Kontentə keç

Mündəricatı göstər

BİOQRAFİYA

Gəncliyində verdiyi qərara görə peşman deyildi

Gəncliyində verdiyi qərara görə peşman deyildi

ATAMIN dayısı Nikolay Dubovinski xidmətdə keçirdiyi ömrünün həm xoş, həm də sərt günlərini həyatının son illərində qələmə almışdı. Sovet İttifaqındakı qadağalar ucbatından yaşadığı ağrı-acılara baxmayaraq, o, həmişə əqidəsinə sadiq qalmış və Yehovanın işinə can qoymuşdu. Nikolay dayı çox istəyirdi ki, gənclər onun həyat hekayəsi ilə tanış olsun. Buna görə də mən onun həyatından bəzi məqamları danışmaq istəyirəm. O, 1926-cı ildə Ukraynanın Çernivtsi əyalətinin Podvirivka kəndində sadə kəndli ailəsində dünyaya göz açmışdı.

NİKOLAY DAYI HƏQİQƏTİ TAPIR

Nikolay dayı danışır: «1941-ci il idi. Günlərin bir günü böyük qardaşım İvan evə “Allahın arfası”, “Allahın əsrlər planı” kitabını, bir neçə “Gözətçi qülləsi” jurnalı və buklet gətirdi. Mən onların hamısını oxudum. Dünyadakı zülm-sitəmin Allahdan yox, Şeytandan olduğunu biləndə təəccübləndim. Bu ədəbiyyatlarla bir yerdə İncili də oxuyurdum. Beləcə, başa düşdüm ki, həqiqəti tapmışam. Başladım böyük şövqlə Padşahlığa olan ümidim barədə başqalarına danışmağa. Bu nəşrləri araşdırdıqca həqiqəti daha yaxşı başa düşürdüm və Yehovanın xidmətçisi olmaq arzusu ilə alışıb-yanırdım.

Mən başa düşürdüm ki, etiqadıma görə əziyyət çəkəcəyəm. Müharibə gedirdi. Qərara almışdım ki, heç kəsi öldürməyəcəyəm. Qarşıdakı sınaqlara özümü hazırlamaq üçün başladım Müqəddəs Kitabdan Mətta 10:28, 26:52 və başqa ayələri əzbərləməyə. Qarşıma məqsəd qoydum ki, ölüm bahasına olsa belə, Yehova Allaha sadiq qalım!

1944-cü ildə 18 yaşım tamam oldu və məni hərbi xidmətə çağırdılar. Birinci dəfə həmimanlılarımla məhz o zaman görüşdüm. Əsgərlik yaşına çatmış digər gənc qardaşlar da hərbi hissəyə gəlmişdilər. Biz qətiyyətlə bildirdik ki, müharibədə iştirak edən deyilik. Qəzəbdən od püskürən hərbiçilər bizi ac qoymaqla, səngər qazdırmaqla və güllələməklə hədələyirdilər. Biz qorxmadan dedik: “Biz sizin əlinizdəyik. Nə istəyirsiniz edin, onsuz da biz Allahın əmrini pozub adam öldürən deyilik” (Çıx. 20:13).

İş elə gətirdi ki, məni iki qardaşla birlikdə Belarusiyaya tarlada işləməyə və dağılmış evləri təmir etməyə göndərdilər. Minskin ətraf rayonlarında olan dəhşətli xarabalıqlar indiyədək gözümün qabağındadır. Yolların kənarındakı ağacların hamısı yanıb qaralmışdı. Xəndəklər, meşələr cəsədlərlə və atların şişmiş leşi ilə dolu idi. Hərdən qarşımıza boş vaqonlar, artilleriya və hətta təyyarə qalıqları çıxırdı. Öz gözümlə görürdüm ki, Allahın əmrini pozmaq nəyə gətirib çıxarır.

Müharibə 1945-ci ildə qurtardı. Lakin vuruşmadığımız üçün bizə on il həbs cəzası kəsildi. İlk üç il ərzində nə dindaşlarımızla ünsiyyət edirdik, nə də ki, əlimiz ruhani qidaya çatırdı. Biz bəzi bacılarla məktubla əlaqə saxlayırdıq. Ancaq sonra onları da tutub 25 illik əmək düşərgəsinə göndərdilər.

1950-ci ildə biz həbsdən azad olub evə qayıtdıq. Mən həbsdə olanda anam və kiçik bacım Mariya Yehovanın Şahidi olmuşdu. Böyük qardaşlarım isə hələ Yehovanın Şahidi deyildilər, lakin Müqəddəs Kitabı öyrənirdilər. Mən təbliğ işində fəal olduğum üçün Sovet təhlükəsizlik orqanları məni yenidən həbs etmək istəyirdi. O vaxt ədəbiyyatlar gizlin hazırlanırdı. Məsul qardaşlar məndən xahiş etdilər ki, onlara kömək edim. Onda mənim 24 yaşım var idi.

ƏDƏBİYYATLARIN HAZIRLANMASI

Şahidlər tez-tez deyirdilər: “Padşahlıq işini yerin üstündə görməyə qoymurlarsa, yerin altında edərik” (Məs. 28:28). Həmin vaxt bizim çap işlərimizin çoxu zirzəmilərdə gedirdi. Mənim ilk iş otağım böyük qardaşım Dimitrinin evində olan zirzəmidə idi. Hərdən iki həftə dalbadal zirzəmidən çıxmırdım. Bir də görürdün otaqda oksigen çatışmadığından kerosin lampası sönürdü. Onda uzanıb gözləyirdim ki, otağa oksigen dolsun.

