər şeydən üstün tutasınız. Bu cür düşüncə ucbatından bəziləri işlərinə o qədər bağlanmışlar ki, ailələrini və sağlamlıqlarını unutmuşlar.

ALLAHIN KƏLAMINDA NƏ DEYİLİR?

Müqəddəs Kitab işə tarazlı yanaşmağı məsləhət görür. Orada əməksevərlik vəsf edilir, tənbəllik isə ittiham olunur (Məsəllər 6:6—11; 13:4). Amma, eyni zamanda da, Müqəddəs Kitab bizi “iş xəstəsi” olmağa səsləmir. Əksinə, orada yazılıb ki, biz müəyyən qədər istirahətə də vaxt ayırmalıyıq. Vaiz 4:6 ayəsində deyilir: «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır». Biz işə o dərəcədə aludə olmamalıyıq ki, ailəmizi və sağlamlığımızı unudaq. İşə görə özümüzü öldürməyə dəyməz!

«İnsan üçün yeyib-içməkdən, zəhmətindən zövq almaqdan yaxşı şey yoxdur» (Vaiz 2:24).

Hansı işi görməyimizin fərqi var?

CAMAAT NƏ DEYİR?

Maaşı yaxşıdırsa, deməli, iş də yaxşıdır. Bu cür düşüncə, üstəlik, çox pul qazanmaq arzusu bəzi insanları fırıldağa və hətta qanunsuz işlər görməyə sövq edir.

Başqaları isə «arzularının ardınca get» və «sevdiyin işi gör» şüarları ilə yaşadıqları üçün yalnız onlara stimul verən işə düzəlirlər. Əgər iş onların həyatda nail olmaq istədikləri iş deyilsə, onları cuşa gətirmirsə, onda həmin iş onlara cansıxıcı gəlir. Buna görə də öz işlərini bəyənmirlər və onu candərdi görürlər. Özlərinə yaraşdırmadıqları üçün hətta ən yaxşı iş təkliflərini belə rədd edirlər.

ALLAHIN KƏLAMINDA NƏ DEYİLİR?

Müqəddəs Kitaba əsasən, nadürüst və ya hər hansı bir yolla insanların zərərinə olan işlər Allaha məqbul deyil (Lavililər 19:11, 13; Romalılara 13:10). Yaxşı iş o işdir ki, başqalarına xeyir gətirir və işçiyə vicdanını təmiz saxlamağa kömək edir (1 Butrus 3:16).

Müqəddəs Kitab həmçinin öyrədir ki, iş əsas etibarilə özünü doğrultmağa yox, ülvi məqsədə — dolanmağa və ailəni təmin etməyə xidmət etməlidir. Düzdür, işdən zövq almaqda pis bir şey yoxdur, ancaq işləmək üçün yaşamaq yox, yaşamaq üçün işləmək lazımdır.

«Atam çox məşğuldur. O həm işləyir, həm də iştirak etdiyimiz Yehovanın Şahidlərinin yığıncağında olan məsuliyyətlərini icra edir. Buna baxmayaraq, o, öz işinə məsuliyyətlə yanaşır. Atam işlərini də çatdırır, hələ bir mənə, bacıma və anama da vaxt ayırır. Atamın işi həmişə var, lakin o, hər şeyi öz nəzarəti altında saxlayır» (Elana).

İnflyasiya və qiymətlərin qalxması dolanışığımıza görə narahat olmağımıza səbəb ola bilər, lakin Müqəddəs Kitab bizi həddən artıq narahat olmamağa səsləyir. Orada yazılıb: «Yeməyimiz, paltarımız varsa, bunlara qane olacağıq» (1 Timutiyə 6:8). Bu o demək deyil ki, özümüzü hər şeydən məhrum etməliyik. Ancaq ayağımızı yorğanımıza görə uzatmalı və nə qədər şey aldığımıza fikir verməliyik (Luka 12:15).

SİZ NƏ EDƏ BİLƏRSİNİZ?

İşinizi canla-başla, ürəkdən görün. Hətta işinizin nüfuzlu və ya arzuladığınız iş olmadığını düşünsəniz belə, yenə də çalışın işinizin ustası olasınız. İnsan işini həvəslə görəndə məmnunluq duyur və püxtələşdikcə işindən daha çox razı qalır.

Eyni zamanda, tarazlı olun. İstirahətə, dincəlməyə vaxt ayırın. İnsan vicdanla işləyəndən sonra istirahət ona lap ləzzət verir. Eynilə, ehtiyaclarımızı ödəyəndə həm özümüzə əminliyimiz artır, həm də başqalarının, o cümlədən ailə üzvlərimizin hörmətini qazanırıq (2 Salonikililərə 3:12).

«“Nə yeyəcəyik?”, “nə içəcəyik?”, “nə geyəcəyik?” deyə heç vaxt narahat olmayın... Sizin göydəki Atanız... bütün bunlara ehtiyac duyduğunuzu bilir» (Mətta 6:31, 32).