Kontentə keç

Mündəricatı göstər

Pis günlər gəlməzdən qabaq Yehovaya xidmət edin

Pis günlər gəlməzdən qabaq Yehovaya xidmət edin

«Səni Yaradanı xatırla» (VAİZ 12:1).

1, 2. a) Allahdan ilham alaraq Süleyman gənclərə hansı məsləhəti vermişdi? b) Nə üçün Süleymanın məsləhəti yaşı 50-ni keçmiş məsihçilərə də maraqlıdır?

SÜLEYMAN PADŞAH Allahdan ilham alaraq gənclərə demişdi: «Pis günlər gəlməzdən qabaq... cavanlıq günlərində səni Yaradanı xatırla». Söhbət hansı «pis günlər»dən gedir? Burada Süleyman qocalıq dövrünün çətinliklərini maraq doğuran poetik dillə təsvir edir: titrəyən əllər, əyilən ayaqlar, tökülən dişlər, nurunu itirən gözlər, zəif eşidən qulaqlar, ağaran saçlar və bükülmüş bel. Gərək insan Yehovaya xidmətə belə vəziyyətə düşməmişdən qabaq başlasın. (Vaiz 12:1—5 ayələrini oxu.)

2 Elə məsihçilər var ki, yaşları 50-ni keçməsinə baxmayaraq, hələ də gümrahdırlar. Saçlarına dən düşsə də, onların sağlamlığı Süleymanın təsvir etdiyi kimi deyil. Bəs kifayət qədər yaşı olan bu məsihçilər Allahın gənclərə ünvanladığı: «Səni Yaradanı xatırla», — məsləhətindən faydalana bilərlərmi? Bu məsləhət hansı mənanı kəsb edir?

3. Yaradanı xatırlamaq özünə nəyi daxil edir?

3 Yehovaya uzun illər ərzində xidmət etməyimizə baxmayaraq, yaxşı olar ki, hərdən dayanıb bizi Yaradan barədə minnətdarlıqla düşünək. Həyat çox əsrarəngizdir. Onun mürəkkəbliyini insan ağlı dərk edə bilməz. Xaliqin xəlq etdikləri o qədər rəngarəngdir ki, həyat bizə hərtərəfli zövq verir. Yehovanın yaratdıqları üzərində düşünəndə Onun məhəbbətinə, müdrikliyinə və qüvvəsinə olan minnətdarlığımız canlanır (Məz. 143:5). Lakin Yaradanımızı xatırlamaq özünə Onun qarşısındakı məsuliyyətlərimizi götür-qoy etmək üçün vaxt ayırmağı da daxil edir. Bu zaman biz ömrümüz boyu var gücümüzlə Yaradanımıza xidmət etməklə minnətdarlığımızı bildirməyə təşviq olunuruq (Vaiz 12:13).

YAŞLILIĞIN GƏTİRDİYİ NADİR İMKANLAR

4. Həyat təcrübəsi olan məsihçilər özlərinə hansı sualı verə bilərlər və nə üçün?

4 Çoxlu həyat təcrübəsi olan yetkin bir insan kimi özünüzə belə bir sual verə bilərsiniz: «Nə qədər ki, gücüm var, həyatımı nəyə həsr edim?» Dünya görmüş bir məsihçi kimi sizin qarşınızda başqalarının malik olmadığı imkanlar var. Həyat təcrübənizi gənclərlə bölüşə bilərsiniz. Xidmətdə rastlaşdığınız ruhlandırıcı hadisələr barədə danışmaqla onları möhkəmləndirə bilərsiniz. Davud padşah belə bir imkanının olması üçün Allaha dua edirdi. O deyirdi: «Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən... Yaşa dolub saçıma dən düşənə qədər gələcək nəslə qüvvətini, gələcək nəslin hər birinə qüdrətini elan edəcəyəm. Ey Allah, məni tərk etmə» (Məz. 71:17, 18).

