Kontentə keç

Kolumbiyanın Konstitusiya Məhkəməsi

9 İYUN 2021
KOLUMBİYA

Tarixi qərar: Kolumbiyanın Konstitusiya Məhkəməsi yeniyetmənin din azadlığı hüququnu tanıdı

Tarixi qərar: Kolumbiyanın Konstitusiya Məhkəməsi yeniyetmənin din azadlığı hüququnu tanıdı

7 aprel 2021-ci il tarixində Kolumbiyanın Konstitusiya Məhkəməsi həddi-büluğa çatmamış bacımızın xeyrinə qərar verərək onu yetkin kimi tanıdı. Bu ona müalicə ilə bağlı qərar vermək hüququ verir. Bacı xahiş etmişdi ki, onun müalicəsi qan köçürülmədən aparılsın. Konstitusiya məhkəməsi həm də həddi-büluğa çatmamış yetkin gənc tərəfindən imzalanan «Qan olmaz» blankının hüquqi qüvvəyə malik olduğunu tanıdı və bildirdi ki, belə gənclərin valideynləri övladlarının müalicə məsələsinə biganə deyillər.

Daniela Kaysedo valideynləri ilə

27 may 2020-ci il tarixində o vaxt 16 yaşı olan Daniela Kaysedoya kəskin limfoblastik leykemiya (B-hüceyrə tipli) diaqnozu qoyulmuşdu. Həkimlər kimyəvi terapiya və qanköçürmə təyin etdilər. Zəif olmasına baxmayaraq, Daniela həkimlərə izah etdi ki, Müqəddəs Kitaba əsaslanan dini əqidəsinə görə qanköçürmədən imtina edir (Həvarilərin işləri 15:29).

24 iyun 2020-ci il tarixində Kolumbiya Ailə Rifahı İnstitutu (ICBF), Danielanın istəyini nəzərə almadan həkimlərə ona qan köçürmək səlahiyyətini verdi. İnstitut onun psixoloji ekspertizadan keçməsini də tələb etdi. Ekspertiza bacının əqli və emosional cəhətdən yetkin insan olduğunu, müalicə ilə bağlı qərar vermək iqtidarında olduğunu göstərdi. Həmçinin məlum oldu ki, o, qandan təzyiq göstərildiyi üçün imtina etmir, əksinə, bu onun dini əqidəsinə əsaslanan şüurlu qərarıdır.

Aşağı instansiya məhkəməsi qət etdi ki, o, həddi-büluğa çatmayan yetkin gənc kimi, qanköçürmədən imtina edə bilər. Lakin apelyasiya instansiyası bildirdi ki, əgər onu müalicə edən həkim qanköçürməni zəruri hesab edirsə, bacıya qan köçürülə bilər. Daniela Konstitusiya məhkəməsinə müraciət etmək qərarına gəldi və valideynləri onu dəstəklədi.

Konstitusiya məhkəməsinin qəti qərarına əsasən, din azadlığı «insanın Allahla şəxsi münasibətlərə malik olmaq və onları əməldə göstərmək» hüququnu müdafiə edir. Məhkəmə bildirdi ki, məcburi qanköçürmə Danielanın Allahla münasibətlərini pozacaq, onun hüquq və ləyaqətinə qəsd edəcək. Məhkəmə həmçinin onun münasib bildiyi müalicəni almaq, o cümlədən müalicəsində qandan imtina etmək hüququnu da tanıdı.

Bu vacib qərar göstərdi ki, tibb işçiləri həddi-büluğa çatmamış yetkin Yehovanın Şahidlərinin dini əqidələrinə zidd olmayan müalicə almaq hüququna hörmət etməlidirlər. Bu işin üzərində işləyən vəkillərdən biri deyib: «Konstitusiya məhkəməsi tanıdı ki, həddi-büluğa çatmayan yetkin gənclərin yaşamaq hüququ kimi vacib hüququ insan ləyaqəti ilə sıx bağlıdır. Bu səbəbdən həddi-büluğa çatmayan yetkin gəncin xoşbəxt həyat sürməsi üçün onun dini əqidəsinə hörmət edilməlidir, hakimlər və həkimlər bu əqidə ilə razı olmasa belə».

Məhkəmənin qərarından sonra Daniela dedi: «Ən çox Yehovanın adının şərəfləndiyinə sevinirəm. Bu hadisədən bir şey öyrəndim: Yehova istənilən sınağı Onu nə qədər sevdiyimizi göstərmək imkanına çevirməyə qadirdir».

Danielanın səhhəti sabitdir, o, keyfiyyətli müalicə almağa davam edir. 2021-ci ilin avqust ayında bacı Öncül məktəbini keçməyi planlaşdırır. Yehova gənc məsihilərin öz əməlləri ilə Ona şərəf gətirdiklərini görəndə sevinir (Zəbur 148:12, 13).