Kontentə keç

Mündəricatı göstər

İşinizi itirmisiniz? Sizə kömək edəcək Müqəddəs Kitab prinsipləri

İşinizi itirmisiniz? Sizə kömək edəcək Müqəddəs Kitab prinsipləri

 İnsan işini itirəndə bu, maddi durumu ilə yanaşı, onun ailə həyatına, emosional və mənəvi vəziyyətinə də mənfi təsir göstərir. Əgər siz də işsiz qalmısınızsa, vaxtın sınağından çıxmış aşağıdakı Müqəddəs Kitab prinsipləri sizə kömək edə bilər.

  •   Hisslərinizi içinizdə saxlamayın.

     Müqəddəs Kitabda deyilir: «Əsl dost hər zaman sevər» (Məsəllər 17:17).

     İşini itirən insan çarəsizlik, qəzəb, çaşqınlıq hiss edə və hətta düşünə bilər ki, heç nəyə yaramır. Amma ürəyinizi doğmalarınıza və yaxın dostlarınıza boşaltsanız, onlar sizə dayaq olacaqlar. Hətta, ola bilsin, yeni iş tapmağınız üçün məsləhətlər də verdilər.

  •   Həddən artıq narahat olmayın.

     Müqəddəs Kitabda deyilir: «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək» (Mətta 6:34).

     Müqəddəs Kitabda məsləhət görülür ki, müəyyən şeyləri qabaqcadan planlaşdıraq (Məsəllər 21:5). Eyni zamanda, Allahın Kəlamı bizə gələcəyə görə həddən artıq narahat olmamağı tövsiyə edir. İnsanlar, ola bilsin, heç vaxt baş verməyəcək şeylərin dərdini çəkməyə meyillidir. Amma yaxşısı budur, bugünkü günün qayğısını çəkək.

     Ola bilsin, indi siz stres keçirirsiniz. Müqəddəs Kitabda stresin öhdəsindən gəlməyə kömək edən məsləhətlər var. «Stressi dəf etməyin yolları» məqaləsini oxuyun.

  •   Büdcənizə lazımi dəyişikliklər edin.

     Müqəddəs Kitabda deyilir: «Mən kasıbçılığın da, firavanlığın da nə olduğunu bilirəm» (Filippililərə 4:12).

     Hazırkı vəziyyətinizə uyğunlaşın. Yeni büdcənizdən kənara çıxmamaq üçün xərcləri azaltmaq lazım gələcək. Zərurət olmadan borca girməyin (Məsəllər 22:7).

     «Daha az pulla necə dolanmaq olar?» məqaləsində indiki maddi vəziyyətinizə uyğunlaşmağa kömək edəcək məsləhətlər tapa bilərsiniz.

  •   Vaxtdan hikmətlə istifadə edin.

     Müqəddəs Kitabda deyilir: «Müdrik davranın və vaxtınızın qədrini bilin» (Koloslulara 4:5).

     İndi işə getməsəniz də, gündəlik rejimə riayət etməyə davam edin. Onda həyatınızda nizam-intizam olacaq və bu, özünəhörmət hissinizi artıracaq.

  •   Uyğunlaşın.

     Müqəddəs Kitabda deyilir: «Hər zəhmətdə fayda var» (Məsəllər 14:23).

     Əvvəllər gördüyünüz işdən fərqlənən işi görməyə hazır olun. Əvvəlki işinizlə müqayisədə aşağısəviyyəli görünən və maaşı daha az olan iş təkliflərini nəzərdən keçirməkdən imtina etməyin.

  •   Təslim olmayın.

     Müqəddəs Kitabda deyilir: «Toxumunu səhər çağı səp, axşama qədər qoy əlin boş durmasın, çünki bilmirsən əvvəlki cücərəcək, sonrakı cücərəcək, yoxsa hər ikisi» (Vaiz 11:6).

     Səbirlə iş axtarmağa davam edin. İş axtardığınızı qohumlarınıza, dost-tanışlarınıza, köhnə iş yoldaşlarınıza və qonşularınıza deyin. Məşğulluq agentliyinə müraciət edin, iş barədə elanları oxuyun, şirkətlərin saytlarında vakansiya bölməsinə baxın. Bilin ki, sizə çoxlu iş müsahibələrindən keçmək, çoxlu CV vermək və ya göndərmək lazım gələcək.