Kontentə keç

Maroni çayına səyahət

Maroni çayına səyahət

 Cənubi Amerikada səs-küylü şəhər həyatından uzaqda, Amazon cəngəlliklərində müxtəlif dillərdə danışan tayfalar və xalqlar yaşayır. 2017-ci il iyul ayında 13 nəfərdən ibarət bir qrup Maroni çayına və onun şərq sahilində yerləşən Fransız Qvianasına yola düşdü. Bəs görəsən Yehovanın Şahidi olan bu adamların məqsədi nə idi? Onlar Müqəddəs Kitabda yazılan ümidi çay boyunca məskunlaşmış insanlara çatdırmağa gedirdilər.

Səyahətə hazırlıq

 On iki günlük səyahətə çıxmazdan bir ay əvvəl iştirakçıların hamısı səyahətlə bağlı keçirilən görüşə gəldilər. «Biz bu ərazi, oranın tarixi barədə öyrəndik. Həmçinin yola hazırlıq barədə danışdıq», — deyə Vinsle bölüşür. İştirakçıların hər birinə qamak (asma yataq) və həşəratdan qoruyan tor qoymaq üçün sukeçirməyən qab verdilər. Onlar təyyarə ilə iki uçuş edəcəkdilər və balaca qayıqla saatlarla yol gedəcəkdilər.

Kloud və Lizet

 Bəs iştirakçılar bu dəvət barədə nə fikirləşirdilər? Təqaüd yaşlarını haqlamış Kloud və Lizet dəvəti dərhal qəbul etdilər. Kloud deyir: «Sevincim aşıb-daşırdı, amma ürəyimdə azacıq qorxu var idi. Çayın təhlükəli axınları barədə çox eşitmişdim». Lizeti isə başqa şeylər narahat edirdi. O deyir: «Fikirləşirdim, görəsən, amerind dillərində necə danışacağam».

 Mikaeli də eyni şey narahat edirdi. O deyir: «Biz vayana qəbiləsi haqqında, demək olar ki, heç nə bilmirdik. İnternetdə axtarış aparıb, bir-iki söz öyrəndim ki, camaatı öz dilində salamlayım».

 Şerli bu səyahətə həyat yoldaşı Yuanla birgə gedirdi. O, çay boyunca danışılan dillərin siyahısını tutmuşdu. Şerli deyir: «Biz jw.org saytından bu dillərin əksəriyyətində videolar yüklədik və vayana dilində əsas ifadələr kitabı aldıq».

Amerindlər ölkəsində

 Qrup iyulun 4-ü çərşənbə axşamı Sen-Loran-dü-Maroni hava limanında təyyarəyə minib, Fransa Qvianasının ucqar ərazisində yerləşən kiçik Maripasula şəhərinə uçdular.

 Qrup dörd saat ərzində piroq adlanan mühərrikli qayıqlarda gedərək Maroni çayının yuxarı qollarının sahilində yerləşən kəndlərin sakinlərinə təbliğ etdilər. Qrupun bir üzvü olan Roland deyir: «İnsanlar Müqəddəs Kitaba böyük maraq göstərirdilər. Onların çoxlu sualları var idi. Bəziləri istəyirdilər ki, onlarla Müqəddəs Kitab dərsi keçək».

 Yuanla Şerli bir kənddə cavan ər-arvadla tanış oldular. Onların bir qohumu təzəlikcə intihar etmişdi. Yuan deyir: «Biz onlara JW televiziyasında “Hindu Yaradanını tapır” adlı videonu göstərdik. Video onlara güclü təsir bağışladı. Onlar bizə elektron ünvanlarını verdilər. Bizimlə əlaqə saxlamaq istəyirdilər».

 Qrupun getdiyi ən uzaq kənd çayın yuxarı hissəsində yerləşən Antekum Pataya idi. Kəndin böyüyü yorğun təbliğçilərə ümumi ərazidə qamaklarını asmağa icazə verdi. Onlar həm də yerlilər kimi, çayda çimdilər.

 Qrup oradan Tvenkey kəndinə getdi. Orada sakinlər bir adamın ölümünə görə yasda idi. Səyahəti təşkil edənlərdən biri olan Erik deyir: «Tayfa başçısı bizə kənddə sərbəst gəzib, yaslılara təsəlli verməyə icazə verdi. Vayana dilində Müqəddəs Kitabdan oxuduğumuz ayələr başçının və ailə üzvlərinin çox xoşuna gəldi. Biz həm də Müqəddəs Kitabın dirilmə vədinin təsvir olunduğu videoları da göstərdik».

Qran-Santi və Apatu

 Qrupun növbəti mənzili çayın aşağı sahillərində yerləşən Qran-Santinin kiçik şəhəri idi. Maripasuladan oraya təyyarə ilə yarım saatlıq yol idi. Həftənin ikinci və üçüncü günü qrup üzvləri yerli əhaliyə Müqəddəs Kitabdakı xoş xəbəri çatdırdı. Dördüncü gün isə başqa səfərə üz tutdular. Beş saat yarım yol gedib, Maroni çayının aşağı sahilində yerləşən Apatu kəndinə çatdılar.

Maroni çayı və Maripasula ilə Qran-Santi arasında yerləşən Amazon cəngəllikləri

 Səyahətin sonuna bir gün qalmış qrup maronların meşədə yerləşən kəndlərinə baş çəkdi. Maronlar qonşu Surinamın koloniya dövründə Cənubi Amerikaya gətirilən afrikalı qulların törəmələridir. Şahidlər hər kəsi meşədə böyük çadırda keçiriləcək görüşə dəvət etdilər. Bu çadır məhz bu tədbir üçün qurulmuşdu. Kloud deyir: «Xeyli adam gəlmişdi. Sevincimiz yerə-göyə sığmırdı. Onları elə həmin gün səhər dəvət etmişdik». Ucqar yerə birinci dəfə səyahət edən Karsten aukan dilində «Həyat elə budur?» adlı məruzə ilə çıxış etdi. Görüşə müxtəlif kəndlərdən 91 nəfər gəlmişdi.

«Biz yenə getməyə hazırıq!»

 Axırda, qrup Sen-Loran-dü-Maroniyə qayıtdı. Təbliğçilər çox sevinirdi. Sakinlər xoş xəbərə hay vermişdilər, Yehovanın Şahidlərinin dərc etdiyi nəşrlərdən çoxlu sayda götürmüşdülər və çoxlu videoya baxmışdılar.

 Lizet deyir: «Bu səfərə çıxdığıma görə böyük sevinc duyuram. Bunu sözlə ifadə etmək mümkün deyil». Sindi də onun sözlərinə şərikdir: «Əgər imkanım olsa, yalvar-yaxar edib, yenə də gedərdim. Məni başa düşmək üçün bunu yaşamaq lazımdır!»

Bu səfər qrup üzvlərinin bəzilərində yenə də ora qayıtmaq istəyi oyatdı. Mikael deyir: «Biz yenə getməyə hazırıq!» Vinsle Sen-Loran-dü-Maroniyə köçdü. 60 yaşlarında olan Kloud və Lizet Apatuya köçmək qərarına gəldi.