Kontentə keç

Hellouinin mənşəyi haqda nə bilirik?

Hellouinin mənşəyi haqda nə bilirik?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs Kitabda hər il oktyabrın 31-i qeyd olunan Hellouin bayramı haqqında heç nə yazılmayıb. Amma bu bayramın mənşəyi və ənənələri Müqəddəs Kitab təlimlərinə zidd gedir.

Bu məqalədə

 Hellouin bayramının tarixi və adətləri

  •   Samayn. Hellouin bayramının kökü «2000 il bundan əvvəl keltlərin qeyd etdiyi bütpərəst bayrama» gedib çıxır («World Book Encyclopedia»). «Keltlər inanırdılar ki, həmin vaxt ölülər dirilər arasında gəzib-dolaşırlar və dirilər ölülərlə görüşə bilərlər» (« Nəyə görə bayram Hellouin adlanır?» çərçivəsinə baxın).

  •   Hellouində geyinilən paltarlar, şirniyyat və «pul kisəsi, yoxsa həyat» oyunu. Bir mənbəyə əsasən, bəzi keltlər qorxulu paltarlar geyinirdilər ki, yer üzündə gəzib-dolaşan ruhlar onları özünkü bilib dəyməsinlər. Bəziləri isə ruhları razı salmaq üçün onlara şirniyyat təklif edirdi a.

     Orta əsrlərdə Avropada katolik din xadimləri yerli bütpərəst adətləri mənimsədilər. Onlar kilsə üzvlərini xüsusi geyimdə ev-ev gəzərək xırda bəxşişlər yığmağa göndərirdilər.

  •   Ruhlar, vampirlər, qulyabanılar, cadugərlər, küpəgirən qarılar və zombilər. Bunların hamısı ta qədimdən şər qüvvələrlə əlaqələndirilirdi. Bir kitabda onlar «Fövqəltəbii qorxulu varlıqlar» adlandırılır və deyilir ki, bu cür varlıqlar ölüm, ölülər və ölüm qorxusu ilə birbaşa əlaqəlidir («Halloween Trivia» kitabı).

  •   Balqabaq və ya Cek fənəri. Britaniyada orta əsrlərdə «insanlar evbəev gəzib, ölülərin ruhuna dua oxumalarının qarşılığında yemək istəyirdilər». Onlar əllərində «oyulmuş şalğamdan düzəldilmiş fənərlər tuturdular. Fənərin içinə şam qoyurdular. Bu, insanın bərzəx aləmində qalan ruhunu təmsil edirdi» («Halloween—From Pagan Ritual to Party Night» kitabı). Bəzi mənbələrdə isə deyilir ki, fənərlər şər ruhları qovmaq üçün istifadə olunurdu. 1800-cü illərdə Şimali Amerikada şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz həm həmin ərazilərdə daha geniş yayılmışdı, həm də onu oymaq asan idi.

 Hellouinin mənşəyini bilmək niyə vacibdir?

 Bəzi insanlar Hellouina zərərsiz, əyləncəli bir bayram kimi baxır. Amma bayram zamanı insanların etdikləri Müqəddəs Kitabda deyilənlərə tamamilə zidd gedir. Hellouin bayramı ölülər, gözəgörünməz ruhlar və cinlər haqqında yalan təlimlərə əsaslanır.

 Növbəti ayələrdən görəcəyik ki, Hellouinin kökündə duran inanclara Allah necə baxır:

  •   «Aranızda... ruhçağıranlara müraciət edən yaxud ölüləriçağıran olmasın» (Qanunun təkrarı 18:10, 11, «Müqəddəs Kitab Şirkəti—2009»).

     Mənası. Allahın gözündə ölüləri çağırmağa cəhd etmək, hətta bunu yalandan oyun məqsədilə etmək belə məqbul deyil.

  •   «Ölülər heç nə bilmir» (Vaiz 9:5).

     Mənası. Ölülər şüursuz və fəaliyyətsiz vəziyyətdə olduğu üçün onlar dirilərlə əlaqə yarada bilməz.

  •   «Cinlərə şərik [olmayın]. Siz həm Rəbbin kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz» (1 Korinflilərə 10:20, 21, «İncil—96»).

     Mənası. Allahın rəğbətini qazanmaq istəyən insan cinlərlə hər cür əlaqədən uzaq durmalıdır.

  •   «İblisin hiylələrinə sinə [gərin]... Çünki biz... şər ruhi qüvvələrə qarşı mübarizə aparırıq» (Efeslilərə 6:11, 12).

     Mənası. Məsihilər birmənalı şəkildə şər ruhi qüvvələrə qarşı durmalıdırlar, yalandan da olsa, onlarla əlaqə yaratmağa cəhd etməməlidirlər.

a «Halloween: An American Holiday, an American History» kitabının 4-cü səhifəsinə baxın.