5. Yaşa dolmuş məsihçilər öyrəndiklərini başqaları ilə necə bölüşə bilərlər?

5 Uzun illər ərzində qazandığınız müdrikliyi başqaları ilə necə bölüşə bilərsiniz? Ruhlandırıcı ünsiyyət üçün gənc təbliğçiləri evinizə dəvət edə bilərsinizmi? Təbliğdə onlarla əməkdaşlıq edərək Yehovaya xidmətin sizə necə sevinc gətirdiyini göstərə bilərsinizmi? Qədimdə yaşamış Elihu demişdi: «Qoy danışsın çox uzun ömür sürənlər, qoy hikmət öyrətsin çox illərin şahidləri» (Əyyub 32:7). Həvari Pavel təcrübəli məsihçi qadınları həm sözdə, həm də əməldə başqalarını ruhlandırmağa təşviq edərək demişdi: «Ağbirçəklər... yaxşı şeylər öyrətməlidirlər» (Tit. 2:3).

POTENSİALINIZDAN BAŞQALARINA KÖMƏK ETMƏK ÜÇÜN İSTİFADƏ EDİN

6. Nə üçün çoxlu həyat təcrübəsi olan məsihçilər öz potensiallarına əhəmiyyətsiz yanaşmamalıdırlar?

6 Əgər siz təcrübəli məsihçisinizsə, deməli, böyük potensiala maliksiniz. Məsələn, siz hal-hazırda dərk etdiyiniz şeyləri 30 və ya 40 il bundan qabaq bilmirdiniz. İndi siz məharətlə Müqəddəs Kitab prinsiplərini öz həyatınıza tətbiq edə bilirsiniz. Şübhəsiz, Müqəddəs Kitab vasitəsilə başqalarının ürəyinə yol tapmağı yaxşı bacarırsınız. Əgər siz ağsaqqalsınızsa, səhv addım atan qardaşlara necə kömək etməyi bilirsiniz (Qalat. 6:1). Ola bilsin, siz yığıncağın işlərinə, konqreslə bağlı tədbirlərə və ya Padşahlıq zalının tikintisinə nəzarət etmək üçün təlim almısınız. Yaxud da həkimləri keyfiyyətli qansız müalicə üsulları tətbiq etməyə təşviq edə bilirsiniz. Hətta həqiqəti təzəlikcə öyrənsəniz də, sizin dəyərli həyat təcrübəniz var. Məsələn, əgər siz övlad böyütmüsünüzsə, deməli, çoxlu praktiki müdrikliyə sahibsiniz. Yaşlı məsihçilər bacı-qardaşlara təlim vermək, rəhbərlik etmək və möhkəmləndirməklə Yehovanın xalqı üçün əsil ruhlanma mənbəyidirlər. (Əyyub 12:12 ayəsini oxu.)

7. Yaşlı məsihçilər gənclərə necə kömək edə bilərlər?

7 Siz öz potensialınızdan daha necə istifadə edə bilərsiniz? Siz gənclərə Müqəddəs Kitab öyrənməsinə başlamağın və onu keçirməyin üsulunu göstərə bilərsiniz. Yaxud bir bacı kimi, gənc analara uşaqlarını tərbiyələndirərkən ruhani tapşırıqları yerinə yetirməkdə kömək edə bilərsiniz. Ya da bir qardaş kimi, gənc qardaşlara şövqlə çıxış etməyi və xoş xəbərin təbliğində daha effektiv olmağı öyrədə bilərsiniz. Ahıl yaşda olan bacı-qardaşları ruhlandırmaq üçün necə baş çəkdiyinizi gənc qardaşlara göstərə bilərsiniz. Bütün bunları etməyə gücünüz çatmasa da, gənclərə təlim vermək üçün gözəl imkanlarınız var. Allahın Kəlamında deyilir: «Gəncləri qüvvəti şərəfləndirər, ağ saçlar qocalara zinət verər» (Sül. məs. 20:29).

