Kontentə keç

Mündəricatı göstər

İANƏLƏRİNİZ HARA XƏRCLƏNİR?

Qardaşlıq məhəbbətinin əməldə təzahürü. 2022-ci ildə görülən yardım işləri

Qardaşlıq məhəbbətinin əməldə təzahürü. 2022-ci ildə görülən yardım işləri

1 YANVAR 2023

 Müqəddəs Kitabda yaşadığımız dövrlə bağlı əvvəlcədən deyilmişdi ki, biz müharibələrin, zəlzələlərin, xəstəliklərin və başqa «dəhşətli mənzərələrin» şahidi olacağıq (Luka 21:10, 11). Biz bu peyğəmbərlik sözlərinin 2022-ci xidmət ili ərzində də necə yerinə yetdiyini gördük a. Məsələn, Ukraynada səngimək bilməyən müharibə milyonlarla insanın həyatına təsir etdi. Dünyanın bir çox ölkələri COVID-19 pandemiyasından sonra hələ də özünə gələ bilməyib. Bundan başqa çoxlu sayda insan təbii fəlakətlərin, məsələn, Haitidə zəlzələlərin, Mərkəzi Amerikada, Filippində və Afrikanın cənub-şərqində dağıdıcı qasırğaların qurbanı olub. Yehovanın Şahidləri fəlakətdən zərərçəkənlərə necə yardım göstəriblər?

 2022-ci xidmət ili ərzində təşkilatımız baş vermiş 200-ə yaxın fəlakətin qurbanlarına yardım göstərib! Yardım işlərinə təxminən 12 milyon dollar pul xərcləmişik b. Görün ianələr sayəsində zəlzələdən və qasırğadan zərərçəkənlərə necə yardım göstərilib.

Haitidə zəlzələlər

 14 avqust 2021-ci il tarixində Haitinin cənubunda 7,2 bal gücündə zəlzələ oldu. Əfsuslar olsun ki, iki bacımız və bir qardaşımız həyatını itirdi. Sağ qalanlar isə fiziki və mənəvi cəhətdən zərər gördü. Stefan adlı qardaş deyir: «Şəhərimizdə ölənlərin sayı o qədər çox idi ki, həftədə bir neçə dəfn mərasimi keçirilirdi və bu vəziyyət iki aydan çox davam etdi». Eliezer qardaş isə deyir: «Bir çox bacı-qardaşların qalmağa yeri, paltarı, ayaqqabısı və digər zəruri şeyləri yox idi. Aylar ərzində çoxları yenidən zəlzələ olacağı qorxusu ilə yaşayırdı».

 Təşkilatımız dərhal bacı-qardaşların köməyinə çatdı. Haitidəki filial 53 ton ərzaq, eləcə də çadırlar, brezentlər, döşəklər və telefonları doldurmaq üçün Günəşdən enerji yığan batareyalar göndərdi. Əlavə olaraq, 2022-ci xidmət ili ərzində 100-dən çox ev yenidən tikilib, və ya təmir olunub. Bu yardım işlərinə bir milyon dollardan çox vəsait xərclənib.

Haitidən göndərilən ərzaq yardımı

 Bacı və qardaşlarımız bu yardım işlərinə görə çox minnətdardır. Loret deyir: «Zəlzələ evimizi və iş yerimizi tamam dağıtdı. Yeməyə quru çörəyimiz belə yox idi. Amma Yehovanın təşkilatı dadımıza çatdı, bizi lazım olan hər şeylə təmin etdi». Mişelin deyir: «Zəlzələ nəticəsində iki oğlumla yaşadığımız daxmaya ziyan dəydi. Dua etməkdən başqa əlimdən heç nə gəlmirdi. Yehova isə təşkilatı vasitəsi ilə duama cavab verdi. İndi möhkəm və dayanıqlı evimiz var. Yehovaya minnətdarlığımı göstərmək üçün əlimdən gələni etməyə qəti qərarlıyam».

 Yardım işlərimiz yerli hakimiyyət nümayəndələrinin də gözündən yayınmadı. Lasil Şəhər Bələdiyyəsinin sədri demişdi: «Ən qısa zamanda insanların dadına yetişdiyiniz, eyni zamanda hakim dairələrə ehtiramla yanaşdığınız üçün siz tərifə layiqsiniz. Sevinirəm ki, bu işdə maddi marağınız yoxdur. Əksinə, sizin məqsədiniz insanlara kömək etməkdir. Sizin məhəbbətiniz əməllərinizdən görünür».

«Ana» tropik qasırğası Malavi və Mozambikdə tüğyan edib

 24 yanvar 2022-ci ildə «Ana» tropik qasırğası Mozambikdə torpaq sürüşməsinə səbəb olub və qərbə doğru irəliləyərək Malaviyə çatıb. Siklon özü ilə leysan yağışları və sürəti saatda 100 kilometrə çatan güclü küləklər gətirib. Nəticədə, elektrik xətləri, körpülər dağılıb və güclü daşqınlar olub.

