Kontentə keç

Mündəricatı göstər

Gələcəyinizi nə müəyyən edir?

Gələcəyinizi nə müəyyən edir?

Bir çoxları inanır ki, insanın gələcəyini bəzi gözəgörünməz qüvvələr müəyyən edir. Buna görə də onlar xoşbəxt olmaq üçün müəyyən inanclara, ayinlərə əməl edirlər.

İNANCLAR

ASTROLOGİYA. Bəzi insanlar inanır ki, onların gələcəyi bürclərdən, yəni doğulan vaxt ulduzların necə düzülməsindən asılıdır. Onlar başlarına nə gələcəyini bilmək üçün astroloji proqnoza, yəni ulduz falına müraciət edirlər. Sonra isə falda deyilənə müvafiq hərəkət edirlər ki, özlərini təhlükədən qorusunlar, yaxud uğur qazansınlar.

FALÇILIQ. Bəziləri inanır ki, gələcəyinin uğurlu olması üçün falçı ilə məsləhətləşmək lazımdır. Onlar falçının dediyini nəzərə alıb qərarlar verirlər. Düşünürlər ki, belə etsələr, işləri yaxşı gedəcək.

ƏCDADLARA SİTAYİŞ. Bir çoxları inanır ki, əcdadlarının ruhunu şad etmək, allahları razı salmaq lazımdır. Belə etsələr, həmin ruhlar onları qoruyacaq və işlərini avand edəcək. Vyetnamda yaşayan Van * deyir: «Mən inanırdım ki, əcdadlarımın ruhunu şad etsəm, özümün və övladlarımın həyatı həm indi, həm də gələcəkdə xoşbəxt olacaq».

REİNKARNASİYA. Bir çoxları inanır ki, insan öləndən sonra yenidən doğulur və bu, sonsuzadək belə davam edir. Onlar düşünürlər ki, başlarına gələn həm yaxşı, həm də pis hadisələr əvvəlki həyatda etdikləri əməllərin nəticəsidir.

Amma bir çoxları bu kimi inancları mövhumat hesab edir. Bununla belə, onlar əl falına, ulduz falına, cadu lövhələrinə, kart falına və bu kimi şeylərə maraq göstərirlər. Onlar ümid edirlər ki, bu şeylər vasitəsilə gələcəklərindən xəbər tuta bilərlər.

BƏS KÖMƏYİ DƏYİR?

Bu cür inanclara, ayinlərə əməl edən insanlar xoşbəxt olublar?

Vyetnamda yaşayan Haunun nümunəsinə baxaq. O, nə isə etməmişdən qabaq həmişə ulduz falı ilə maraqlanırdı, əcdadlarına sitayiş edirdi ki, ona yol göstərsinlər. Bəs bütün bunların ona köməyi dəydi? Hau deyir: «Biznesimi itirdim, borca girdim, ailəmdə problemlər yarandı, özüm də mənən sarsıldım».

Tayvandan olan Çuminq də ulduz falına, reinkarnasiyaya, taleyə inanırdı, əcdadlarına sitayiş edirdi. Bu inancları dərindən araşdırandan sonra o dedi: «Başa düşdüm ki, bu təlimlər, bu etiqadlar bir-birinə zidd gedir, insanı çaşbaş qoyur. Görürdüm ki, ulduz falı çox vaxt səhv çıxır. O ki qaldı reinkarnasiyaya, əgər insan keçmiş həyatını xatırlamırsa, o necə dəyişə bilər, növbəti həyatı üçün necə yaxşı təməl qoya bilər?»

«Başa düşdüm ki, bu təlimlər, bu etiqadlar bir-birinə zidd gedir, insanı çaşbaş qoyur» (ÇUMİNQ, TAYVAN).

Hau, Çuminq və bir çoxlarının da başa düşdüyü kimi, insanın gələcəyini tale, ulduzlar, əcdadlar, reinkarnasiya müəyyənləşdirmir. Bəs bu o deməkdir ki, gələcəyimizə heç cür təsir edə bilmərik?

Bir çoxları düşünür ki, ali təhsil, var-dövlət gözəl gələcək üçün zəmanətdir. Bəs belə düşünən insanlar gözəl həyata nail olublar?

^ abz. 6 Bu və növbəti məqalələrdə bəzi adlar şərtidir.

^ abz. 16 Bu kəlam Müqəddəs Kitabın Qalatiyalılara 6:7 ayəsindəndir.