Kontentə keç

Mündəricatı göstər

Can-dildən çalışan piliqrimlər Çarlz qardaşın əməkdaşları arasında idilər

Yüz il əvvəl: 1916

Yüz il əvvəl: 1916

1916-cı ilin əvvəlləri idi. Artıq bir ildən çox idi ki, Birinci Dünya müharibəsi tüğyan edirdi. Hər iki tərəfdən itkilər var idi.

«Gözətçi qülləsi»nin 1916-cı il 1 yanvar sayında şərh olunur: «Böyük Avropa müharibəsi insanların çoxunun dinə üz tutmasına və gələcəyə görə narahatçılıq keçirməsinə səbəb oldu». Məqalədə həmçinin deyilir: «Gəlin məsuliyyətimizə və imkanlarımıza ciddi yanaşaq. Bizdə qorxaqlıq ruhu olmamalıdır. Allah və Onun xəbəri naminə canfəşanlıq göstərməliyik».

1916-cı ilin ayəsi bacı-qardaşları «imanda möhkəm durmağa» səsləyirdi (Rom. 4:20, «Kral Yakovun Müqəddəs Kitabı»). Müqəddəs Kitab Tədqiqatçıları məhz bu cür də davrandılar və Yehovadan bol-bol nemət aldılar.

Bacı-qardaşları ruhlandıran piliqrimlər

Gözətçi qülləsi Cəmiyyətinin piliqrimləri (səyyar nəzarətçilər) şəhərbəşəhər gəzərək iman bacı-qardaşlarını ruhlandırır və onlara təlim verirdilər. 1916-cı ildə bu iş üçün ən azı 69 piliqrim, ümumilikdə, bir milyon kilometrə yaxın yol qət etmişdilər.

Norfolkda (Virginiya) keçirilən böyük toplantıda Uolter Torn adlı piliqrim öz nitqində məsihi mübarizəsini Birinci Dünya müharibəsinə bənzətmişdi: «Hesablamalara əsasən, hal-hazırda 20—30 milyon insan müharibədə iştirak edir... Amma bu dünyanın bilmədiyi başqa bir ordu da var. Bu, Ağanın əsgər ordusudur. Cədunun ordusu kimi, onlar da döyüşür, amma fiziki silahlarla deyil. Bu ordu həqiqət və salehlik yolunda döyüşür. Onlar iman uğrunda gedən şanlı mübarizədə şücaətlə vuruşurlar».

Müharibə şəraitində təbliğ işi

Fransada 1916-cı ilin ortalarında Birinci Somma vuruşmasında milyondan çox adam yaralanmış və ya qətlə yetirilmişdi. Fransanın digər ərazilərində olan zəhmətkeş qardaşlar müharibə şəraitinə baxmayaraq, qruplara və yığıncaqlara arxa-dayaq olurdular. «Gözətçi qülləsi» jurnalının 1916-cı il 15 yanvar sayında Cozef Lüfrenin məktubu dərc olunmuşdu. Alman qoşunları 1914-cü ildə Deneni (Fransa) işğal edəndə o, öz doğma şəhərini tərk etmək məcburiyyətində qalmışdı. Cozef cənuba, Parisə yola düşmüş və orada Müqəddəs Kitab Tədqiqatçılarının qrupu ilə əlaqə yaratmışdı. Bu, həmin şəhərdə olan yeganə qrup idi. Səhhəti zəif olsa da, o, bir müddət sonra bütün görüşləri keçirməyə başladı.

Sonralar Denendən qaçan Teofil Lekim Cozeflə əməkdaşlıq etməyə başladı. Teofil qardaş əvvəlcə Oşelə (Fransa) getdi. Orada «Gözətçi qülləsi» jurnalının məqalələrini tərcümə edib Fransanın zəbt edilməmiş ərazilərində yaşayan qardaşlara göndərməyə başladı. Oşeldəki hərbi məmurlar Teofil qardaşın gördüyü işdən şübhələndikləri üçün şəhəri tərk etməyə məcbur etdilər. Cozef qardaş Teofil qardaşın Parisə gəlməsinə duasının cavabı kimi baxırdı.

