Kontentə keç

Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?

Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?

Müqəddəs Kitabın cavabı

 Əlbəttə! Axı Müqəddəs Kitab «qəmginlərə təskinlik verən Allah»dan nazil olub (2 Korinflilərə 7:6). Düzdür, Müqəddəs Kitab psixi sağlamlıq haqda kitab deyil, amma o, bir çox insana intihar düşüncələrindən qurtulmağa kömək edib. Oradakı hikmətli məsləhətlər sizə də kömək edə bilər.

 Müqəddəs Kitabda hansı hikmətli məsləhətlər yer alır?

  • Hisslərinizi dilə gətirin.

     Müqəddəs Kitabda deyilir: «Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

     Mənası: Özümüzü kədərli hiss edəndə başqalarının köməyinə ehtiyac duyuruq.

     Əgər özünüzə qapansanız, mənfi hisslər sizi çulğaya bilər. Amma hisslərinizi başqaları ilə bölüşsəniz, özünüzü daha yaxşı hiss edə və vəziyyətinizə başqa tərəfdən baxa biləcəksiniz.

     Məsləhət: Bu gün kiminləsə danışın. Bu, ailə üzvü və ya etibarlı bir dost ola bilər a. Hisslərinizi qələmə almaqla da ürəyinizi boşalda bilərsiniz.

  • Tibbi yardım alın.

     Müqəddəs Kitabda deyilir: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır» (Mətta 9:12).

     Mənası: Xəstələnəndə tibbi yardım almalıyıq.

     İntihar düşüncələrinə gətirib çıxaran simptom əqli və ya emosional xəstəlikdən qaynaqlana bilər. Fiziki xəstəlikdə olduğu kimi, bunda da utanmalı heç nə yoxdur. Əqli və ya emosional xəstəliklər müalicə olunmalıdır.

     Məsləhət: Peşəkar həkimdən mümkün olduğu qədər tez kömək istəyin.

  • Allahın qayğımızı çəkdiyini unutmayın.

     Müqəddəs Kitabda deyilir: «Məgər beş sərçəni ikicə qara qəpiyə satmırlar? Amma onlardan heç biri Allahın yadından çıxmır... Odur ki, qorxmayın, siz sərçələrdən qat-qat qiymətlisiniz» (Luka 12:6, 7).

     Mənası: Siz Allah üçün çox dəyərlisiniz.

     Düşünə bilərsiniz ki, heç kimin vecinə deyilsiniz, amma Allah sizin hisslərinizi başa düşür. Artıq yaşamaq istəməsəniz belə, O, sizin qeydinizə qalır. Zəbur 51:17 ayəsində deyilir ki, Allah «çilik-çilik olmuş, peşman ürəyi» rədd etməz. Allah sizin yaşamağınızı istəyir, çünki O, sizi çox sevir.

     Məsləhət: Müqəddəs Kitabda Allahın sizi sevdiyinə dair sübutları gözdən keçirin. Məsələn, «Gözətçi qülləsi»nin 2016-cı il iyun sayının «Yehova “qayğınızı çəkir”» adlı məqaləsinə baxın.

  • Allaha dua edin.

     Müqəddəs Kitabda deyilir: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7).

     Mənası: Allah istəyir ki, siz ürəyinizdəki narahatçılıqları açıq və dürüst şəkildə Ona danışasınız.

     Allah sizə həm qəlb rahatlığı verə bilər, həm də vəziyyətə tab gətirməyiniz üçün sizə güc verə bilər (Filippililərə 4:6, 7, 13). Beləcə, O, duada Ondan kömək diləyən insanlara dayaq olur (Zəbur 55:22).

     Məsləhət: Bu gün Allaha dua edin. Ona Yehova adı ilə müraciət edin və hisslərinizi Ona danışın (Zəbur 83:18). Vəziyyətə tab gətirməyiniz üçün Ondan yardım diləyin.

  • Müqəddəs Kitabda gələcək barədə yazılan ümid üzərində düşünün.

     Müqəddəs Kitabda deyilir: «Biz həyatımızı bu ümidə bağlamışıq. Bu ümid bizim üçün möhkəm və sarsılmaz gəmi lövbəri kimidir» (İbranilərə 6:19).

     Mənası: Sizin emosiyalarınız fırtınaya düşən gəmi kimi qalxıb-enə bilər. Amma Müqəddəs Kitabdakı ümid hisslərinizi sabitləşdirəcək.

     Bu ümid gerçəkləşməyəcək bir xülya deyil. O, Allahın ağrı-acımıza səbəb olan hər şeyi aradan qaldıracağına dair vədinə əsaslanır (Vəhy 21:4).

     Məsləhət: Müqəddəs Kitabda yer alan ümid haqqında daha ətraflı öyrənmək üçün «İlahi müjdə» broşürünün 5-ci fəslini oxuyun.

  • Zövq duyduğunuz bir şey edin.

     Müqəddəs Kitabda deyilir: «Şad ürək cana məlhəmdir» (Məsəllər 17:22).

     Mənası: Bizə sevinc gətirən şeylər etmək əqli və emosional sağlamlığımızı yaxşılaşdıra bilər.

     Məsləhət: Adətən, sizə məmnunluq gətirən bir şey edin. Məsələn, ruh yüksəkliyi yaradan musiqi dinləyin, ruhlandırıcı bir şey oxuyun, vaxtınızı sizə zövq verən məşğuliyyətə sərf edin. Həmçinin başqalarına kömək etmək üçün nəsə etmək, hətta balaca şeylər etmək xoşbəxtliyinizi artıracaq (Həvarilərin işləri 20:35).

