Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

2021-ci xidmət ilində görülən yardım işləri. Bacı-qardaşlar köməksiz qalmadı

2021-ci xidmət ilində görülən yardım işləri. Bacı-qardaşlar köməksiz qalmadı

1 YANVAR 2022

 COVID-19 pandemiyası 2021-ci xidmət ilində də a dünyada tüğyan edirdi. «Pandemiya zamanı görülən qlobal yardım işləri» məqaləsində izah edildiyi kimi, pandemiya ilə əlaqədar yardım işlərinə milyonlarla dollar b pul xərcləmişik və 950-dən çox Zərərçəkənlərə yardım komitəsi təşkil etmişik.

 Pandemiyadan əlavə, bütün dünyada bacı-qardaşlar təbii və insan fəaliyyətinin nəticəsi olan fəlakətlərdən də əziyyət çəkirdi. Belə fəlakətlərin sayı 200-dən çox idi. Bu səbəbdən Rəhbərlik Şurasının Koordinatorlar komitəsi COVID-19 pandemiyası ilə əlaqədar ayrılan puldan əlavə, yardım işləri üçün daha 8 milyon dollar ayırmaq qərarına gəldi. Gəlin görək sizin ianələriniz sayəsində Konqo və Venesuelada yaşayan bacı-qardaşlara hansı yardım göstərilib.

Nyiraqonqo vulkanının püskürməsi

 2021-ci il mayın 22-i Konqo Demokratik Respublikasında Nyiraqonqo vulkanı püskürməyə başladı. Lava evləri, məktəbləri və su anbarını məhv etdi. Ancaq lava yeganə təhlükə deyildi. Vulkan püskürəndən sonra bir neçə gün ərzində Qoma şəhərini zəhərli vulkan tozu bürüdü və ondan çox təkan qeydə alındı. Şəhər sakinlərinin yarısı təxliyə olundu. Yüz minlərlə insan həyatlarını qurtarmaq üçün ərazidən qaçmalı oldu, bəziləri Ruanda tərəfə keçdi.

İbadət evlərinin birində yardım komitəsi zərərçəkənlərə isti sıyıq paylayır

 Təxliyə olunanların arasında 5000-ə yaxın Yehovanın Şahidi var idi. Bəzi dindaşlarımızın evləri vulkan püskürməsi nəticəsində məhv oldu, bəzilərinin evlərini isə onlar qaçandan sonra qarətçilər talan etdi. Ruanda və Konqo Demokratik Respublikasındakı komitələr dərhal işə keçdi. Konqo (Kinşasa) filialının komitələrin biri haqda verdiyi məlumatda deyilirdi: «Şəhərdə qarmaqarışıqlığın hökm sürdüyünə baxmayaraq, hələ təxliyə olunmaq göstərişi verilməzdən əvvəl, komitə ərzaq, su, yorğan-döşək və paltar paylamışdı». 2000-dən çox bacı-qardaşın qaçıb gəldiyi bir şəhərdə komitə çadırlar qurdu, maskalar payladı, COVID-19 və vəba xəstəliklərinə yoluxmaq riskini azaltmaq üçün nə etmək lazım olduğunu izah etdi.

Təxliyə olunmuş Yehovanın Şahidlərinə göndərilən ərzaq bağlamaları əvvəlcə tərəzidə çəkilir

 Təbii fəlakətdən sonra üç ay ərzində qardaşlar zərərçəkənlərə altı tondan çox düyü, altı ton qarğıdalı unu, üç ton bitki yağı və üç ton su payladılar. Vəsaitlərə qənaət etmək məqsədilə filial ərzaqları baha qiymətə xaricdən deyil, yerli topdan satış mərkəzlərindən almışdı.

 Bir bacının təzə evi vulkan püskürməsi nəticəsində məhv oldu. O deyir: «Dərddən ürəyimiz qan ağlayırdı». Amma sonra onun ailəsinə humanitar və ruhani yardım göstərildi. Bacı davam edir: «Yehovanın köməyi sayəsində indiyədək heç nədən korluq çəkməmişik. Səmavi Atamız yükümüzü daşıdığı üçün o bizə ağır gəlmir».

Venesuelada iqtisadi böhran

 Artıq neçə illərdir ki, Venesuelada iqtisadi böhran səngimək bilmir. Bu ölkədə dindaşlarımızın həyat şəraiti ağırdır, onlar ərzaq qıtlığından və günü-gündən artan cinayətkarlıqdan əziyyət çəkirlər. Bununla belə, Yehovanın təşkilatı onları unutmur.

Venesuelanın müxtəlif yerlərinə göndərilən düyü kisələri maşına yüklənilir

 Son xidmət ilində ərzaq və sabunun alınmasına və ehtiyacı olan ailələrə çatdırılmasına 1,5 milyon dollardan çox vəsait xərclənib. Venesuela filialı məlumat verir: «Ölkənin dörd bir yanında yaşayan bacı-qardaşlarımıza hər ay 130 ton ərzaq çatdırmaq və onların arasında bölüşdürmək asan iş deyil». Qardaşlar, əsasən, istifadə müddəti çox olan ərzaq məhsulları alırlar ki, heç nə xarab olmasın. Filialın məlumatında həmçinin deyilir: «Biz mövsümi ərzaqları topdan satış məntəqələrində endirimli qiymətlərlə alırıq. Sonra onları ən sərfəli üsulla çatdırırıq».

Yanacaq qıtlığı və nəqliyyat vasitələrinin olmaması səbəbindən gənc qardaşlar öz yığıncaqlarına ərzaqları velosipedlə çatdırırlar. Onlar 18 kilometr yol qət edirlər

 Venesuelada Zərərçəkənlərə yardım komitəsinin üzvü Leonel təyinatını sevir. O deyir: «Dar gündə qardaşlara əl tutmaq xüsusi bir işdir. Həyat yoldaşım COVID-19 xəstəliyindən vəfat edib. Amma başqalarına yardım etmək mənə öz dərdimə dözməyə kömək edir. Başım yardım işinə qarışıb və çox sevinirəm ki, bununla bacı-qardaşlara xeyir gətirə bilirəm. Yehova vədlərinə sadiqdir və xalqını atmır. Buna özüm şahidəm».

 Humanitar yardım alan bir qardaş əvvəllər özü də Zərərçəkənlərə yardım komitəsində xidmət edirdi. O deyir: «İndi köməyə ehtiyacı olan mən idim. Qardaşlar bizə yalnız humanitar yardım göstərmədilər. Onlar həyat yoldaşımla mənə sakitliyi qorumağa kömək etdilər, bizə qayğı göstərdilər, təsəlli və ürək-dirək verdilər».

 Bəzi fəlakətlər gözlənilmədən baş verir. Bununla belə, Yehovanın təşkilatı çox vaxt ərzaq və ilkin tələbat mallarını qısa müddət ərzində alıb çatdıra bilir. Bu sizin ümumdünya işinə etdiyiniz ianələr sayəsində mümkündür. İanə etməyin bəzi üsulları donate.dan124.com saytında göstərilib. Səxavətlə etdiyiniz ianələrə görə sizə minnətdarıq.

a 2021-ci xidmət ili 2020-ci il sentyabrın 1-dən 2021-ci il avqustun 31-ə qədər olan müddətdir.

b Burada göstərilən məbləğlər ABŞ dolları ilə göstərilib.