DAHA ÇOX TƏLƏBAT OLAN YERDƏ XİDMƏT EDİN

8. Həvari Pavel yaşlı vaxtında nələr etmişdi?

8 Həvari Pavel yaşlı vaxtında Allaha xidmət etmək üçün özünün bütün potensialından istifadə etmişdi. Eramızın təxminən 61-ci ilində Romada azadlığa buraxılana kimi Pavel artıq uzun illər asan olmayan səyyar xidmətdə təcrübə toplamışdı və o, Romada məskunlaşıb təbliğini davam etdirə bilərdi (2 Kor. 11:23—27). Bu böyük şəhərdə yaşayan qardaşlar, şübhəsiz, onun daimi dəstəyini qiymətləndirəcəkdilər. Lakin Pavel gördü ki, digər ərazilərdə daha çox tələbat var. Timotey və Titusla birlikdə səyyar fəaliyyətinə davam etdi, Efesə, oradan Kritə, sonra isə, ola bilsin, Makedoniyaya səyahət etdi (1 Tim. 1:3; Tit. 1:5). Biz bilmirik, o, İspaniyaya getdi ya yox, ancaq o, bunu planlaşdırırdı (Rom. 15:24, 28).

9. Peter xidmət etmək üçün tələbat olan əraziyə nə vaxt köçmüşdü? (Məqalənin əvvəlindəki şəklə bax.)

9 Həvari Peter tələbat olan əraziyə köçəndə, ola bilsin, yaşı 50-dən çox idi. Bunu nəyə əsasən deyə bilərik? Əgər o, İsanın həmyaşıdı, yaxud yaşda ondan bir az böyük idisə, deməli, eramızın 49-cu ilində Yerusəlimdə digər həvarilərlə görüşəndə o, təxminən 50 yaşlarında olardı (Həv. iş. 15:7). Bu görüşdən bir qədər sonra Peter, çox ehtimal ki, Babildə yaşayan çoxsaylı yəhudilərə təbliğ etmək üçün ora köçdü (Qalat. 2:9). O, eramızın təxminən 62-ci ilində ilk ilhamlanmış məktubunu yazarkən orada yaşayırdı (1 Pet. 5:13). Yad ölkədə yaşamaq çətin olsa da, Peter yol vermədi ki, yaşının çox olması Yehovaya tam şəkildə xidmətin gətirdiyi sevinci əlindən alsın.

10, 11. Robert və arvadı yaşlı vaxtlarında hansı addımları atdılar?

10 Bu gün 50 və ondan yuxarı yaşda olan bir çox məsihçilər şəraitlərinin dəyişdiyini görüb Yehovaya yeni üsullarla xidmət edirlər. Bəziləri tələbat olan ərazilərə köçmüşlər. Robertlə həyat yoldaşı da qarşılarında çoxlu yeni imkanlar açıldığını anlayanda təxminən 55 yaşında idilər. Robert yazır: «Bizim cəmi bir oğlumuz var, o da ayrı yaşayır və artıq öhdəmizdə qayğısına qalmalı olduğumuz valideynlərimiz yoxdur, üstəlik, bizə balaca bir miras qalıb. Mən hesabladım ki, evimizi satsaq, onun pulu ilə borcumuzu ödəyə və əmək təqaüdünə çıxana kimi dolana bilərik. Biz eşitdik ki, Boliviyada Müqəddəs Kitabı öyrənmək istəyən insanlar çox, orada yaşamağın xərci isə azdır. Buna görə də ora köçmək qərarına gəldik. Yeni evimizə alışmaq elə də asan olmadı. Hər şey Şimali Amerikadakı şəraitimizdən olduqca fərqlənirdi. Amma verdiyimiz qurbanların əvəzini artıqlaması ilə aldıq».

11 Robert əlavə edir: «İndi biz bütün vaxtımızı ancaq yığıncağın işlərinə sərf edirik. Müqəddəs Kitabı öyrətdiyimiz insanlardan bəziləri artıq vəftiz olunublar. Biz həmçinin bir neçə kilometr aralıda yerləşən kənddə kasıb bir ailə ilə Müqəddəs Kitab öyrənməsi keçirirdik. Amma bu ailənin hər bir üzvü hər həftə yığıncaqda iştirak etmək üçün çətin yol qət edir. Bu ailənin ruhani inkişafını və hətta böyük oğulun pioner xidmətinə başladığını görmək olduqca sevindiricidir».

