Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | MƏLƏKLƏR. BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ

Şər mələklər

Şər mələklər

Şər mələklər haradan peyda olub? Allah mələkləri yaradanda onlara iradə azadlığı vermişdi. İlk insanlar, Adəmlə Həvva yaranandan qısa müddət sonra mələklərdən biri seçim ixtiyarından sui-istifadə edərək Yaradanına üsyan etdi. O, Adəmlə Həvvanı da bu üsyana sövq etdi (Yaradılış 3:1—7; Vəhy 12:9). Müqəddəs Kitabda bu mələyin adı və üsyandan əvvəl tutduğu mövqe barədə konkret heç nə yazılmayıb. Üsyandan sonra ona Şeytan (mənası əleyhdar) və İblis (mənası şərçi, böhtançı) adı verildi (Mətta 4:8—11).

Təəssüflər olsun ki, üsyan bununla bitmədi. Nuh peyğəmbərin dövründə bəzi mələklərdə yaranış məqsədlərinə zidd gedən şəhvətli və əxlaqsız arzular baş qaldırdı. Bu arzularını həyata keçirmək üçün onlar yer üzünə enib insan cildinə girdilər. Beləcə, onlar Allahın dərgahını, «onlara münasib məkanı» tərk etdilər (bu mələklərin sayı barədə məlumatımız yoxdur) (Yəhuda 6; Yaradılış 6:1—4; 1 Butrus 3:19, 20).

Bu mələklərin axırı necə oldu? Nuh peyğəmbərin dövründə Allah yer üzünə daşqın göndərəndə onlar insan bədənindən çıxıb göyə qalxdılar. Amma Allah-Taala bu asi mələklərə əzəl mövqelərinə qayıtmağa izin vermədi. Onları şərəfli vəzifələrindən endirib alçaldaraq məcazi mənada zülmət qaranlığa atdı, yəni onların gözünü Özünün işıqlı məqsədlərinə qarşı kor etdi (Yəhuda 6; 2 Butrus 2:4). Beləcə, onlar «nur mələyi cildinə» girən «cinlərin hökmdarı» Şeytanın qulu oldular (Mətta 12:24; 2 Korinflilərə 11:14).

Müqəddəs Kitaba əsasən, 1914-cü ildə Allah-Taala göydə ilahi hökumət təsis etdi *. Bu hadisədən sonra Şeytan və onun cinləri göydən yerə atıldı. O vaxtdan onların göyə qalxmaq ixtiyarı yoxdur, onlar ancaq yer üzündə fəaliyyət göstərirlər. Buna görə də, bu gün dünyada pislik və əxlaqsızlıq bu dərəcədə artıb (Vəhy 12:9—12).

Amma əxlaqsızlığın və zorakılığın bu dərəcədə çoxalması bir işarədir ki, şər mələklərin hökmranlığının sonuna çox az qalıb. Tezliklə Allah bu şər mələkləri iflic hala salıb onların fəaliyyətini dayandıracaq. Allahın göydə qurduğu hökumət Yer kürəsini cənnətə döndərəcək və 1000 il ərzində dünyanı idarə edəcək. Bu dövrün sonunda həmin şər mələklər bəşəriyyəti sonuncu dəfə sınamaq üçün qısa müddətə azadlığa buraxılacaq. Sonra onlar əbədilik məhv olacaq (Mətta 25:41; Vəhy 20:1—3, 7—10).

^ abz. 6 Bu mövzu ilə bağlı ətraflı məlumatı Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab təlimləri» kitabının 8-ci fəslindən tapa bilərsiniz. Kitabı www.dan124.com/az saytında da oxumaq mümkündür.