Kontentə keç

Mündəricatı göstər

Qida təhlükəsizliyi və sağlam qidalanmanın yeddi qaydası

Qida təhlükəsizliyi və sağlam qidalanmanın yeddi qaydası

 Nəyə görə nə yediyimizə fikir verməliyik?

 Sizin sağlamlığınız qismən qəbul etdiyiniz qidadan asılıdır. Əgər qida təhlükəsizliyinə riayət etsəniz və sağlam qidalansanız, səhhətiniz yaxşılaşacaq. Əks halda, keyfiyyətsiz yanacaq maşını xarab etdiyi kimi, zərərli qida da sizin səhhətinizdə, dərhal olmasa da, müəyyən vaxtdan sonra ciddi fəsadlara səbəb olacaq (Qalatiyalılara 6:7).

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyanın hər bir ölkəsi qeyri-səmərəli qidalanmanın bu və ya digər formasından əziyyət çəkir. Qeyri-səmərəli qidalanma dedikdə yalnız zəif qidalanma deyil, həm də artıq çəki və piylənməyə səbəb olan qidalanma nəzərdə tutulur. Qeyri-sağlam qida və içkilərdən tez-tez istifadə etmək ürək xəstəlikləri, insult, şəkər və xərçəng riskini artırır. Bir araşdırmaya əsasən, 2017-ci ildə qeyri-sağlam qidalanmadan 11 milyon insan ölüb. ÜST-ün hesablamalarına görə, çirklənmiş qida məhsullarından hər gün mindən çox insan ölür və yüz milyonlarla insanın səhhətinə ziyan dəyir.

 Müqəddəs Kitab bizə bu məsələlərə barmaqarası baxmamağı tövsiyə edir. Orada deyilir ki, Allah «həyat mənbəyi»dir (Zəbur 36:9). Həyat bir ənamdır və biz həm öz, həm də doğmalarımızın sağlamlığının qeydinə qalmaqla bu ənamı qiymətləndirdiyimizi göstəririk. Gəlin görək bunu necə etmək olar.

 Qida təhlükəsizliyinin dörd qaydası

 1. Təmizlik və gigiyena qaydalarına riayət edin.

 Nəyə görə? Çirklənmiş qida məhsullarında və suda olan təhlükəli mikroorqanizmlər a orqanizminizə düşə və xəstəliklərə səbəb ola bilər.

 Sağlamlıq üzrə mütəxəssislərin tövsiyələri:

  •   Yemək bişirməzdən əvvəl əllərinizi sabun və su ilə yuyun b. Əllərinizi ən azı 20 saniyə ərzində bir-birinə sürtün. Əllərinizin üstünü, barmaqlarınızın arasını və dırnaqlarınızın altını yaxşı-yaxşı yuyun. Sonra əllərinizi yaxalayıb yaxşıca qurulayın.

  •   Kəsmə lövhəsini və qidanın təmasda olduğu bütün qab-qaşığı yuyucu vasitə və su ilə yuyun. Bundan əlavə, eyni kəsmə lövhəsini bişirəcəyiniz və bişirməyəcəyiniz ərzaqlar üçün istifadə etməyin.

  •   Bütün meyvə-tərəvəzləri yuyun, üstəlik, əgər sizin ərazidə əkin sahələri nəcislə çirklənmiş su ilə sulanırsa, onları dezinfeksiya edin.

 2. Çiy və hazır ərzaqları ayrı saxlayın.

 Nəyə görə? Ət və onun suyu kimi çiy ərzaqlardakı mikroorqanizmlər digər ərzaqları çirkləndirir.

 Sağlamlıq üzrə mütəxəssislərin tövsiyələri:

  •   Bütün çiy ərzaqları, xüsusilə də əti hazır ərzaqlardan ayrı saxlayın, məsələn, mağazadan evə gətirəndə və evdə yerbəyer edəndə.

  •   Çiy əti doğrayandan sonra başqa ərzaqlara keçməzdən əvvəl əllərinizi, bıçağı və kəsmə lövhəsini yaxşıca yuyun.

 3. Bişirilərək yeyilən ərzaqları yaxşıca bişirin.

 Nəyə görə? Zərərli mikroorqanizmlər yalnız müəyyən yüksək temperaturda məhv olur.

 Sağlamlıq üzrə mütəxəssislərin tövsiyələri:

  •   Yeməyi qaynar olanadək hazırlayın. Ərzaqlar, o cümlədən ətin ən dərin qatları ən azı 30 saniyə ərzində 70 dərəcədə bişməlidir.

  •   Şorba və digər sulu yeməkləri qaynama dərəcəsinə çatdırın.

  •   Hazır yeməyi yeməzdən əvvəl buxar çıxanacan yaxşıca qızdırın.

 4. Ərzaqları düzgün temperaturda saxlayın.

 Nəyə görə? Ərzağı 20 dəqiqə ərzində müsbət 5—60 dərəcə selsiumda saxladıqda bakteriyaların sayı iki dəfə çoxalır. Çiy ət düzgün temperaturda saxlanılmadıqda bəzi bakteriyalar zəhərli maddələr ifraz edir və bu maddələr hətta ət bişəndən sonra da məhv olmur.

