Kontentə keç

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Uşaqların kitab oxuması nəyə görə vacibdir? II Hissə. Elektron, yoxsa çap format?

Uşaqların kitab oxuması nəyə görə vacibdir? II Hissə. Elektron, yoxsa çap format?

 Uşağınız hansı formatda oxumağa üstünlük verir — elektron, yoxsa çap?

 Gənclərin çoxu elektron formatda oxumağı sevir. Doktor Cin Tvenge deyir: «Linklərə basmağa və bir neçə saniyə ərzində onlarla səhifə vərəqləməyə öyrəşmiş nəsil diqqətini uzun müddət kitaba cəmləməyi sadəcə bacarmır» a.

 Mətni elektron cihazdan oxumağın öz üstünlükləri var. 20 yaşlı Con deyir: «Oxuduğum məktəbdə dərsliklərimiz elektron formatda idi. Axtarış funksiyası sayəsində mənə lazım olan məlumatı tez bir zamanda tapa bilirdim».

 Mətni elektron cihazdan oxuyanların əlinin altında çoxlu faydalı funksiyalar var. Məsələn, sözün üstünə basmaqla onun mənasını öyrənmək, audioya qulaq asmaq, həmin mövzuya aid videoya baxmaq və ya hiperlinklər vasitəsilə digər əlavə məlumatı almaq olar. Bəs bu o deməkdirmi ki, çap formatda oxumağın daha heç bir faydası yoxdur?

 Hansısa mövzunu dərindən araşdırmaq lazım gələndə bəziləri çap formatda oxumağa üstünlük verirlər. Nəyə görə?

  •   Diqqəti cəmləmək daha asandır. Neytan adlı yeniyetmə deyir: «Elektron cihazdan oxuyanda tez-tez fikrim çıxan reklamlara və bildirişlərə yayınır, ona görə də diqqətimi tam cəmləyə bilmirəm».

     20 yaşlı Karenin də eyni çətinliyi var. O deyir: «Telefondan və ya planşetdən oxuyanda diqqətim asanlıqla hansısa tətbiqlərə və oyunlara yayınır».

     Müqəddəs Kitab prinsipi: «Vaxtınızın qədrini bilin» (Koloslulara 4:5).

     Düşünün. Elektron cihazdan oxuyarkən və ya araşdırma apararkən uşağınız heç nəyə yayınmadan diqqətini cəmləməyi bacarır? Əgər bacarmırsa, ona fikrini cəmləməyi necə öyrədə bilərsiniz?

     Məsləhət. Uşağınıza başa salın ki, elektron cihazdan oxuyarkən fikri tez-tez yayınarsa, ev tapşırıqlarını etmək daha uzun çəkəcək və digər məşğuliyyətlərə boş vaxtı daha az qalacaq.

  •   Qavramaq daha asandır. Bir kitabda deyilir: «Çoxsaylı tədqiqatlar göstərir ki, insanlar çap formatda oxuduqlarını elektron formatda oxuduqlarından daha yaxşı qavrayırlar» («Be the Parent, Please»).

     Səbəblərdən biri odur ki, ekrandan oxuyanda insanlar çox vaxt məlumata sadəcə göz gəzdirirlər. Yazıçı Nikolas Kar deyir: «İnternetdə... biz bir göz qırpımında maksimum məlumat toplamaq istəyirik» b.

     Düzdür, bəzən məlumata sadəcə göz gəzdirmək pis deyil. Amma Nikolas Karın sözlərinə görə, «problem ondadır ki, mətnə sadəcə göz gəzdirmək bizim əsas oxumaq üsulumuza çevrilir». Nəticədə, uşağınızda mətnin məğzinə varmadan ona sadəcə göz gəzdirmək vərdişi yarana bilər.

     Müqəddəs Kitab prinsipi: «Nə qazanırsan qazan, amma dərrakə qazanmağı unutma» (Məsəllər 4:7).

     Düşünün. Uşağınıza istər elektron, istərsə də çap formatda oxuduğu mətni daha dərindən qavramağa necə kömək edə bilərsiniz?

     Məsləhət. İfrata varmayın. Bu formatların heç birindən imtina etməyə dəyməz. Hər birinin öz üstünlükləri var. Elektron formatda oxuyarkən müəyyən funksiyaların sayəsində mətni daha yaxşı qavramaq olar. Ona görə də uşağınıza hər iki formatın müsbət və mənfi tərəflərini izah edərkən tarazlı olun və unutmayın ki, uşaqdan uşağa fərq var.

  •   Yadda saxlamaq daha asandır. «Scientific American» jurnalında dərc olunmuş məqaləsində jurnalist Feris Caber yazır ki, elektron cihazdan oxuyanda «beynimiz daha tez yorulur... və oxuduğumuzu daha çətin yadda saxlayırıq».

     İnsan çap formatda oxuyanda beynində sanki «xəritə» cızılır: o, oxuduğu məlumatın səhifənin harasında yerləşdiyini yadda saxlayır. Beləcə, beyin məcazi «əlfəcin» yaradır və lazım olanda həmin məlumatı asanlıqla tapır.

     Bundan əlavə, tədqiqatlar göstərir ki, mətni çap formatda oxuyanlar onu daha yaxşı qavrayır, buna görə də onu asanlıqla yada sala bilirlər.

     Müqəddəs Kitab prinsipi: «Hikməti, düşüncəni qoru» (Məsəllər 3:21).

     Düşünün. Uşağınıza oxuduğu mətni qavramaq və ya sonradan yadına salmaq çətindir? Əgər çətindirsə, uşağınıza necə kömək edə bilərsiniz? Bəlkə, çap formatda oxumaq ona kömək edə bilər?

     Məsləhət. Uşağınızın hansı formatda oxumaq xoşuna gəldiyinə deyil, onun üçün nəyin daha yaxşı olacağına fikir verin. İnsanlar elektron cihazdan oxuyarkən mətni qavramaq bacarıqlarını şişirtməyə meyillidirlər.

a «iGen» kitabı.

b «Shallows» kitabı.