ƏCNƏBİDİLLİ ƏRAZİLƏRDƏ TƏLƏBAT

12, 13. Təqaüdə çıxdıqdan sonra yeni xidmət növündə iştirak edən məsihçinin nümunəsini danışın.

12 Əcnəbidilli yığıncaqlar və qruplar yaşlı bacı-qardaşların nümunəsindən çoxlu fayda əldə edə bilərlər. Həmçinin belə ərazidə xidmət etmək böyük sevinc gətirə bilər. Məsələn, Böyük Britaniyadan olan Brayn yazır: «65 yaşımda təqaüdə çıxanda arvadımla mən rahat nəfəs ala bildik. Uşaqlarımız artıq bizimlə yaşamırdı və Müqəddəs Kitabı öyrənmək istəyən insanları tək-tük hallarda tapırdıq. Bir müddətdən sonra mən yerli universitetdə tədqiqat aparan gənc bir çinli ilə rastlaşdım. O, yığıncağa gəlmək dəvətini qəbul etdi və mən onunla Müqəddəs Kitabı araşdırmağa başladım. Bir neçə həftədən sonra o, bir çinli əməkdaşını özü ilə gətirməyə başladı. İki həftədən sonra ikinci, daha sonra isə üçüncü əməkdaşını gətirdi.

13 Elə həmin vaxtlar beşinci çinli tədqiqatçı Müqəddəs Kitabı öyrənmək istədiyini bildirdi. Mən öz-özümə fikirləşdim: “65 yaşımın olması heç də o demək deyil ki, Yehovaya xidmətdən də təqaüdə çıxmalıyam”. Bu səbəbdən, məndən iki yaş kiçik olan həyat yoldaşımdan çin dilini öyrənmək istəyib-istəmədiyini soruşdum. Biz kursa yazıldıq. Bunun üstündən on il keçib. Əcnəbidilli ərazidə xidmət etməklə özümüzü yenidən gənc hiss etməyə başladıq. Bu qədər vaxt ərzində biz 112 çinli ilə Müqəddəs Kitabı araşdırmışıq. Onların əksəriyyəti yığıncaq görüşlərində iştirak edir. Onlardan biri hal-hazırda bizimlə birgə pioner kimi xidmət edir».

Ola bilsin, siz o qədər də qoca deyilsiniz ki, xidmətinizi genişləndirə bilməyəsiniz (12, 13-cü abzaslara bax)

GÜCÜNÜZ ÇATANI EDİN

14. Yaşlı məsihçilər nəyi unutmamalıdırlar və Pavelin nümunəsi onları necə ruhlandıra bilər?

14 Yaşı 50-ni keçmiş bütün məsihçilərin Yehovaya xidmətdə yeni işlər görmək imkanı olmur. Onlardan bəzilərinin sağlamlığı əl vermir, digərlərinin himayəsində yaşlı valideynləri və ya uşaqları var. Amma unutmayın ki, Yehova Ona xidmətdə göstərdiyiniz hər bir səyi qiymətləndirir. Buna görə də gücünüz çatmayan şeylərə görə özünüzü yeyib-bitirməyin, əksinə, gücünüz çatanı edin. Həvari Pavelin nümunəsi üzərində düşünün. O, illər ərzində ev dustağı olub və təbliğ səyahətlərini davam etdirə bilməyib. Bununla belə, o, yanına gələn hər bir adamla Müqəddəs Yazılar barədə söhbət edir və imanlarını möhkəmləndirirdi (Həv. iş. 28:16, 30, 31).