 Sağlamlıq üzrə mütəxəssislərin tövsiyələri:

  •   Mikroorqanizmlərin çoxalmasının qarşısını almaq və ya bu prosesi ləngitmək üçün yeməyi ilıq yox, soyuq və ya isti saxlayın.

  •   Yeməyi otaq temperaturunda iki saatdan çox saxlamayın. Otağın temperaturu 32 dərəcədən çoxdursa, onda onu bir saatdan çox saxlamaq olmaz.

  •   Yemək bişəndən sonra onu süfrəyə verənədək isti saxlayın.

 Sağlam qidalanmanın üç qaydası

 1. Hər gün müxtəlif meyvə-tərəvəz yeyin.

 Meyvə-tərəvəz sağlamlıq üçün vacib olan vitaminlərin, mineralların və digər maddələrin mənbəyidir. ÜST-ün verdiyi məlumata görə, insan orqanizminə gündə ən azı 400 qram meyvə-tərəvəz lazımdır. Bura kartof kimi nişastalı meyvəköklülər daxil deyil.

 2. Piy və yağı qədərində yeyin.

 ÜST qızardılmış yeməklərdən, mağazalarda satılan dondurulmuş və hazır yeməklərdən, yarımfabrikatlardan və fastfuddan daha az istifadə etməyi tövsiyə edir, çünki onların tərkibində çox vaxt zərərli yağlar olur. Əgər mümkünsə, yeməkləri bitki yağında hazırlayın. Duru bitki yağları ev temperaturunda bərk qalan yağlardan daha faydalıdır.

 3. Duz və şəkərdən az istifadə edin.

 ÜST-ün tövsiyəsinə görə, böyüklərin gün ərzində qəbul etməli olduğu duzun miqdarı bir çay qaşığından az olmalı, sərbəst şəkərin miqdarı isə 60 millilitrdən (başı dolu olmayan təxminən 12 çay qaşığı) çox olmamalıdır c. Şəkər bir çox emal edilmiş qida məhsullarının və içkilərin əsas inqrediyentidir. Misal üçün, 355 millilitr sərinləşdirici içkinin tərkibində 50 millilitrə (10 çay qaşığı) qədər şəkər ola bilər. Sərinləşdirici içkilər çox kalorili olduğu bir halda, onların qida dəyəri az və ya ümumiyyətlə yoxdur.

 Müqəddəs Kitabda deyilir: «Uzaqgörən bəlanı duyub gizlənər, cahil isə qabağa gedib ziyan tapar» (Məsəllər 22:3). Nə yediyinizə fikir verməklə və sağlam qidalanmaq üçün lazımi dəyişikliklər etməklə həyat və sağlamlığa görə Allaha minnətdarlığınızı göstərəcəksiniz.

 Geniş yayılmış yanlış fikirlər

 Yanlış fikir. Qidanın görünüşü, dadı və ətri yaxşıdırsa, onu yemək olar.

 Fakt. Bir litr suyun bulanıq görünməsi üçün 10 milyarddan çox bakteriya lazımdır, lakin insanın xəstələnməsi üçün 15—20 təhlükəli bakteriya kifayət edir. Yediyiniz ərzaqların və içdiyiniz içkilərin təhlükəsiz olması üçün onları hazırlayarkən, süfrəyə verərkən və saxlayarkən tövsiyə edilən temperatur rejiminə və vaxt tələbinə riayət edin.

 Yanlış fikir. Milçəklər ərzağa zərər vurmur.

 Fakt. Milçəklər üçün qidaverici və çoxalma mühiti nəcis kimi natəmizliklərdir. Onlar çox vaxt ayaqlarında xəstəlik törədən milyonlarla mikroorqanizm daşıyır. Milçəklər hazır xörəyi çirkləndirməsin deyə üstünü tam örtün.

 Yanlış fikir. «O qədər vaxtdır qeyri-sağlam qidalanıram ki, sağlam qidaya keçsəm də, xeyri olmayacaq».

 Fakt. Tədqiqatçılar aşkar edib ki, əgər indidən sağlam qidalanmaya keçsəniz, bu, vaxtsız ölüm riskini azaldacaq və bu cür qidalanmağa davam etsəniz, gələcəkdə daha çox faydasını görəcəksiniz.

a Mikroorqanizmlər adi gözlə görünməyən kiçik canlılardır. Onlara bakteriyalar, viruslar və parazitlər daxildir. Bəzi mikroorqanizmlər faydalıdır, təhlükəli mikroorqanizmlər isə insana zərər vura və hətta ölümünə səbəb ola bilər.

b Sabun və su daha çox mikroorqanizmlər öldürür, nəinki təkcə su.

c Sərbəst şəkər dedikdə konsentrasiya olunmuş və ya emal edilmiş şəkər nəzərdə tutulur, məsələn, şəkər tozu, bal, siroplar və meyvə şirələri. Meyvə, tərəvəz və südün tərkibində olan təbii şəkər bura daxil deyil.