Lukanın yazdığı müjdə 5:1—39

  • Möcüzəvi balıq ovu; ilk şagirdlər (1—11)

  • Cüzamlı adam sağalır (12—16)

  • İsa iflic olmuş adamı sağaldır (17—26)

  • İsa Lavini şagirdliyə dəvət edir (27—32)

  • Oruc barədə sual (33—39)

5  Bir dəfə İsa Gennesaret gölünün*+ sahilində durub Allahın sözünü xalqa öyrədirdi. Camaat qulaq asır və get-gedə onu sıxışdırırdı.  İsa gölün qırağında iki qayıq gördü. Balıqçılar qayıqlardan düşüb torlarını yuyurdular.+  O, qayıqlardan birinə mindi. Bu qayığın sahibi Şimon idi. İsa ondan xahiş etdi ki, qayığı sahildən bir az aralasın. Sonra qayıqda əyləşib camaatın qarşısında vəz etməyə başladı.  İsa sözünü bitirəndə Şimona dedi: «Qayığı dərin bir yerə sürüb torları suya atın».  Şimon isə dedi: «Müəllim, bütün gecəni əlləşmişik, amma bir şey tutmamışıq.+ İndi ki sən deyirsən, baş üstə, torları ataram».  Onlar belə etdikdə o qədər balıq tutdular ki, torları yırtılmağa başladı.+  Onlar o biri qayıqdakı yoldaşlarını işarə ilə köməyə çağırdılar. Yoldaşları yaxınlaşıb hər iki qayığı balıqla doldurdular. Qayıqlar o qədər doldu ki, ağırlıqdan batmağa başladı.  Bunu görən Şimon Butrus İsanın ayaqlarına yıxılıb dedi: «Ağa, mən günahlı adamam, sənə layiq deyiləm».  Çünki bir belə balıq tutduqlarına görə onu və yanındakıları heyrət bürümüşdü. 10  Şimonla bərabər işləyən Zəbədinin oğlanları+ Yaqub və Yəhya da heyrət içində idilər. Amma İsa Şimona dedi: «Qorxma! İndən belə adam ovlayacaqsan».+ 11  Onlar qayıqları sahilə çıxartdılar və hər şeyi qoyub İsanın ardınca getdilər.+ 12  Bir dəfə də İsa bir şəhərdə olanda başdan-ayağadək cüzam içində olan bir adamla rastlaşdı. Həmin adam İsanı görəndə onun qarşısında üzüqoylu yıxılıb yalvarmağa başladı: «Ağa, əgər istəsən, məni təmizləyə bilərsən».+ 13  İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm. Təmizlən». Həmin andaca o adamın cüzamı keçdi.+ 14  İsa ona tapşırdı ki, bu barədə heç kimə danışmasın. Ona dedi: «Ancaq get, özünü kahinə göstər və onlara şəhadət olsun deyə,+ Musanın əmr etdiyi kimi,+ təmizləndiyin üçün qurban gətir». 15  Lakin İsanın sorağı daha çox yayılırdı, onu dinləmək və azar-bezardan şəfa tapmaq üçün onun yanına izdihamlar gəlirdi.+ 16  İsa dua etmək üçün tez-tez çöllüyə gedirdi. 17  Günlərin bir günü İsa vəz edirdi. Yerusəlimdən, Cəlilənin və Yəhudiyyənin bütün kəndlərindən gəlmiş fərisilər və Qanun müəllimləri də orada əyləşmişdilər. Yehova ona insanlara şəfa vermək gücü vermişdi.+ 18  Həmin vaxt bir neçə adam iflic olmuş bir xəstəni xərəkdə ora gətirdi və onu içəri salıb İsanın qarşısına qoymaq istədi.+ 19  Lakin basabas olduğundan içəri girə bilmədilər, ona görə də dama çıxıb kirəmitləri qaldırdılar və xəstəni xərəkdəcə tavandan aşağı salladıb İsanın qarşısındakı adamların arasına qoydular. 20  Onların imanını görən İsa xəstəyə dedi: «Qardaş, günahların bağışlandı».+ 21  Mirzələr və fərisilər isə düşünməyə başladılar: «Bu kimdir ki, belə küfr danışır? Allahdan başqa kim günah bağışlaya bilər?»+ 22  İsa onların fikirlərini başa düşüb dedi: «Ürəyinizdə nə fikirləşirsiniz? 23  “Günahların bağışlandı” demək asandır, yoxsa “ayağa qalx, yeri”? 24  Ancaq siz insan Oğlunun yerdə günahları bağışlamağa səlahiyyəti olduğunu biləsiniz deyə...» İflic olmuş adama dedi: «Dur, xərəyi götür, evinə get».+ 25  Həmin adam dərhal ayağa qalxdı və xərəyi götürüb Allaha alqış oxuya-oxuya evinə yollandı. 26  Hamını heyrət bürüdü və onlar Allahı mədh etməyə başladılar. Onlar heyrət içində: «Biz hələ belə möhtəşəm şey görməmişik!» — deyirdilər. 27  Bundan sonra İsa çölə çıxıb Lavi adlı bir vergiyığanı gördü. O, vergi idarəsində oturmuşdu. İsa ona dedi: «Ardımca gəl».+ 28  O, hər şeyi qoyub ayağa qalxdı və İsanın ardınca getdi. 29  Lavi öz evində İsa üçün böyük ziyafət qurdu. Süfrə arxasında onlarla birlikdə çoxlu vergiyığan və başqa adamlar da var idi.+ 30  Fərisilər və onların mirzələri İsanın şagirdlərinə deyinməyə başladılar: «Niyə siz vergiyığanlarla, günahlılarla yeyib-içirsiniz?»+ 31  İsa onlara cavab verdi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır.+ 32  Mən salehləri yox, günahlıları tövbəyə çağırmağa gəlmişəm».+ 33  Onlar İsaya dedilər: «Yəhyanın və fərisilərin şagirdləri tez-tez oruc tutur, hərarətlə dualar edir, səninkilər isə yeyib-içir».+ 34  İsa onlara dedi: «Bəy yanlarında olarkən məgər onun dostlarını oruc tutmağa məcbur etmək olar? 35  Amma gün gələcək, bəyi+ aralarından götürəcəklər, bax o günlərdə onlar oruc tutacaqlar».+ 36  Sonra İsa onlara bir misal çəkdi: «Heç kim təzə paltardan kəsib köhnə paltara yamaq tikmir, belə etsə, təzə yamaq qopar. Təzə paltardan kəsilmiş yamaq köhnə paltara yaramır.+ 37  Həmçinin heç kim təzə şərabı köhnə tuluqlara tökmür. Belə etsə, təzə şərab köhnə tuluqları yırtıb yerə tökülər, tuluqlar da yararsız olar. 38  Təzə şərab təzə tuluqlara tökülməlidir. 39  Köhnə şərabı içən təzə şərab istəməz. “Köhnə şərab yaxşıdır”, — deyər».

Haşiyələr

Cəlilə dənizi.