Kontentə keç

Mündəricatı göstər

AİLƏLƏRƏ KÖMƏK | NİKAH

Problemləri necə həll etməli

Problemləri necə həll etməli

PROBLEM

Həyat yoldaşınızla hansısa məsələni müzakirə edəndə söhbətiniz çox vaxt qanqaraçılıqla bitir? Əgər belədirsə, vəziyyəti düzəldə bilərsiniz. Ancaq əvvəlcə kişilərlə qadınların ünsiyyət tərzlərindəki fərq barədə bəzi şeyləri bilməlisiniz *.

NƏYİ BİLMƏLİSİNİZ?

Qadınlar adətən problemin həllini eşitməzdən öncə bu barədə danışmağa üstünlük verirlər. Əslində, bəzən problemin həlli elə danışmaq olur.

«Ürəyimi boşaldanda və görəndə ki, ərim məni başa düşür, rahatlaşıram. Problem barədə danışandan sonra özümü çox yaxşı hiss edirəm» (Sevda *).

«Hisslərimi açıb ərimə deməyə macal tapmasam, əlim heç bir iş tutmur. Mənim üçün problem haqda danışmaq onu həll etməyə bərabərdir» (Aytən).

«Bunu detektiv işinə bənzətmək olar. Danışa-danışa problemi hərtərəfli analiz edir və onun haradan qaynaqlandığını tapmağa çalışıram» (Lamiyə).

Kişilər problemin həllinə meyillidirlər. Bu, başa düşüləndir, çünki kişi nəyisə həll edəndə özünü lazımlı hiss edir. Problemin həllini təklif etməklə o göstərmək istəyir ki, həyat yoldaşı ona bel bağlaya bilər. Kişilərin təklif etdikləri fikir dərhal qəbul olunmayanda onlar çaş-baş qalırlar. Kənan adlı bir ər deyir: «Mən başa düşə bilmirəm, əgər bir məsələnin həllini istəmirsənsə, onun barəsində danışmağın nə mənası var?»

Ancaq «anlayış məsləhətdən əvvəl gəlməlidir» deyə bir kitabda xəbərdarlıq olunur. «Məsələnin həllini təklif etməzdən əvvəl arvadınız onu tam başa düşdüyünüzü, hisslərinə şərik olduğunuzu görməlidir. Çox vaxt həyat yoldaşınız məsələni həll etmək məqsədilə yox, sadəcə onu dinləyəsiniz deyə sizə müraciət edir» («The Seven Principles for Making Marriage Work»).

NƏ EDƏ BİLƏRSİNİZ?

Ərlər üçün. Diqqətlə dinləməyi və anlayışlı olmağı öyrənin. Telman adlı evli bir kişi bölüşür: «Yoldaşıma qulaq asdıqdan sonra bəzən öz-özümə düşünürəm: “Bununla nə dəyişdi?” Ancaq həyat yoldaşım üçün əsas şey ona qulaq asmağımdır». Vaqif adlı bir ər bu sözlərə qoşularaq deyir: «Fikir vermişəm ki, ən yaxşısı yoldaşımı sözünü kəsmədən dinləməkdir. Çox vaxt o, sözünü bitirəndən sonra özünü xeyli yaxşı hiss etdiyini deyir».

Məsləhət. Gələn dəfə həyat yoldaşınızla hansısa məsələni müzakirə edərkən çalışın məsləhət vermək istəyinizi boğasınız. Həyat yoldaşınızın gözlərinin içinə baxın, diqqətiniz onun dediklərində olsun. Başınızla razı olduğunuzu bildirin. Onun dediklərinin məğzini təkrarlamaqla göstərin ki, onu başa düşmüsünüz. Çingiz adlı evli bir kişi bölüşür: «Bəzən həyat yoldaşımın istədiyi yeganə şey onu başa düşməyim və onun dediklərinə şərik olmağımdır» (Müqəddəs Kitab prinsipi: Yaqub 1:19).

Arvadlar üçün. Ərinizə nə istədiyinizi konkret deyin. Elnarə adlı evli bir qadın bölüşür: «Bizə elə gəlir ki, ərimiz nəyə ehtiyac duyduğumuzu yaxşı bilir. Ancaq hərdən bunu açıq demək lazımdır». İlahə adlı bir qadın belə bir üsul təklif edir: «Mən çox vaxt belə deyirəm: “Məni bir şey narahat edir. Mümkünsə, məni axıra qədər dinlə. İstəmirəm məsələni həll edəsən, sadəcə məni başa düşməyə çalış”».

Məsləhət. Əgər əriniz dərhal məsələnin həllini təklif edirsə, düşünməyin ki, sizin hissləriniz onun üçün maraqlı deyil. Çox ehtimal ki, o sizin yükünüzü yüngülləşdirməyə çalışır. Sitarə deyir: «Çalışıram əsəbiləşməyim. Başa düşürəm ki, ərim mənə qarşı laqeyd deyil, məni dinləməyə çalışır və kömək etmək istəyir» (Müqəddəs Kitab prinsipi: Romalılara 12:10).

Hər ikisi üçün. Adətən qarşı tərəfin bizimlə necə rəftar etməsini istəyiriksə, onunla o cür davranmağa çalışırıq. Lakin problemləri həll etmək istəyirsinizsə, fikirləşin görün həyat yoldaşınız onunla necə davranmağınızı istəyir (1 Korinflilərə 10:24). Mənsur adlı bir ər bunu belə izah edir: «Ərlər dinləməyə, arvadlar isə ərindən məsləhət eşidəcəyinə hazır olmalıdır. Bir-birlərini başa düşmək hər ikisinin xeyrinə olacaq» (Müqəddəs Kitab prinsipi: 1 Butrus 3:8).

^ abz. 4 Məqalədə vurğulanan xüsusiyyətlər bütün qadınlara və kişilərə şamil olunmur. Bununla belə, müzakirə olunan prinsiplər bütün evli insanlara həyat yoldaşlarını başa düşməyə və onlarla gözəl ünsiyyət qurmağa kömək edəcək.

^ abz. 7 Bu məqalədə adlar şərtidir.