Kontentə keç

MÜQƏDDƏS KİTABIN BAXIŞI

Qumar

Qumar

Bəzi insanlar qumarı zərərsiz əyləncə hesab edir. Bəziləri isə onun zərərli vərdiş olduğunu deyir.

Qumar oynamaqda pis nə var?

İNSANLAR NƏ DEYİR?

Bir çox insan qanuni olduğu müddətdə qumarı zərərsiz əyləncə hesab edir. Bəzi qumar oyunları qanunidir, məsələn, dövlətin dəstəyi ilə olan lotoreyalar. Bunlar xalqın rifahı naminə keçirilir.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Müqəddəs Kitabda «qumar» sözünə rast gəlinmir. Bununla belə, oradakı bir sıra prinsiplər bizə kömək edir ki, Allahın qumarla bağlı nə düşündüyünü müəyyən edək.

Qumarın kökündə başqasının uduzduğu pulları qazanmaq dayanır. Bu isə Müqəddəs Kitabın növbəti məsləhətinə ziddir: «Özünüzü hər cür tamahkarlıqdan qoruyun» (Luka 12:15). Həqiqətən də qumar oynamağın kökündə tamahkarlıq durur. Qumar şirkətləri udmaq ehtimalının nə qədər az olduğunu nəzərə çarpdırmadan qazanılacaq böyük məbləğdə pulları reklam edirlər. Çünki onlar bilirlər ki, insanlar varlanmaq üçün qumarxanalarda böyük məbləğdə pullar qoymağa hazırdılar. Qumar insana tamahkarlığa qarşı durmağa kömək eləmir, əksinə asan yolla pul qazanmaq arzusunu alovlandırır.

Qumarın kökündə xudbin bir istək dayanır: başqalarının uduzduğu pulların hesabına pul qazanmaq. Amma Müqəddəs Kitab bizi təşviq edir: «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24). Digər bir ayədə isə belə deyilir: «Heç kimin heç nəyində... gözünüz olmasın» (Çıxış 20:17). Qumar oynayanlar oyunu udmağa çalışanda, əslində, ümid edirlər ki, başqaları pullarını uduzacaq.

Müqəddəs Kitab bizi səsləyir ki, bəxtə bərəkət gətirən mistik qüvvə kimi baxmayaq. Qədim İsraildə bəzi insanların Allaha imanı olmadığından «bəxt allahına süfrə» açmağa başlamışdılar. Onların bəxt allahına bu cür münasibəti Yehovaya məqbul idi? Xeyr. Allah onlara demişdi: «Xoşlamadığım əməlləri görürdünüz, xoşuma gəlməyən şeyləri üstün tutdunuz» (Əşiya 65:11, 12).

Düzdür, dünyanın bəzi yerlərində qanuniləşdirilmiş qumardan gələn pullar təhsilə, iqtisadiyyatın inkişafına və digər sosial fəaliyyətlərə xərclənir. Amma bu pulların hara xərcləndiyi onun hansı yollarla qazanıldığı barədəki həqiqəti dəyişmir. Bu pullar açıq şəkildə tamahkarlığa və xudbinliyə səsləyən, müftə gəlir əldə etməyi vəd edən fəaliyyət növləri hesabına qazanılır.

«Heç kimin heç nəyində... gözünüz olmasın» Çıxış 20:17).

Qumarın insana mənfi təsiri

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Müqəddəs Kitabda belə bir xəbərdarlıq var: «Varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər, insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar» (1 Timutiyə 6:9). Qumar acgözlükdən qaynaqlanır. Acgözlük elə bir mənfi xüsusiyyətdir ki, Müqəddəs Kitabda qaçmalı olduğumuz xüsusiyyətlər arasında sadalanır (Efeslilərə 5:3).

Qumarın məqsədi müftə yolla varlanmaq olduğu üçün pulpərəstlik xüsusiyyətini alovlandırır. Müqəddəs Kitaba əsasən isə, «hər cür pisliyin kökü pulpərəstlikdir». Pul qazanmaq arzusu insanın həyatına büsbütün təsir edə bilər və nəticədə insan həddən artıq narahatlıq keçirə və Allaha imanını itirə bilər. Müqəddəs Kitabda məcazi dillə deyilir ki, pulpərəst insanlar «özlərini başdan-ayağa yaralamışlar» (1 Timutiyə 6:10, haşiyə).

Acgöz insanın gözləri doymur, maddi vəziyyətinə görə daima gileylənir və xoşbəxtliyi itir. «Gümüş sevən gümüşdən doymaz, var-dövlət sevən də qazancdan» (Vaiz 5:10).

Qumar oyunlarının cazibəsinə aldanan milyonlarla insan bir ayılıblar ki, qumar aludəçisinə çevriliblər. Bu problem çox geniş yayılıb. Ehtimal edilir ki, təkcə ABŞ-da milyonlarla insan qumar aludəçisidir.

Məsəllər 21:21 ayəsində deyilir: «Tamahla yiyələnmiş mirasın sonda xeyir-bərəkəti olmaz». Qumar oynayan insanların çoxu borca girib və ya iflas olub, işini, ailəsini, dostlarını itirib. Müqəddəs Kitab prinsiplərinə əməl etmək insanı qumarın mənfi təsirlərindən qoruyur və xoşbəxt həyat bəxş edir.

«Varlanmaq istəyənlər şirniklənib tələyə düşürlər, insanı fəlakətə və məhvə aparan bir çox mənasız və zərərli xəyallara qapılırlar» (1 Timutiyə 6:9).