Kontentə keç

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Çılpaq ilbizin yapışqan seliyi

Çılpaq ilbizin yapışqan seliyi

 Cərrahlar uzun müddətdir ki, əməliyyat zamanı istifadə etmək, həmçinin bədənin yaralanmış toxumalarını bərpa etmək üçün tibbi yapışqanlara ehtiyac duyurlar. Hazırkı yapışqanların çoxu daxili orqanlar üçün istifadə etməyə yararlı deyillər. Onlar toksikdirlər, quruyanda sərtləşirlər və nəm toxumalara yapışmırlar. Çılpaq ilbizin a seliyini araşdırmaqla alimlər bu problemlərin həlli yolunu tapmışlar.

 Düşünün: İlbiz təhlükə hiss edəndə selik ifraz edir. Bu selik həşəratı yaş yarpağa yapışdırır. Bu müdafiə mexanizmi ilbizi qoruyur, eyni zamanda ilbiz sərbəst hərəkət etmək bacarığını da itirmir.

 Tədqiqatçılar ilbizin seliyini analiz edib, onun təbii yapışqan kimi effektivliyini təmin edən bir neçə faktoru aşkar etmişlər. Məsələn, selikdə həm kimyəvi əlaqələr, həm də elektrostatik cazibə var. Selik ilbizin toxunduğu səthə nüfuz edir və təzyiqə məruz qaldıqda elastikləşir. İlbizin seliyinin xassəsini daşıyan maddə istehsal etməklə tədqiqatçılar hazırda istifadə olunan tibbi yapışqanlardan daha möhkəm olan və canlı orqanlara yapışa bilən yapışqan yaratmışlar. Deyilənə görə bu yapışqan maddə orqanlara «qığırdaq sümüyə yapışan kimi» yapışır.

 Mütəxəssislərin fikrincə bu yapışqan bütün cərrahlar üçün əlçatan olmalı və tikişi əvəz etməlidir. Bu yapışqan qığırdağı bərpa etmək və ya tibbi cisimləri bədəndə düz lazım olan yerə yapışdırmaq üçün istifadə oluna bilər. Donuz və siçovullar üzərində aparılmış təcrübələr yapışqanın effektivliyini sübut etmişdi. Belə ki, bu yapışqanla donuzun ürəyindəki dəliyi bağlamaq və siçovulların qaraciyərindəki deşikləri örtmək mümkün olmuşdur.

 Alimlər çox vaxt ətraf aləmi öyrənərək problemlərin gözəl həlli yolunu tapırlar. Sintetik yapışqan yaradan institutun direktoru Donald İnqber deyir: «Bunun üçün sadəcə nəyi müşahidə etməyi bilmək və yaxşı ideyanı görməyi bacarmaq lazımdır».

 Necə fikirləşirsiniz? Çılpaq ilbizin seliyindəki təbii yapışqan təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?

a Bu məqalədə çılpaq ilbizin elmi adı Arion subfuscus olan növündən danışılır.