Kontentə keç

Yehova həyatımızı xilas etdi

Yehova həyatımızı xilas etdi

 Hindistanda yaşayan Saubaqya adlı bir qadının ömür-gün yoldaşı 2005-ci ildə vəfat edir. Saubaqyanın yoldaşı həm ona, həm də üçyaşlı qızı Meqanaya çox yaxşı baxırdı. Yoldaşının ölümündən sonra Saubaqyaya dolanışıqlarını təmin etmək çox çətin idi, o, qəpiyi qəpiyə calayırdı.

 Ən betəri də o idi ki, hamı ondan üz döndərdi. Qohumları ona və qızına dilənçi kimi yanaşır, hər dəfə deyirdilər ki, onlar üçün ağır yükdürlər. Saubaqya təsəlli tapmaq üçün kilsəyə getməyə başlayır, amma kasıb olduğu üçün oradakılar da ona yuxarıdan aşağı baxırdılar. Saubaqya ona-buna möhtac olmamaq üçün iş axtarmağa başladı. Amma özünü nə qədər oda-közə vursa da, iş tapa bilmirdi ki bilmirdi.

 Saubaqya deyir: «Ümidim tükənmişdi, intihardan başqa çarə görmürdüm. Bir tərəfdən də bilirdim ki, mən ölsəm, qızıma baxan olmayacaq. Buna görə də qərara gəldim ki, ikimizin də canına qıyım». Özünü dəyərsiz, lazımsız hiss edən Saubaqya zəhər almağa yollanır.

 Saubaqya evə qayıdarkən qatarda Elizabet adlı Yehovanın Şahidi ilə tanış olur. O, söhbət əsnasında işsiz olduğunu deyir. Elizabet ona iş tapmaq üçün öz köməyini təklif edir, həmçinin bildirir ki, indi Müqəddəs Kitab dərsi keçməyə gedir. Bu, Saubaqyaya maraqlı gəlir, çünki nə qədər kilsələrdə olsa da, heç vaxt Müqəddəs Kitab dərsləri barədə eşitməmişdi. Müqəddəs Kitab dərsləri haqda ətraflı danışmaq üçün Elizabet onu evlərinə qonaq çağırır.

 Saubaqya evə çatanda hələ də intihar etmək fikrində idi. Amma bir qohumu Meqananı gəzməyə aparmışdı, buna görə də Saubaqya planını həyata keçirmək üçün qızının evə gəlməyini gözləyir.

 Bu arada Saubaqya Elizabeti ziyarət edir. Elizabet onu çox xoş qarşılayır. Söhbət əsnasında ona «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabını göstərir. Bu kitabdakı «Ölənlər haradadırlar?» adlı fəsil Saubaqyada maraq doğurur. Çünki bu yaxınlarda o, yoldaşını itirmişdi. Elə həmin gündən Saubaqya Müqəddəs Kitabı araşdırmağa başlayır.

 Elizabet Saubaqyanı növbəti həftə keçiriləcək toplantıya dəvət edir və o razılaşır. Toplantı Saubaqyanın o qədər xoşuna gəlir ki, o, Yehovanın Şahidi olmaq qərarına gəlir. Toplantıdan evə qayıdan kimi o, iş tapır.

 Saubaqya Müqəddəs Kitabı öyrənməyə davam etdi. Artıq onun intihar etmək üçün yox, yaşamaq üçün səbəbi var idi. Saubaqya vəftiz olundu, bir müddətdən sonra isə qızı Meqana vəftiz olundu. İndi onların hər ikisi öncüldür. Meqana Hindistanın tərcümə ofislərinin birində məsafədən işləyən könüllü kimi xidmət edir.

Saubaqya və Meqana

 Nə yaxşı ki Elizabet həmin gün qatarda Saubaqyaya yaxınlaşıb səmimi maraq göstərdi, onunla Müqəddəs Kitab həqiqətlərini bölüşdü. Saubaqya və Meqana göydə Yehovaya, yerdə Elizabetə minnətdardırlar. Meqana deyir: «Əgər həmin gün həqiqəti öyrənməsəydik, indi ikimizdə həyatda yox idik. Anam da, mən də yenidən atamı qucaqlayacağımız günün həsrətindəyik. Atama Yehova haqda, Onun həyatımızı necə xilas etdiyi haqda danışacağıq».