15. Nə üçün ahıl yaşda olan məsihçilər olduqca dəyərlidir?

15 Yehova ahıl yaşda olan məsihçilərin də Ona xidmətdə etdiklərini qiymətləndirir. Süleyman yaşlılığın özü ilə gətirdiyi pis günlərin heç də həyatın ən yaxşı anları olmadığını desə də, ahıl yaşda olan məsihçilərin Ona həmd etmək üçün gördükləri hər bir iş Yehova üçün dəyərlidir (Luka 21:2—4). Yığıncaqdakı bacı-qardaşlar uzun illər Yehovaya sədaqətlə xidmət edənləri qiymətləndirir.

16. Yaşlı Annaya hansı imkanları dadmaq nəsib olmamışdı, amma o, Allaha ibadətdə nə edə bilmişdi?

16 Müqəddəs Kitabda Anna adlı yaşlı bir qadının Yehovaya sədaqətlə həmd etdiyindən bəhs edilir. İsa doğulanda bu dul qadının 84 yaşı vardı. Görünür, onun ömrü İsanın davamçısı olmağa, müqəddəs ruhla məsh edilməyə və ya Padşahlıq haqqında xoş xəbərin təbliğçisi olmağa çatmadı. Bununla belə, Anna gücü nəyə çatırdısa, onu edirdi. «O, heç vaxt məbəddən ayrılmır... gecə-gündüz ibadət edirdi» (Luka 2:36, 37). Kahin hər səhər və axşam məbəddə buxur təqdim edəndə Anna xalqla birgə məbədin iç həyətində durub, ehtimal ki, yarım saat ürəyində dua edirdi. O, körpə İsanı görəndə «Yerusəlimin qurtuluşunu gözləyənlərə uşaq haqqında danışmağa başladı» (Luka 2:38).

17. Yaşlı və taqətdən düşmüş məsihçilərə həqiqi ibadəti dəstəkləməyə necə kömək edə bilərik?

17 Bu gün biz yaşlı və taqətdən düşmüş məsihçilərə kömək etməyə hazır olmalıyıq. Bəziləri yığıncaq görüşlərində və konqreslərdə iştirak etməyi ürəkdən istəsələr də, onlar bunu həmişə edə bilmirlər. Bəzi yerlərdə bu cür yaşlı bacı-qardaşların yığıncaq görüşlərinə telefon vasitəsilə qulaq asması üçün tədbirlər görülür. Digər yerlərdə isə bu, mümkün olmaya bilər. Hər bir halda yığıncaq görüşlərinə gələ bilməyənlər həqiqi ibadəti dəstəkləyə bilərlər. Məsələn, onların duaları yığıncağın çiçəklənməsinə kömək edə bilər. (Məzmur 92:13, 14 ayələrini oxu.)

18, 19. a) Nə üçün yaşlı məsihçilər başqalarını nə qədər ruhlandırdıqlarını ağıllarına belə gətirə bilməzlər? b) «Səni yaradanı xatırla», — məsləhətinə kimlər əməl edə bilər?

18 Yaşlı məsihçilər başqalarını nə qədər ruhlandırdıqlarını ağıllarına belə gətirə bilməzlər. Məsələn, Anna uzun illər ərzində məbəddə sədaqətlə xidmət etsə də, heç ağlına belə gətirə bilməzdi ki, əsrlər sonra onun nümunəsi başqalarını ruhlandıracaq. Annanın Yehovaya olan məhəbbəti Müqəddəs Yazılarda qələmə alınıb. Şübhəsiz, sizin də Allaha məhəbbətiniz həmimanlılarınızın ürəklərinə həkk edilir. Allahın Kəlamında: «Ağaran saçlar şərəf tacıdır, salehlik yolunun qazancıdır», — sözlərinin yazılması heç də təəccüblü deyil (Sül. məs. 16:31).

19 Yehovaya xidmətdə hər birimizin öz məhdudiyyətləri var. Bununla belə, qoy canında gücü olan hər bir kəs bu ilhamlanmış sözləri ürəyinə həkk etsin: «Pis günlər gəlməzdən qabaq... səni Yaradanı xatırla» (Vaiz 12:1).