 Qasırğanın keçdiyi ərazilərdə 30 000-dən çox Yehovanın Şahidi yaşayır. Yardım işlərində iştirak edən Çarlz adlı qardaş deyir: «Bacı-qardaşların necə əziyyət çəkdiyini, nələr itirdiyini görəndə ürəyim ağrıyırdı, özümü çarəsiz hiss edirdim». Ən betəri isə o idi ki, onların qida ehtiyatının və məhsullarının hamısını sel yuyub aparmışdı. Çoxları ev-eşiyindən olmuşdu. Əfsuslar olsun ki, bir qardaşımız xilasetmə qayığının tərs çevrilməsi nəticəsində həyat yoldaşını və iki balaca qızını itirmişdi.

Mozambikdə Yehovanın Şahidi olan ər-arvadın zərər görmüş evi

Yenidən tikilmiş ev

 Malavinin Nçalo adlı ərazisində yaşayan Sanqarado ailəsi gecə saat birdə selin dəhşətli səsini eşitdi. İki çay birdən daşmışdı. Sanqarado qardaş qərar verdi ki, evi cəld tərk etsinlər. Bu, düzgün qərar idi, çünki daşqın onların da evini basacaqdı. Əşyalarını ya dağıdacaqdı, ya da yuyub aparacaqdı. Onlar evlərindən piyada 30 dəqiqəlik məsafədə yerləşən ibadət evinə getməyə qərar verdilər. Daşqına görə ora iki saata gedib çatdılar, üst-başları su içində idi və çox yorulmuşdular. Amma əsas odur ki, canları salamat idi.

 Malavi və Mozambik filialları dərhal yardım işini təşkil etməyə başladı. Onlar rayon nəzarətçilərinə və ağsaqqallara göstəriş verdilər ki, daşqından zərər çəkən bacı-qardaşların ehtiyaclarını müəyyən etsinlər, eləcə də onlara ruhani və mənəvi cəhətdən dəstək olsunlar. Bir neçə Zərərçəkənlərə yardım komitəsi yardım işinə nəzarət etmək üçün təyin olundu. Onlar dərhal bacı-qardaşları qida və digər zəruri şeylərlə təmin etməyə başladılar. 33 000 dollardan çox vəsait humanitar yardıma, 300 000 dollardan çox vəsait isə evlərin bərpasına və yenidən tikilməsinə sərf olundu.

 Zərərçəkənlərə yardım komitələri yüksək inflyasiyanı nəzərə alaraq puldan qənaətlə istifadə etməyə çalışırdı. Məsələn, yardım işinin ilk yeddi ayında Malavidə qarğıdalı ununun qiyməti 70 faiz qalxmışdı. Benzinin qiyməti də bahalaşmışdı. Qardaşlar pula qənaət etmək üçün ərzaq və tikinti materiallarını yerli təchizatçılardan topdan alırdılar. Onlar qardaşlar üçün endirim edirdi, həm də daşınma üçün əlavə pul ödəmək lazım gəlmirdi.

 Görülən yardım işləri dəyərli dindaşlarımıza güclü təsir bağışladı. Mozambikdə yaşayan Felişberto qardaş deyir: «Ömrümdə belə bir təşkilat görməmişəm. Bu qədər tikinti materialları, onların bura çatdırılması, tikintidə çalışan bacı-qardaşlar, ərzaq malları və işin məhəbbətlə idarə olunması — bütün bunlar İsa Məsihin Yəhya 13:34, 35-ci ayələrində yazılan sözlərinin açıq-aydın sübutudur». Malavidə yaşayan Ester adlı dul bacının evi dağılmışdı. O deyir: «Özümü çarəsiz hiss edirdim, çünki əlimdə olan pul o qədər az idi ki, ev tikə bilməzdim. Qardaşlar gəlib mənim üçün ev tikəndə elə bildim, artıq Cənnət gəlib».

 Yeni dünyanın astanasında olduğumuz üçün bilirik ki, təbii fəlakətlər getdikcə daha da çox olacaq (Mətta 24:7, 8). Amma buna baxmayaraq, siz səxavətlə ianə etməyə davam edirsiniz. Əminik ki, Yehovanın xalqı heç zaman heç nədən korluq çəkməyəcək. İanə etməyin üsulları barədə ətraflı məlumatı donate.dan124.com saytından ala bilərsiniz. Səxavətlə etdiyiniz ianələr üçün sizə ürəkdən minnətdarıq.

a 2022-ci xidmət ili 1 sentyabr 2021-ci il tarixindən başlayır və 31 avqust 2022-ci il tarixində bitir.

b Bu məqalədə bütün məbləğlər ABŞ dolları ilə göstərilib.