  • Fiziki sağlamlığınızın qeydinə qalın.

     Müqəddəs Kitabda deyilir: «Fiziki məşqin faydası» var (1 Timutiyə 4:8).

     Mənası: İdmanla məşğul olmaq, kifayət qədər yatmaq və sağlam şəkildə qidalanmaq bizim üçün faydalıdır.

     Məsləhət: Ən azı 15 dəqiqəlik də olsa, gəzintiyə çıxın.

  • Yadda saxlayın ki, hisslər və həyatdakı digər şeylər dəyişir.

     Müqəddəs Kitabda deyilir: «Siz heç sabah başınıza nəyin gələcəyini bilmirsiniz» (Yaqub 4:14).

     Mənası: Böyük bir problem, hətta həlli mümkünsüz görünən bir problem belə müvəqqəti ola bilər.

     Bu gün vəziyyətiniz nə dərəcədə çıxılmaz olursa olsun, sabah bu vəziyyət dəyişə bilər. Ona görə də öhdəsindən gəlmək üçün yollar axtarın (2 Korinflilərə 4:8). Sizin çıxılmaz vəziyyətiniz, ehtimal ki, zamanla dəyişəcək, amma intihar etsəniz, geri dönüş olmayacaq.

     Məsləhət: Müqəddəs Kitabda cəsarətlərini itirən və ölmək istəyən insanlar haqda oxuyun. Onların həyatının sonradan yaxşılığa doğru necə dəyişdiyinə fikir verin. Halbuki, belə olacağını heç ağıllarına da gətirməmişdilər. Gəlin bir neçə nümunəni nəzərdən keçirək.

 Müqəddəs Kitabda ölmək istəyən insanlar haqda yazılıb?

 Bəli. Müqəddəs Kitabda ölmək istədiyini dilə gətirən bəzi insanlar barədə yazılıb. Allah onlara bu düşüncələrinə görə irad tutmayıb, əksinə kömək təklif edib. O, bunu sizin üçün də edə bilər.

İlyas peyğəmbər

  •  O kim idi? İlyas cəsarətli peyğəmbər idi. Amma hərdən o da cəsarətini itirirdi. «İlyas da bizim kimi adi bir insan idi» (Yaqub 5:17).

  •  O nəyə görə ölmək istəyirdi? Bir dəfə İlyas özünü yalnız, dəyərsiz hiss edir və qorxurdu. Ona görə də Allaha yalvarmışdı: «Yehova, canımı al» (1 Padşahlar 19:4).

  •  Ona nə kömək etdi? İlyas ürəyini Allaha boşaltdı. Allah ona necə ürək-dirək verdi? O, İlyasın qayğısına qaldı və ona Öz qüdrətini göstərdi. Həmçinin İlyası əmin etdi ki, ona hələ ehtiyac var, üstəlik, ona şəfqətli və bacarıqlı bir köməkçi verdi.

  •  İlyas peyğəmbər haqda oxuyun: 1 Padşahlar 19:2—18

Əyyub peyğəmbər

  •  O kim idi? Əyyub varlı-hallı adam idi. Onun həqiqi Allaha sədaqətlə xidmət edən böyük ailəsi var idi.

  •  O nəyə görə ölmək istəyirdi? Əyyubun həyatında birdən-birə çoxlu bədbəxt hadisələr baş verdi. O, bütün mal-mülkünü itirdi. Uşaqlarının hamısı fəlakət zamanı həlak oldu. O, əzablı bir xəstəliyə tutuldu. Üstəlik, onu qəddarcasına və haqsız yerə başına gələn bədbəxtliklərdə təqsirli bildilər. O demişdi: «Bezmişəm, daha yaşamaq istəmirəm» (Əyyub 7:16).

  •  Ona nə kömək etdi? Əyyub Allaha dua edir və dərdini başqaları ilə bölüşürdü (Əyyub 10:1—3). Dostu Əlihu onu ürəkləndirmiş və vəziyyətə fərqli tərəfdən yanaşmağa kömək etmişdi. Bundan əlavə, Əyyub Allahdan gələn məsləhətləri və köməyi sevinclə qəbul etmişdi.

  •  Əyyub peyğəmbər haqda oxuyun: Əyyub 1:1—3, 13—22; 2:7; 3:1—13; 36:1—7; 38:1—3; 42:1, 2, 10—13

Musa peyğəmbər

  •  O kim idi? Musa qədim İsrail xalqının rəhbəri və sadiq peyğəmbər olub.

  •  O nəyə görə ölmək istəyirdi? Musanın çiynində ağır yük var idi və tez-tez tənqidə məruz qalırdı. Təmiz taqətdən düşmüşdü. O, Allaha yalvarmışdı: «Elə buradaca canımı al» (Saylar 11:11, 15).

  •  Ona nə kömək etdi? Musa keçirdiyi hissləri Allaha danışdı. Allah Musanın bu hisslərini aradan qaldırmaq üçün onun yükünü yüngülləşdirdi.

  •  Musa peyğəmbər haqda oxuyun: Saylar 11:4—6, 10—17

a Əgər intihar düşüncələri kəskinləşirsə və həyatınızda etibar etdiyiniz insanlar yoxdursa, onda yerli böhran mərkəzinə və ya təcili yardıma zəng edin.