Kontentə keç

Günah nədir?

Günah nədir?

Müqəddəs Yazıların cavabı

 Günah — Allahın buyruqlarına zidd olan hərəkət, hiss və ya fikirdir. Günah dedikdə Allahın qanununu pozaraq Onun bəyənmədiyi işləri görmək nəzərdə tutulur (1 Yəhya 3:4; 5:17). Müqəddəs Kitab göstərir ki, əgər insan nəyin düzgün olduğunu bilib etmirsə, bu da günah sayılır (Yaqub 4:17).

 Müqəddəs Kitabın yazıldığı dillərdə günah sözü nişana və ya hədəfə düşməmək mənasını verir. Məsələn, qədim İsraildə bir dəstə əsgər sapanddan daşı elə məharətlə atırdı ki, «hədəfi boşa çıxmırdı». Bu ifadə hərfən «günah etməmək» kimi tərcümə olunur (Hakimlər 20:16). Deməli, günah işlətmək Allahın qanunundan kənara çıxmaq deməkdir.

 Allahın bir Yaradan kimi bəşəriyyət üçün qayda-qanun qoymağa haqqı çatır (Vəhy 4:11). Hər birimiz hərəkətlərimizə görə Onun qarşısında cavab verəcəyik (Romalılara 14:12).

Heç günah etməmək mümkündür?

 Xeyr. Allahın Kəlamında deyilir: «Hamı günah işləyib, heç kəs Allahın calalını əks etdirə bilmir» (Romalılara 3:23; 1 Padşahlar 8:46; Vaiz 7:20; 1 Yəhya 1:8). Bəs niyə hamı?

 İlk insan cütü olan Adəmlə Həvva günahsız idilər. Çünki onlar Allahın bənzərində yaradılmışdılar (Yaradılış 1:27). Lakin sonradan Yaradanın sözündən çıxaraq kamilliyi itirdilər (Yaradılış 3:5, 6, 17—19). Övladları dünyaya gələndə günah və qeyri-kamillik irsən onlara da keçdi (Romalılara 5:12). Necə ki, Davud padşah demişdir: «Mən təqsir içində dünyaya gəldim» (Zəbur 51:5).

Günahın böyüyü, kiçiyi olur?

 Bəli, olur. Müqəddəs Kitabda deyilir ki, qədim Sədum əhalisi pis idi və ağır günahlar işləyirdi (Yaradılış 13:13; 18:20). Gəlin günahın ağırlığını müəyyən edən üç amili nəzərdən keçirək.

  1.   Ağırlıq dərəcəsi. Allahın Kəlamı bizi xəbərdar edir ki, cinsi əxlaqsızlıq, bütpərəstlik, oğurluq, sərxoşluq, soyğunçuluq, qatillik və cindarlıq kimi ağır günahlardan qaçaq (1 Korinflilərə 6:9—11; Vəhy 21:8). Müqəddəs Kitabda yuxarıda sadalanan günahlarla başqalarının xətrinə dəymək kimi istəmədən edilən günahlar arasında fərq qoyulur (Məsəllər 12:18; Efeslilərə 4:31, 32). Bununla belə, orada məsləhət görülür ki, heç bir günaha barmaqarası baxmayaq, çünki kiçik günahlar ağır günahlara gətirib çıxarır (Mətta 5:27, 28).

  2.   Niyyət. Bəzən insanlar Allahın qanunlarından agah olmadıqları üçün günah edirlər (Həvarilərin işləri 17:30; 1 Timutiyə 1:13). Düzdür, Müqəddəs Kitab belə günahlara bəraət qazandırmır, ancaq bilmədən edilən günahlarla qəsdən Allahın qanunlarını pozmaq arasında fərq qoyur (Saylar 15:30, 31). Qəsdən edilən günahlar insanın qara ürəyindən qaynaqlanır (Ərəmya 16:12).

  3.   Say. Allahın Kəlamında göstərilir ki, bir dəfə günah işlətməklə dəfələrlə günah işlətmək eyni şey deyil (1 Yəhya 3:4—8). Əgər kimsə etdiyi hərəkətin günah olduğunu bilə-bilə ondan əl çəkmirsə, Allahın hökmünə düçar olacaq (İbranilərə 10:26, 27).

 Ağır günah işləyən insan vicdan əzabı çəkə bilər. Misal üçün, Davud peyğəmbər deyirdi: «Təqsirlərim başımdan aşır, sanki, ağır yükdür, daşımaq olmur» (Zəbur 38:4). Buna baxmayaraq, Müqəddəs Kitabda gözəl ümid var: «Qoy pis adam pis yolunu, şər adam şər fikirlərini atsın. Qoy Yehovaya tərəf dönsün, ona mərhəmət göstərər. Allahımıza tərəf qayıtsın, onu comərdliklə əfv edər» (Əşiya 55:7).