Kontentə keç

Mündəricatı göstər

3 Mübarizə aparmağa kömək edir

3 Mübarizə aparmağa kömək edir

Bəzi problemlər qaçılmaz və həllolunmazdır. Misal üçün, doğmalarını itirən və ya xəstəliklə mübarizə aparan insanın dərdə dözməkdən başqa çarəsi yoxdur. Bəs Müqəddəs Kitab belə çətin vəziyyətlərlə üzləşən insanlara kömək edə bilər?

XRONİKİ XƏSTƏLİK

Roza adlı bir qız deyir: «İrsi xəstəliyim ucbatından güclü və səngiməyən ağrılarım olur. Xəstəliyim əl-qolumu bağlayırdı». Onun ən böyük narahatçılığı Müqəddəs Kitabı mütaliə edəndə və ibadətlə bağlı digər sahələrdə bəzən diqqətini cəmləyə bilməməsi idi. Hərdən şiddətli ağrılar ucbatından heç nə oxuya bilmirdi. Mətta 19:26 ayəsində yazılmış sözlərin ona böyük köməyi dəydi. Orada deyilir: «Allah üçün hər şey mümkündür». Roza öyrənir ki, mütaliə etmək üçün başqa üsullar da var. O, Müqəddəs Kitabın və ona əsaslanan nəşrlərin səsyazmasını dinləmək qərarına gəlir *. Roza deyir: «Mütaliə etməyin başqa üsulları olmasaydı, heç bilmirəm, Allahla münasibətlərimi necə möhkəm saxlaya bilərdim».

Roza əvvəllər etdiyi şeyləri indi edə bilmədiyinə görə üzüləndə 2 Korinflilərə 8:12 ayəsindəki sözlərdən təsəlli tapır: «Ürəkdən verilən bəxşiş Allaha xüsusilə xoşdur, çünki O, insandan gücü çatanı gözləyir, gücü çatmayanı yox». Bu sözlər Rozaya xatırladır ki, Allah ondan razıdır, çünki o, imkanı daxilində əlindən gələn hər şeyi edir.

KƏDƏR

Haqqında danışdığımız Sofiya xatırlayır: «18 yaşlı qızımı itirəndə keçirdiyim iztirab o qədər şiddətli idi ki, elə bilirdim, daha yaşaya bilməyəcəyəm. Artıq heç nə əvvəlki kimi olmayacaqdı». Lakin Zəbur 94:19 ayəsindəki sözlər ona qəlb rahatlığı verdi. Həmin ayədə yazar Allaha üz tutub deyir: «Fikirlər məni çulğayanda mənə təsəlli verib ovutdun». Sofiya deyir: «Allaha yalvarırdım ki, mənə toxtaqlıq tapmaq üçün bir çıxış yolu göstərsin».

Sofiya özünü könüllü işlərə həsr edir. Bir müddətdən sonra özü haqda maraqlı bir qənaətə gəlir. Rəngli karandaşı sınandan sonra da istifadə etmək mümkün olduğu kimi, o da həyatdan aldığı zərbələrə baxmayaraq, başqalarına kömək edə bilər. O xatırlayır: «Bir gün dərk etdim ki, dərs keçdiyim insanlara Müqəddəs Kitab təlimlərini açıqlayaraq təsəlli verəndə özüm də qəlb rahatlığı tapırdım. Yehova mənə təsəllini bu yolla verirmiş». Sofiya Müqəddəs Kitabdakı ağır sıxıntılar yaşamış insanların siyahısını tutur və görür ki, onların hamısı dua əhli olub. O həmçinin «Allahın Kəlamını oxumadan dualara cavab tapmağın mümkün olmadığının» fərqinə varır.

Allahın Kəlamını mütaliə etməyin sayəsində Sofiya diqqətini keçmişə yox, gələcəyə yönəltməyi öyrəndi. Ona Həvarilərin işləri 24:15 ayəsində «Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm» sözləri təsəlli verir. O, Yehovanın onun qızını dirildəcəyinə nə dərəcədə əmindir? Sofiya cavab verir: «Qızımı mütləq görəcəyəm. Yehova bizim görüşəcəyimiz günü artıq təqvimə salıb. Qızım diriləndən sonra onunla birgə bağda oturacağımız günün xəyalı, onu doğulanda qucağımda tutduğum günün xatirəsi qədər realdır».

^ abz. 4 Müqəddəs Kitaba əsaslanan bir çox nəşrlərin səsyazmalarını dinləmək üçün jw.org saytını ziyarət edin.

Müqəddəs Kitab sizə hətta sıxıntılı vaxtlarınızda da təsəlli verə bilər