Kontentə keç

Müqəddəs Kitabda özünü sevmək barədə nə deyilir?

Müqəddəs Kitabda özünü sevmək barədə nə deyilir?

Müqəddəs Yazıların cavabı

 Müqəddəs Kitab özünü qədərində sevməyin düzgün, hətta vacib olduğunu göstərir. Belə sevgi insanın öz qeydinə qalması, özünə hörmət etməsi və özünəinam hissinə sahib olması deməkdir (Mətta 10:31). Müqəddəs Kitab özünəvurğunluğa yox, özünü sevməyə haqq qazandırır.

İlk növbədə kimi sevməliyik?

  1.   Allaha sevgi qəlbimizdə ilk yerdə olmalıdır. Müqəddəs Kitab öyrədir ki, ən böyük əmr «Allahın Yehovanı bütün qəlbinlə sev» əmridir (Mark 12:28—30; Qanunun təkrarı 6:5).

  2.   İkinci ən böyük əmr isə «başqasını özünü sevdiyin kimi sev» əmridir (Mark 12:31; Lavililər 19:18).

  3.   Müqəddəs Kitabda özünü sevməyə aid xüsusi bir əmr olmasa da, «başqasını özünü sevdiyin kimi sev» əmri özünü qədərində sevməyin və özünə hörmət etməyin normal və faydalı olduğunu göstərir.

İsa ilk növbədə kimi sevirdi?

 İsa Allaha, başqalarına və özünə sevgiyə tarazlı yanaşmağın nə demək olduğunu göstərdi, həmçinin şagirdlərinə öz nümunəsini izləməyi əmr etdi (Yəhya 13:34, 35).

  1.   İsa ilk öncə Yehovanı sevdi və özünü Onun iradəsini yerinə yetirmək üçün həsr etdi. O demişdi: «Atamı sevdiyimi dünya bilsin deyə, hər şeyi Atamın mənə buyurduğu kimi edirəm» (Yəhya 14:31).

  2.   İsa başqalarını da sevirdi. O, bu sevgini onların qayğısını çəkməklə göstərirdi. Hətta özünü qurban verməli olsa belə! (Mətta 20:28).

  3.   İsa həmçinin özünü qədərində sevdiyini şagirdləri və həvariləri ilə birlikdə istirahətə, yeməyə və əylənməyə vaxt ayırmaqla göstərdi (Mark 6:31, 32; Luka 5:29; Yəhya 2:1, 2; 12:2).

Başqalarını özümüzdən çox sevsək, bu, xoşbəxtliyimizi və özünəinam hissimizi kölgədə qoyacaq?

 Xeyr. Çünki biz Allahın bənzərində yaradılmışıq. Onun əsas xüsusiyyəti isə fədakar sevgidir (Yaradılış 1:27; 1 Yəhya 4:8). Bu, o deməkdir ki, biz başqalarına məhəbbət göstərmək üçün yaradılmışıq. Düzdür, özünü sevməyin öz yeri var, amma bizi ən xoşbəxt edən şey Allaha olan sevgimiz və başqaları üçün etdiyimiz yaxşılıqlardır. Müqəddəs Kitabda deyilir: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).

 Bu gün bir çox insanlar iddia edir ki, xoşbəxtlik ilk öncə özümüzü sevməkdən asılıdır. Onlar başqalarını sevməyi unudub, ancaq özlərini sevirlər. Bununla belə, faktlar göstərir ki, Müqəddəs Kitabın növbəti ayəsində yazılan müdrik məsləhətə əməl edən insanlar daha xoşbəxt və sağlam olur. Həmin ayədə yazılıb: «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24).