Kontentə keç

14 SENTYABR 2017
BİRLƏŞMİŞ ŞTATLAR

Birləşmiş Ştatlardakı Yehovanın Şahidləri Harvi qasırğasından zərər çəkən dindaşlarına yardım edir

Birləşmiş Ştatlardakı Yehovanın Şahidləri Harvi qasırğasından zərər çəkən dindaşlarına yardım edir

NYU-YORK. Cümə günü, 25 avqust 2017-ci il tarixində 4-cü kateqoriya gücündə olan Harvi qasırğası Texasın Rokportu şəhərini cənginə aldı. Qasırğa bazar günü tropik fırtına səviyyəsinə qədər zəifləsə də, avqustun 30-na kimi Texasın cənub-şərq hissəsini darmadağın edib. Birləşmiş Ştatlar filialı qasırğanın bacı-qardaşlarımıza vurduğu zərər barədə ilk məlumatlar alıblar.

Harvi qasırğasının tüğyan etdiyi ərazilərdə təxminən 84000 Yehovanın Şahidi yaşayır. Alınan məlumatlara əsasən, onların arasında həyatını itirən olmayıb. Lakin 9 nəfər xəsarət alıb, 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Yehovanın Şahidi olan 5566 nəfər evini tərk etmək məcburiyyətində qalıb. Qasırğa nəticəsində bacı-qardaşlarımızın 475 evinə ciddi ziyan dəyib, 1182 ev isə yüngül zədələnib.

Ostin, Dalla və San-Antonio şəhərlərində xidmət edən rayon nəzarətçilərinin köməyilə təbii fəlakətlərdən zərərçəkənlərə yardım təşkil olunur. Bu şəhərlərdə yaşayan yüzlərlə bacı-qardaş Hyustonda və Texasın sahilyanı ərazilərində evlərindən didərgin düşən Yehovanın Şahidlərinə öz evlərinin qapısını açıb. Digər bacı-qardaşlar isə 300 tona yaxın ərzaq, su və digər zəruri vəsaitlər ianə ediblər (Məsəllər 3:27; İbranilərə 13:1, 2).

Rayon nəzarətçilərinin verdiyi xəbərə əsasən, yığıncaqlar ibadətlərini bərpa edir. Birləşmiş Ştatların filial komitəsinin üzvləri qasırğanın ziyan vurduğu ərazilərdəki bacı-qardaşlara baş çəkib onlara təsəlli verməyi planlaşdırır.

Yehovanın Şahidlərinin rəsmi nümayəndəsi Deyvid Semonian deyir: «Harvi qasırğasından zərərçəkənlərin dərdinə şərikik. Fəlakətdən sonra yardım göstərən bütün könüllülərə öz minnətdarlığımızı bildiririk. Qasırğadan zərər çəkmiş dindaşlarımız üçün dua edirik. Onları təşviq edirik ki, məhəbbətli Allahımız Yehovanın onlara dayaq olacağına inamlarını itirməsinlər» (Zəbur 55:8, 22; Əşiya 33:2; 40:11).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000