Onların Parisdəki işləri müvəffəqiyyətli oldu. Cozef qardaş bölüşür: «Qrupumuzda indi 45 nəfər var... Bir neçə nəfər həsr olunmağın gözəlliyini və böyük şərəf olduğunu artıq öz üzərində hiss edib. Onlar iri addımlarla ruhani cəhətdən qabağa gedirlər. Demək olar ki, hamı həftəlik şahidlik görüşünə gəlir».

Onlar bitərəf qaldılar

Müharibə uzandıqca qardaşlarımız bitərəf qalmaqla bağlı sınaqlarla üzləşirdilər. Böyük Britaniyada Hərbi xidmət haqqında qanun qəbul edildi. Qanuna əsasən, 18—40 yaş arası bütün kişilər hərbi xidmət keçməli idi. Ancaq Müqəddəs Kitab Tədqiqatçıları dözüm göstərərək bitərəfliklərini qorudular.

Məsələn, «Gözətçi qülləsi»nin 1916-cı il 15 aprel sayında Şotlandiyadan olan Uorden qardaşın məktubu çap olunmuşdu. O yazırdı: «Oğlumun birinin 19 yaşı var. O, hərbi xidmətdən imtina etməklə Ağamız naminə gözəl şahidlik edir. Hətta güllələnmək qorxusu olsa da, yenə də qərarından dönmək niyyətində deyil. Əminəm ki, Allah həqiqət və salehlik prinsiplərinə sadiq qalması üçün oğluma dayaq olacaq».

Edinburqdan (Şotlandiya) olan Ceyms Frederik Skot adlı cavan kitabpaylayan hərbi mükəlləfiyyəti yerinə yetirmədiyi üçün mühakimə olundu. Şahidləri dinlədikdən sonra məhkəmə qərar verdi ki, Ceyms qardaş «qanunla nəzərdə tutulmuş istisnaya düşür və günahsızdır».

Bununla belə, başqalarına güzəşt olunmadı. «Gözətçi qülləsi»nin 1916-cı il 15 oktyabr sayında bildirilirdi ki, sentyabr ayına qədər hərbi xidmətdən azad olmaları üçün ərizə yazan 264 qardaşın 23-ü qeyri-sıravi hərbi xidmətə göndərildi, qalanları isə yol tikmək və qazıntı kimi dövlət əhəmiyyətli işlərə cəlb olundu. Onların aralarında müxtəlif işgəncələrə məruz qalanlar da var idi. Hərbi xidmətdən yalnız beş qardaş azad olundu.

Çarlz Teyz Rassel vəfat edir

1916-cı il oktyabrın 16-sı o vaxt Müqəddəs Kitab Tədqiqatçılarına rəhbərlik edən Çarlz Teyz Rassel qardaş məruzə söyləmək üçün Birləşmiş Ştatların qərbinə yollandı. Bu, onun sonuncu səfəri oldu. 64 yaşlı Çarlz qardaş oktyabrın 31-i çərşənbə axşamı, günorta vaxtı Pampada (Texas) qatarda olarkən vəfat etdi.

Əksər qardaşlar Çarlz qardaşın yerinə heç kimi görmürdülər. «Gözətçi qülləsi»nin 1916-cı il 1 dekabr sayında onun vəsiyyəti dərc olunmuşdu. Orada qardaşın uzun illər rəhbərlik etdiyi iş barəsində arzuları öz əksini tapmışdı. Yenə də bir sual qalırdı: onu kim əvəz edəcək?

Bu sualın cavabı 1917-ci ildə keçirilən Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) illik görüşündə məlum olmalı idi. Görüşə gələnlər səs verdi, nəticələr yekdil idi. Ancaq bu birlik çox çəkmədi. Qarşıda qardaşları güclü sınaqlar gözləyirdi.