Kontentə keç

Mündəricatı göstər

HİSSƏ 4

Vicdan əzabı. «Günahımdan pak et»

Vicdan əzabı. «Günahımdan pak et»

«Yeni işim dolanışığımızı yaxşılaşdırmışdı. Amma bu işə görə mən düzgün olmayan işlərlə məşğul olmağa başladım. Bayramları qeyd edir, siyasi tədbirlərdə iştirak edir, hətta kilsəyə gedirdim. Düz qırx il Yehovanın Şahidlərindən uzaq düşüb qeyri-fəal oldum. İllər ötdükcə özümü daha çox inandırırdım ki, Yehova məni bağışlayan deyil. Heç özüm də özümü bağışlaya bilmirdim. Axı yanlış yola həqiqəti bilə-bilə qədəm qoymuşdum» (Marta).

VİCDAN əzabı insan üçün ağır yükdür. Davud padşah yazmışdı: «Təqsirlərim başımdan aşır, sanki, ağır yükdür, daşımaq olmur» (Zəbur 38:4). Bəzi məsihilər hesab edir ki, Yehova onları heç vaxt bağışlamayacaq, buna görə də hədsiz kədərə qərq olurlar (2 Korinflilərə 2:7). Bu cür düşünmək nə dərəcədə düzgündür? Ola bilsin, sən ağır günahlar işləmisən. Bəs bu o deməkdirmi ki, artıq Yehovadan tamamilə uzaqlaşmısan və O, səni heç vaxt bağışlamayacaq? Bu, qətiyyən belə deyil!

«Gəlin aramızdakı məsələləri həll edək»

Yehova peşman olan bəndələrini atmır. Əksinə, onları axtarır. İsa Məsih avara oğul məsəlində Yehova Allahı həmin oğulun atası ilə müqayisə etmişdi. Məsəldəki oğul ailəsini tərk edib eyş-işrətə qurşandı. Amma bir müddət sonra evə qayıtmaq qərarına gəldi. «Hələ uzaqda ikən atası oğlunu görüb ona ürəyi yandı, qabağına qaçıb onun boynuna sarıldı və nəvazişlə öpdü» (Luka 15:11—20). Yəqin sən də Yehovaya yaxınlaşmaq istəyirsən, amma özünü Ondan çox uzaq sanırsan. İsanın məsəlindəki ata kimi, Yehova sənə şəfqətlə yanaşır. O, sənin qayıtmağını gözləyir.

Bəlkə, elə düşünürsən ki, günahların o qədər ciddidir, o qədər çoxdur ki, Yehova səni bağışlamaz? Onda Yehovanın Əşiya 1:18 ayəsində yazılan çağırışına diqqət yetir: «Gəlin aramızdakı məsələləri həll edək. Günahlarınız al-qırmızı olsa da, onları qar kimi ağappaq edəcəyəm». Bəli, Yehova hətta ağ paltardakı al-qırmızı ləkə kimi silinməz görünən günahları da bağışlamağa hazırdır.

Yehova istəmir ki, sən ömürbillah vicdan əzabı çəkəsən. Bəs onda Yehovanın səni bağışlaması və vicdanının təmizlənməsi üçün nə edə bilərsən? Davud padşah bunun üçün iki şey etmişdi. Birincisi, o demişdi ki, Yehovaya günahlarını açacaq (Zəbur 32:5). Unutma, Yehova Özü səni Ona dua etməyə və aranızdakı məsələləri həll etməyə dəvət edir. Bu, dəvəti qəbul et. Yehovanın qarşısında günahlarını etiraf et, ürəyini Ona boşalt. Davud öz şəxsi təcrübəsinə arxalanaraq demişdi: «Məni... günahımdan pak et... Çilik-çilik olmuş, peşman ürəyi rədd etməzsən, ey Allah» (Zəbur 51:2, 17).

İkincisi, Davud Yehovanın elçisi Natan peyğəmbərdən kömək almışdı (2 İşmuil 12:13). Bu gün də Yehova Allah yığıncaqda ağsaqqallar təyin edib və onlara təlim verib ki, tövbə edən həmimanlılarına Onunla münasibətlərini bərpa etməyə kömək etsinlər. Ağsaqqallara müraciət etsən, onlar sənə Müqəddəs Kitabdan ayələr oxuyacaq, sənin üçün dua edəcəklər. Bunun sayəsində qəlb rahatlığı tapacaqsan, mənfi hisslərdən qurtulacaqsan və yavaş-yavaş ruhani cəhətdən sağalacaqsan (Yaqub 5:14—16).

Yehova istəyir ki, sən vicdan əzabından qurtulub rahat nəfəs alasan

 

«Xoş o kəsin halına ki, asiliyi bağışlanır»

Düzdür, günahlarını Yehova Allahın qarşısında etiraf etmək, ağsaqqallara müraciət etmək sənə çox çətin gələ bilər. Görünür, Davud da eyni hissləri keçirirdi. O, bir müddət susmuş, günahlarını açıb deməmişdi (Zəbur 32:3). Ancaq sonra günahlarını boynuna almış, əməllərini düzəltmiş və bunun xeyrini görmüşdü.

Bunun ən böyük xeyri o idi ki, Davud yenidən sevinc tapmışdı. O yazmışdı: «Xoş o kəsin halına ki, asiliyi bağışlanır, günahı əfv olunur» (Zəbur 32:1). Həmçinin belə dua etmişdi: «Yehova, nə olar, dodaqlarımı aç, dilim Sənə təriflər söyləsin» (Zəbur 51:15). Bağışlandığı üçün vicdan əzabından qurtulan Davud Yehovaya minnətdar idi və bu, onu başqalarına Yehova haqda danışmağa sövq etmişdi.

Yehova sənin də vicdan əzabından qurtulub rahat nəfəs almağını istəyir. O istəyir ki, sən Onun haqqında, niyyətləri barədə başqalarına danışasan. Həm də bunu vicdan əzabı içində qovrularaq yox, ürəkdən, sevinclə edəsən (Zəbur 65:1—4). Unutma, Yehova sənin günahlarını bağışlamaq istəyir ki, Ondan sənə təravət mövsümü gəlsin (Həvarilərin işləri 3:19).

Marta ilə belə də oldu. O deyir: «Oğlum mənə həmişə “Gözətçi qülləsi” və “Oyanın!” jurnalını göndərirdi. Mən Yehova ilə yenidən tanış olmağa başladım. Geri qayıtmaqda ən çətin şey günahlarıma görə Allahdan əfv diləmək idi. Amma axırda dua edib Allaha yalvardım ki, məni bağışlasın. İnana bilmirəm ki, Yehovaya geri dönənə kimi düz 40 il keçdi. Bəli, hətta uzun illərdən sonra da insanın Yehovaya yenidən xidmət etmək, Ona qovuşmaq şansı var. Mən buna canlı sübutam».