Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU NARAHATÇILIQLAR VƏ ONLARIN HƏLLI

Bəşəriyyət narahatçılığın ağuşunda

Bəşəriyyət narahatçılığın ağuşunda

«Mağazaya ərzaq almağa getmişdim, ancaq təkcə şirniyyat qalmışdı, o da od qiymətinə. Səhərisi gün isə orda ümumiyyətlə heç nə tapmadım» (Pol, Zimbabve).

«Ərim məni əyləşdirib dedi ki, bizi atıb gedəcək. Mən bu xəyanətə necə dözəcəyəm? Bəs uşaqlarımın axırı necə olacaq?» (Canet, Birləşmiş Ştatlar).

«Həyəcan təbili çalınanda mən gizlənmək üçün qaçdım və raketlər partlayan zaman yerə uzandım. Üstündən xeyli vaxt keçəndən sonra da əllərim tir-tir əsirdi» (Alona, İsrail).

Bəli, biz narahatçılıqlarla dolu son dərəcə çətin bir vaxtda yaşayırıq (2 Timutiyə 3:1). Kimsə iqtisadi böhrandan əziyyət çəkir, kiminsə ailəsi dağılır, elələri də var ki, müharibələrin, ölümcül xəstəliklərin, təbii və ya insanların törətdiyi fəlakətlərin qurbanı olur. Bu azmış kimi, daxili narahatçılıqlar da insanları rahat buraxmır: «Görəsən, bədənimdə tapdığım şiş böyüyüb xərçəngə çevrilməyəcək ki? Nəvələrim böyüyəndə dünyada vəziyyət nə yerdə olacaq?»

Ancaq müəyyən narahatçılıq keçirmək heç də pis deyil. Məsələn, biz imtahandan, təqdimatdan qabaq və ya işə düzəlməyə gedəndə narahatçılıq keçiririk. Təhlükə qorxusu bizi xata-baladan qoruyur. Lakin həddən artıq və daimi narahatçılıq insanın axırına çıxa bilər. 68 000-dən çox insan arasında keçirilən bir sıra tədqiqatlar nəticəsində məlum olub ki, insanın hətta az da olsa, uzun sürən narahatçılıq keçirməsi vaxtsız ölümə gətirib çıxarır. İsa peyğəmbər əbəs yerə deməyib: «Hansınız qayğı çəkməklə ömrünü bir qarış da olsa, uzada bilər?» Bəli, narahatçılıq keçirməklə hələ heç kim ömrünü uzatmayıb. Bu səbəbdən İsa peyğəmbər məsləhət görür: «Daha qayğı çəkməyin» (Mətta 6:25, 27). Axı bu, necə mümkündür?

Ağılla davranmağın, Allaha əsil iman yetişdirməyin və gələcəyə ümidlə baxmağın sayəsində narahatçılıqdan azad olmaq mümkündür. Bu gün çətinliyimiz yoxdursa, o demək deyil ki, heç vaxt olmayacaq. Gəlin görək bu addımları atmaq Pol, Canet və Alonaya narahatçılıqdan azad olmağa necə kömək etdi.