Kontentə keç

Onların həbsxana formasına bənövşəyi üçbucaq tikilmişdi

Onların həbsxana formasına bənövşəyi üçbucaq tikilmişdi

 Mod Fransada yaşayır və əlil uşaqlar üçün olan məktəbdə işləyir. O, dərs vaxtı şagirdlərə kömək edir. Bu yaxınlarda bir sinifdə Holokost və Nasist həbs düşərgələri barədə dərs keçirdilər. Düşərgədəki məhbuslar üstünə rəngli parçadan yarlıq tikilmiş forma geyinirdilər. Yarlığın rəngi və forması məhbusun nəyə görə həbs olunduğunu göstərirdi.

 Müəllim bəzi məhbusların formasına tikilən bənövşəyi üçbucaq barədə dedi: «Məncə, bu yarlıq homoseksualların formasına tikilirdi». Dərsdən sonra Mod müəllimlə danışıb izah etdi ki, nasistlər bənövşəyi üçbucağı Yehovanın Şahidlərinin formasına tikirdilər a. Həmçinin təklif etdi ki, ona bu mövzu ilə bağlı məlumat təqdim etsin. Müəllim razılaşdı və Moddan xahiş etdi ki, bu haqda şagirdlərə də məlumat versin.

 O biri sinifdə eyni mövzu keçiləndə başqa müəllim məhbusların formasına tikilən müxtəlif yarlıqların qeyd olunduğu diaqram göstərirdi. Diaqramda qeyd olunmuşdu ki, bənövşəyi üçbucaq Yehovanın Şahidlərinin geyindiyi formada olurdu. Dərsdən sonra Mod bu müəllimə də mövzu ilə bağlı məlumat verməyi təklif etdi. Müəllim razılaşdı və Modun şagirdlərin qarşısında çıxış etməsinə icazə verdi.

Mod istifadə etdiyi nəşrləri əlində tutub

 Mod ilk sinif üçün 15 dəqiqəlik çıxış hazırladı. Amma ona bir saat vaxt verdilər. Mod əvvəlcə Yehovanın Şahidlərinin nasistlər tərəfindən təqib olunması barədə sənədli film göstərdi. Filmdə nasistlərin Yehovanın Şahidi olan 800 uşağın valideynlərinin əlindən alındığı deyilən məqama çatanda Mod videonu saxlayıb, o uşaqlardan üçünün başına gələnlər barədə oxudu. Film başa çatandan sonra Mod avstriyalı 19 yaşlı Gerhard Ştaynaxerin 1940-cı ildə nasistlər tərəfindən edam olunmazdan bir neçə saat əvvəl valideynlərinə yazdığı vida məktubunu oxudu b.

 Mod ikinci sinfə də eyni materialı təqdim etdi. Onun cəsarəti sayəsində indi müəllimlərin ikisi də nasist həbs düşərgələrinin qurbanları barədə dərs keçəndə Yehovanın Şahidlərinin adını çəkirlər.

a Almaniyada Bibelforşer (Müqəddəs Kitab şagirdləri) kimi də tanınan Yehovanın Şahidləri İkinci Dünya müharibəsi zamanı nasistləri dəstəkləmədikləri üçün həbs olunmuşdurlar.

b Gerhard Ştaynaxer alman ordusuna qoşulmaqdan imtina etdiyinə görə ölümə məhkum olunmuşdu. O, vida məktubunda yazmışdı: «Mən hələ uşağam və yalnız Ağanın verdiyi güc sayəsində buna dözə bilərəm. Mən ondan elə bunu istəyirəm». Növbəti gün Gerhard edam olunmuşdu. Onun qəbirüstü abidəsində bu sözlər yazılıb: «O, Allah yolunda canından keçdi».