Kontentə keç

Müqəddəs Kitabda nikah haqqında nə deyilir?

Müqəddəs Kitabda nikah haqqında nə deyilir?

Müqəddəs Kitabın cavabı

 Allah ilk kişi və qadını yaratdıqdan sonra onları nikahda birləşdirdi. O, nikahı ailənin təməlini qoyan kişi ilə qadın arasında xüsusi bir ittifaq kimi təsis etdi (Yaradılış 1:27, 28; 2:18).

 Allah istəyir ki, nikah ər-arvada xoşbəxtlik gətirsin (Məsəllər 5:18). Bunun üçün O, Müqəddəs Kitabda nikaha dair normalar və prinsiplər yazdırıb.

Bu məqalədə

 Allah nikaha dair hansı normalar qoyub?

 Lap əzəldən Allah nikahı bir kişi və bir qadın arasında ittifaq kimi yaradıb (Yaradılış 2:24). Çoxarvadlılıq, homoseksuallıq və kişi ilə qadının nikahdan əvvəl birgə yaşaması Allaha məqbul deyil (1 Korinflilərə 6:9; 1 Salonikililərə 4:3). İsa davamçılarına Allahın nikaha dair əzəli normasına riayət etməyi öyrədirdi (Mark 10:6—8).

 Allahın gözündə nikah əbədi ittifaqdır. Kişi ilə qadın evlənəndə and içirlər ki, bir-birilərinə sadiq qalacaqlar və ölüm onları ayıranadək birgə olacaqlar. Allah onlardan bu anda sadiq qalacaqlarını gözləyir (Mark 10:9).

 Müqəddəs Kitabda ayrı yaşamaq və boşanmaq haqqında nə deyilir?

 Bəzən, məsələn, hansısa təcili ailə məsələsini həll etmək üçün onlardan biri başqa yerə getməli olanda ər-arvad bir-birindən ayrı qalmalı olur. Amma Müqəddəs Kitab ər-arvad münasibətlərindəki problemlərə görə ayrı yaşamağı dəstəkləmir, əksinə, münasibətləri düzəltmək üçün onların üzərində işləməyə təşviq edir (1 Korinflilərə 7:10).

 Müqəddəs Kitaba əsasən, boşanmaq üçün yeganə səbəb zinadır (Mətta 19:9). Əgər ər-arvad zinadan başqa digər səbəbdən ayrı yaşamaq və ya boşanmaq qərarına gələrsə, Müqəddəs Kitaba görə, onlardan heç birinə başqası ilə görüşməyə və ya ailə qurmağa icazə verilmir (Mətta 5:32; 1 Korinflilərə 7:11).

 Allahın gözündə məqbul olması üçün nikah dövlət qeydiyyatından keçməlidir?

 Allah Ona ibadət edənlərdən nikah haqqında dövlət qanunlarına tabe olacaqlarını gözləyir (Titusa 3:1). Kişi ilə qadının nikahlarını dövlət qeydiyyatından keçirməsi göstərir ki, onlar hökumətə və nikahın Allahın gözündə əbədi ittifaq olduğuna dair normasına hörmət edirlər a.

 Müqəddəs Kitaba əsasən, ailədə ər-arvadın hansı vəzifə və məsuliyyətləri var?

  •   Ərlə arvadın məsuliyyətləri. Ərlə arvad bir-biri ilə məhəbbət və hörmətlə rəftar etməlidirlər (Efeslilərə 5:33). Onlar bir-birinin cinsi tələbatlarını məhəbbətlə ödəməli və istənilən növ xəyanətdən uzaq durmalıdırlar (1 Korinflilərə 7:3; İbranilərə 13:4). Əgər uşaqları varsa, onları boya-başa çatdırmaq hər ikisinin məsuliyyətidir (Məsəllər 6:20).

     Müqəddəs Kitabda ərlə arvadın ailəni dolandırmaq və ev işləri ilə bağlı vəzifələri aralarında necə bölüşdürməli olduqları təfərrüatı ilə göstərilmir. Onlar ailələri üçün nəyin daha yaxşı olacağına birgə qərar verməlidirlər.

  •   Ərin vəzifəsi. Müqəddəs Kitabda deyilir ki, «ər… arvadının başıdır» (Efeslilərə 5:23). Ərin arvadının başı olması o deməkdir ki, o, ailəsinə rəhbərlik etməli, eləcə də arvadının və uşaqlarının xeyrinə olacaq qərarlar verməlidir.

     Ər ailəsinin fiziki, emosional və ruhani tələbatlarının qayğısına qalmalıdır (1 Timutiyə 5:8). O, arvadı ilə sıx əməkdaşlıq etməklə və qərar verərkən onun fikirlərini və hisslərini nəzərə almaqla ona və bacarıqlarına dəyər verdiyini göstərir (Məsəllər 31:11, 28). Müqəddəs Kitaba əsasən, ər öz vəzifələrini məhəbbətlə icra etməlidir (Koloslulara 3:19).

  •   Arvadın vəzifəsi. Müqəddəs Kitaba deyilir ki, arvad ərinə dərin hörmət bəsləməlidir (Efeslilərə 5:33). Qadın Allahın ərinə ayırdığı vəzifəyə hörmət edəndə Allah sevinir.

     Arvadın ailədə vəzifəsi ərinə yaxşı qərarlar verməkdə kömək etmək və ona bir başçı kimi dəstək olmaqdır (Yaradılış 2:18). Müqəddəs Kitab ailədəki vacib vəzifələrini layiqincə icra edən qadınları yüksək tərifə layiq görür (Məsəllər 31:10).

 Allah bu gün evli cütlüklərdən uşaq sahibi olmağı tələb edir?

 Xeyr. Keçmişdə Allah bəzi xidmətçilərindən uşaq sahibi olmağı tələb etmişdi (Yaradılış 1:28; 9:1). Amma Allahın müasir xidmətçiləri olan məsihilərdən bu tələb olunmur. Nə İsa, nə də onun erkən davamçılarından kimsə belə göstəriş verməyib. Ər-arvad bu məsələdə özləri qərar verməlidir.

 Müqəddəs Kitab ailəni qorumağa necə kömək edə bilər?

 Müqəddəs Kitabda ailənin təməlinin əzəldən möhkəm olması üçün gözəl prinsiplər qələmə alınıb. Həmin prinsiplər həmçinin evli adamlara da problemlərdən qaçınmağa və çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər.

 Bu prinsiplər növbəti sahələrdə yararlıdır:

a Müqəddəs Kitabın adət üzrə (el adəti ilə) bağlanan nikahlara dair nöqteyi-nəzərini öyrənmək üçün «Gözətçi qülləsi» jurnalının 1 noyabr 2006-cı il tarixli sayının 10-cu səhifəsində 12-ci abzasa baxın.