Kontentə keç

Mündəricatı göstər

Kainatdan nə öyrənirik?

Kainatdan nə öyrənirik?

Kainat astronomları valeh edir. Onlar Kainatı öyrənmək üçün daima yeni-yeni cihazlar ixtira edirlər. Bəs nə aşkar ediblər?

Kainatda nizam var. «Astronomi» jurnalında dərc olunan bir məqaləyə əsasən, «qalaktikalar Kainata necə gəldi səpələnməyib, tor şəklində, nizamla təşkil olunub». Bu necə mümkündür? Alimlərin fikrincə, bunun sirri «qaranlıq materiya» adlanan gözəgörünməz materiyadadır. Belə hesab olunur ki, qaranlıq materiya qalaktikaları, qalaktika topalarını və super topalarını bir yerdə saxlayan gözəgörünməz platformadır.

Kainatdakı bu nizam-intizam haradan peyda olub? Bütün bunlar öz-özünə mövcud ola bilər? Bununla bağlı Alan Sandicin dediyi sözlər diqqətəlayiqdir. O, XX əsrin ən görkəmli, ən tanınmış astronomlarından idi və Allaha inanırdı.

O demişdi: «Xaosdan belə bir nizam-intizamın yaranması mənim təsəvvürümdə qeyri-mümkün bir şeydir. Bu nizam-intizamı yaradan nəsə olmalıdır».

Kainat yaşayış üçün əlverişlidir. Gəlin alimlərin zəif nüvə qüvvəsi adlandırdıqları qüvvəni nəzərdən keçirək. Bu qüvvə Günəşdəki nüvə reaksiyasının sabit şəkildə baş verməsini təmin edir. Əgər zəif nüvə qüvvəsi daha zəif olsaydı, Günəş heç vaxt yaranmazdı. Yox əgər güclü olsaydı, Günəş çoxdan yox olardı.

Zəif nüvə qüvvəsi Kainatda mövcud olan qüvvələrdən sadəcə biridir. Bu qüvvələrin hər biri elə dəqiq ölçülərə sahibdir ki, bunun sayəsində həyat mövcud ola bilir. Alim-yazıçı Anil Anantasvami deyir ki, əgər bu qüvvələrin heç olmasa birinin ölçüsü fərqli olsaydı, «ulduzlar, planetlər və qalaktikalar heç vaxt əmələ gəlməzdi. Həyat mövcud olmazdı».

Bəşəriyyətin mükəmməl evi. Yer kürəsi həyat üçün lazımi atmosferə malikdir. Orada məhz lazımi qədər su var. Bundan başqa, Yerin peyki olan Ay elə mükəmməl ölçüdədir ki, bunun sayəsində Yer öz oxu ətrafında sabit şəkildə fırlanır. «Yer bir-birilə əlaqəli olan geoloji, ekoloji quruluşu və canlı aləmi sayəsində yeganə planetdir ki, orada insanların yaşaması üçün əlverişli şərait mövcuddur», — deyə «Neşnl Ceoqrafik» jurnalında qeyd olunur *.

Bir yazıçının sözlərinə görə, bizim Günəş sistemimiz qalaktikamızın ucqar yerində yerləşir. Amma məhz elə bunun sayəsində Yer kürəsində həyat mövcuddur. Əgər biz digər ulduzlara yaxın olsaydıq, istər qalaktikanın mərkəzində, yaxud da onun spiral qolları arasında yerləşsəydik, o zaman güclü radiasiya ucbatından həyat mövcud olmayacaqdı. Ancaq Yer kürəsi bəzi alimlərin «qalaktikanın yaşayış zonası» adlandırdıqları yerdə yerləşir.

Kainat və onun qanunları haqda olan elmi biliyinə əsaslanaraq fizikaçı Pol Deyvis belə bir qənaətə gəlmişdir: «Mən heç vaxt inanmaram ki, bizim bu Kainatda mövcudluğumuz sadəcə taleyin oyunu, kor təsadüf, böyük kosmik dramda təsadüfi bir epizoddur... Bizim mövcudluğumuzun bir səbəbi olmalıdır». Pol Deyvis Kainatı və insanı Allahın yaratdığını düşünmür. Bəs siz nə düşünürsünüz? Kainat və Yer kürəsi elə qurulub ki, orada həyat mövcud ola bilsin. Ola bilərmi ki, buna səbəb onun Kiminsə tərəfindən yaradılması olsun?

^ abz. 8 «Neşnl Ceoqrafik» jurnalındakı məqalədə o nəzərdə tutulmur ki, Yer kürəsini və insanları Allah yaradıb. Sadəcə, Yer kürəsinin insanların yaşaması üçün nə dərəcədə əlverişli olduğu barədə yazılıb.