Kontentə keç

Mündəricatı göstər

Din siyasətə qarışmalıdır?

Din siyasətə qarışmalıdır?

 Bütün dünyada İsa Məsihə iman etdiklərini deyən insanların bir çoxu dərindən siyasətlə məşğul olur. Bəziləri öz dini və əxlaq dəyərlərini təbliğ etmək üçün müəyyən namizədləri və ya siyasi partiyaları dəstəkləyir. Eyni zamanda siyasətçilər də dindar insanların rəğbətini qazanmaq üçün tez-tez mənəvi və sosial məsələlərdən istifadə edirlər. Dini liderlərin siyasi vəzifə almaq üçün namizədliklərini irəli sürməsi də nadir hal deyil. Bəzi ölkələrdə xristian dininin hansısa qolu hətta dövlət dini statusuna malikdir.

 Necə düşünürsünüz, İsa Məsihin davamçıları siyasətə qarışmalıdır? Cavabı tapmaq üçün İsanın nümunəsinə baxa bilərik. O demişdi: «Mən sizin üçün nümunə qoydum. Sizinlə necə davrandımsa, siz də bir-birinizlə elə davranın» (Yəhya 13:15). Siyasətə gəldikdə, İsa hansı nümunəni qoydu?

İsa siyasətə qarışırdı?

 Xeyr, İsa siyasətə qarışmırdı.

 İsa siyasi hakimiyyətə sahib olmağa çalışmırdı. Şeytan ona «dünyanın bütün səltənətlərini» təklif edəndə o, insan hökumətləri üzərində hakimiyyət sürməkdən imtina etdi (Mətta 4:8—10) a. Başqa bir vəziyyətdə İsanın liderlik xüsusiyyətlərini görən insanlar onu siyasətə cəlb etmək istədilər. Müqəddəs Kitabda deyilir: «İsa bilirdi ki, onlar onu zorla padşah etmək üçün gələcəklər. Buna görə də tək-tənha dağa qalxdı» (Yəhya 6:15). İsa xalqın iradəsinə boyun əymədi və siyasətə qarışmaqdan imtina etdi.

 İsa siyasi məsələlərdə heç kimin tərəfini tutmurdu. Məsələn, İsanın günlərində yəhudilər Roma hökumətinə vergi ödəməli olduqlarına görə narazı idilər və bunu haqsızlıq hesab edirdilər. Onlar İsanın bu məsələdə tərəf tutmasına çalışanda o, bu vergilərin ədalətli olub-olmadığına dair siyasi mübahisələrə qarışmadı. İsa onlara cavab verdi: «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin» (Mark 12:13—17). O, bu siyasi məsələdə bitərəfliyi qorudu, amma göstərdi ki, o zaman imperatoru təmsil edən Roma hakimiyyət nümayəndələrinin tələb etdiyi vergini ödəmək lazımdır. Eyni zamanda o göstərdi ki, dövlət hakimiyyətinə tabeçiliyin hüdudları var və mütləq sədaqət və ibadət də daxil olmaqla, müəyyən şeylər yalnız Allaha məxsusdur (Mətta 4:10; 22:37, 38).

 İsa səmavi hökumət — Allahın Padşahlığı haqqında təbliğ edirdi (Luka 4:43). İsa bilirdi ki, Allahın yer üzünə dair niyyətini insan hökumətləri deyil, Allahın Padşahlığı həyata keçirəcək. Ona görə də siyasətdən uzaq dururdu (Mətta 6:10). O bilirdi ki, Allahın səmavi hökuməti yerdəki hökumətlərdən istifadə etməyəcək, əksinə, onları əvəz edəcək (Dənyal 2:44).

Birinci əsrdəki məsihilər siyasətə qarışırdılar?

 Xeyr. İsanın davamçıları onun «siz dünyaya məxsus» olmamalısınız əmrinə itaət edirdilər (Yəhya 15:19). Onlar İsadan nümunə götürərək siyasətdən uzaq dururdular (Yəhya 7:16; 18:36). Siyasətə qarışmaq əvəzinə, onlar İsanın onlara tapşırdığı işi — Allahın Padşahlığı barədə təbliğ etmək işini yerinə yetirirdilər (Mətta 28:18—20; Həvarilərin işləri 10:42).

 Birinci əsrdə yaşayan məsihilər Allaha itaəti birinci yerə qoyurdular, amma onlar bilirdilər ki, yerdəki hökumətlərə də hörmət etməlidirlər (Həvarilərin işləri 5:29; 1 Butrus 2:13, 17). Onlar qanunlara itaət edir və vergiləri ödəyirdilər (Romalılara 13:1, 7). Onlar siyasətə qarışmasalar da, hökumətin təqdim etdiyi hüquqi müdafiə vasitələrindən və xidmətlərdən istifadə edirdilər (Həvarilərin işləri 25:10, 11; Filippililərə 1:7).

Bizim günlərdə məsihi bitərəfliyi

 Müqəddəs Kitabda açıq-aydın göstərilir ki, nə İsa, nə də onun birinci əsrdəki davamçıları siyasətə qarışmırdı. Bu səbəbdən məsihi olan Yehovanın Şahidləri də bütün dünyada bitərəfliklərini qoruyurlar. İsanın birinci əsrdəki şagirdləri kimi, onlar da onun əmr etdiyi işi görürlər, yəni Padşahlıq haqqında müjdəni bütün yer üzündə təbliğ edirlər (Mətta 24:14).

a İsa imtina edəndə Şeytanın belə bir təklif etmək səlahiyyətinin olduğunu mübahisələndirməmişdi. Sonralar o, Şeytanı «bu dünyanın hökmdarı» adlandırmışdı (Yəhya 14:30).