Nikolay qardaşın ədəbiyyatları çap etdiyi zirzəminin sxemi

Bir gün birlikdə işlədiyimiz bir qardaş məndən soruşdu: “Nikolay, sən vəftiz olunmusan?” Baxmayaraq ki, 11 il idi Yehovaya xidmət edirdim, amma hələ vəftiz olunmamışdım. O, bu barədə mənimlə söhbət etdi və elə həmin gecə, 26 yaşımda göldə vəftiz olundum. Üç ildən sonra mənə əlavə məsuliyyətlər verdilər və mən ölkə komitəsinin üzvü oldum. Həmin vaxt azadlıqda olan qardaşları həbsdə olunanların yerinə təyin edirdilər, beləcə, Padşahlıq işi davam edirdi.

ZİRZƏMİDƏ ÇƏTİNLİKLƏR

Zirzəmidə işləmək həbsxanadan çətin idi. Milli Təhlükəsizlik Komitəsindən gizlənmək üçün yeddi il yığıncaqlara getmədim. Var gücümlə çalışırdım ki, ruhaniliyimi itirməyim. Ailə üzvlərimi ayda-ildə bir dəfə, onlara baş çəkəndən-çəkənə görürdüm. Həmişə iynə üstündə otururdum, gözdə-qulaqda idim. Artıq gücüm qalmamışdı. Biz hər vəziyyətə hazır olmalı idik. Məsələn, bir axşam iki nəfər milis mənim qaldığım evə gəldi. Evin o biri tərəfindəki pəncərədən tullanıb meşəyə qaçdım. Açıqlığa çıxanda qulağıma qəribə vıyıltı səsləri gəldi. Güllə səsləri eşidəndə başa düşdüm ki, sən demə, vıyıltı güllənin vıyıltısı imiş. Həmin milislərdən biri atla mənim dalımca düşmüşdü. O, gülləsi qurtarana qədər mənə atəş açdı. Güllənin biri qoluma dəydi. Beş kilometrlik qaça-qovandan sonra nəhayət ki, meşədə gizlənə bildim. Sonralar məhkəmə vaxtı öyrəndim ki, mənə 32 dəfə atəş açıblar.

Vaxtımın çoxunu zirzəmidə keçirdiyimdən rəngim solğun idi. Bu da məni ələ verirdi. Buna görə də əlimə imkan düşən kimi özümü günə verirdim. Zirzəmidə yaşamaq sağlamlığıma da təsir etmişdi. Bir dəfə ağzımdan, burnumdan qan elə açıldı ki, qardaşlarla vacib görüşə gedə bilmədim.

NİKOLAY HƏBS OLUNUR

Mardoviyadakı əmək düşərgəsi, 1963-cü il

1957-ci il yanvarın 26-da mən həbs olundum. Altı aydan sonra Ukraynanın Ali məhkəməsi hökmü elan elədi. Mənə güllələnmə hökmü kəsilmişdi. Amma ölkədə ölüm cəzası ləğv edildiyindən hökm 25 illik həbs cəzası ilə əvəz olundu. Mən də daxil olmaqla səkkiz qardaşa ümumilikdə 130 il əmək düşərgəsində həbs cəzası kəsdilər. Bizi Mordoviyadakı düşərgəyə göndərdilər. Orada təxminən 500 Şahid var idi. Biz gizlincə kiçik dəstələr şəklində yığışıb “Gözətçi qülləsi” jurnalını araşdırırdıq. Bir dəfə gözətçi jurnalları əlimizdən aldı, onları nəzərdən keçirəndən sonra dedi: “Bu jurnalları oxusanız, sizə batmaq olmayacaq”. Biz öhdəmizə düşən işi həmişə vicdanla görürdük, çox vaxt ondan da artığını edirdik. Amma düşərgənin böyüyü giley-güzar edirdi: “Bizə sizin gördüyünüz iş lazım deyil. Biz istəyirik ki, siz vətənə sədaqətlə xidmət edəsiniz”».

«Biz öhdəmizə düşən işi həmişə vicdanla görürdük, çox vaxt ondan da artığını edirdik»

QƏTİYYƏTİ HEÇ VAXT AZALMADI

Velikiye Lukidə ibadət evi

1967-ci ildə əmək düşərgəsindən buraxılandan sonra Nikolay dayı Estoniyada və Rusiyanın Sankt-Peterburq şəhərində yığıncaqlar təşkil etməyə kömək edirdi. 1991-ci ilin əvvəlində cinayətin işlənməsinə kifayət qədər sübut olmadığından 1957-ci ildə çıxarılan hökm ləğv olundu. Həmin vaxt hakimiyyət orqanları tərəfindən sərt rəftara məruz qalan bir çox Şahidlərə bəraət qazandırıldı. 1996-cı ildə Nikolay dayı Sankt-Peterburqdan 500 kilometr aralıda yerləşən Pskov vilayətinin Velikiye Luki şəhərinə köçdü. O, özünə balaca ev aldı və 2003-cü ildə onun mülkündə ibadət evi tikdilər. Bu gün orada iki yığıncaq toplaşır.

Mən yoldaşımla birlikdə Yehovanın Şahidlərinin Rusiyadakı filialında xidmət edirəm. Nikolay dayı ölümündən bir neçə ay əvvəl 2011-ci ilin mart ayında bizə gəlmişdi. Onun sözləri bizə çox güclü təsir etmişdi. O, gözləri işıq saçaraq demişdi: «Hər şey onu göstərir ki, Əriha ətrafında yeddinci yürüş başlayıb» (Yuş. 6:15). Onun 85 yaşı var idi. Keşməkeşli ömür sürsə də, Nikolay dayı öz həyatını belə təsvir edirdi: «Mən çox xoşbəxtəm ki, gəncliyimdə Yehovaya xidmət etmək qərarını verdim. Heç vaxt buna görə peşman olmamışam!»