Kontentə keç

Müqəddəs Kitabda dostluq barədə nə deyilir?

Müqəddəs Kitabda dostluq barədə nə deyilir?

Müqəddəs Kitabın cavabı

 Xoşbəxt və uğurlu həyat üçün dostluq çox vacibdir. Yaxşı dostlar bir-birilərinin ən gözəl xüsusiyyətlərini üzə çıxarır və bir-birilərinə müsbət təsir göstərir (Məsəllər 27:17).

 Ona görə də Müqəddəs Kitabda göstərilir ki, dost seçimində ehtiyatlı olmaq çox vacibdir. Orada yanlış insanlarla dostluq etməyin acı nəticələri göstərilir (Məsəllər 13:20; 1 Korinflilərə 15:33). Bu cür dostlar insanı ağılsız qərarlar verməyə sövq edə və əxlaqını poza bilər.

Bu məqalədə

 Əsl dost olmaq nə deməkdir?

 Müqəddəs Kitab öyrədir ki, əsl dostluq ümumi maraqlara və hobbiyə deyil, daha dərin şeylərə əsaslanmalıdır. Məsələn, Zəbur 119:63-də deyilir: «Səndən a qorxanlarla, buyruqlarına əməl edənlərlə dostam». Fikir verin, bu sözləri yazan məzmurçu deyir ki, o, Allahdan qorxanlarla və Onun qayda-qanunlarına uyğun yaşayanlarla dostluq edir.

 Müqəddəs Kitabda həmçinin yaxşı dosta xas olan xüsusiyyətlər göstərilir. Məsələn:

  •   «Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

  •   «Yoldaşlar var bir-birini didməyə hazırdır, amma dost var, qardaşdan yaxındır» (Məsəllər 18:24).

 Bu ayələrdən aydın olur ki, əsl dost sadiq, məhəbbətli, xeyirxah və əliaçıqdır. Əsl dost həyatımızın həm yaxşı, həm də pis anlarında yanımızda olur. Həmçinin pis yola qədəm qoymaq və ya səhv qərar vermək üzrə olarıqsa, əsl dost bunu bizə deməkdən çəkinməyəcək (Məsəllər 27:6, 9).

 Müqəddəs Kitabda hansı əsl dostluq nümunələri var?

 Müqəddəs Kitabda yaşı, mənşəyi, mədəniyyəti və cəmiyyətdəki mövqeyi müxtəlif olan insanların dostluq nümunələri var. Gəlin üç belə nümunəyə baxaq.

  •   Rut və Naimə. Rut Naimənin gəlini idi və çox yəqin ki, onların arasında böyük yaş fərqi var idi. Üstəlik, Rut başqa millətdən və mədəniyyətdən idi. Buna baxmayaraq, onlar çox yaxın və gözəl dost oldular (Rut 1:16).

  •   Davud və Yonatan. Çox ehtimal ki, Yonatan Davuddan 30 yaş böyük idi. Bununla belə, Müqəddəs Kitabda deyilir ki, «Yonatanın qəlbi Davuda bağlandı», yəni onlar yaxın dost oldular (1 İşmuil 18:1).

  •   İsa və həvariləri. İsa həvarilərinin ustadı və ağası idi (Yəhya 13:13). Lakin İsa hesab etmirdi ki, onlar onun dostluğuna layiq deyillər. Əksinə, İsa onun təlimlərinə əməl edənlərlə dostluq edirdi. O demişdi: «Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim hər şeyi sizə bildirdim» (Yəhya 15:14, 15).

 Allahla dost olmaq mümkündür?

 Bəli, mümkündür. Müqəddəs Kitabda deyilir: «Yehova b… saleh adamla dostluq edər» (Məsəllər 3:32). Başqa sözlə desək, Allah ləyaqətli, dürüst, vicdanlı və Onun qayda-qanunlarına uyğun yaşayan insanlarla dostluq edir. Məsələn, Allaha sadiq olan İbrahim Müqəddəs Kitabda Onun dostu adlanır (2 Salnamələr 20:7; Əşiya 41:8; Yaqub 2:23).

a Bu məzmurun kontekstindən görünür ki, bu ayədə «Səndən» deyəndə Allah nəzərdə tutulur.