Kontentə keç

Yeni Yerusəlim nədir?

Yeni Yerusəlim nədir?

Müqəddəs Kitabın cavabı

 Müqəddəs Kitabda iki dəfə rast gəlinən «Yeni Yerusəlim» ifadəsi simvolik bir şəhəri təmsil edir. Bu şəhər İsa ilə birlikdə Allahın Padşahlığını idarə etmək üçün göylərə qaldırılan bir qrup davamçılarını təsvir edir (Vəhy 3:12; 21:2). Müqəddəs Kitabda bu qrup həmçinin Məsihin nişanlısı da adlanır.

Yeni Yerusəlimi müəyyən edən məqamlar

  1.   Yeni Yerusəlim göydədir. Müqəddəs Kitabda hər dəfə Yeni Yerusəlimdən bəhs ediləndə deyilir ki, darvazası mələklər tərəfindən mühafizə olunan bu şəhər göylərdən enib (Vəhy 3:12; 21:2, 10, 12). Həmçinin şəhərin ölçüsünün böyük olması göstərir ki, o, yer üzündə mövcud ola bilməz. Onun eninin, uzunluğunun və hündürlüyünün ümumilikdə ölçüsü təxminən «12000 stadi»dir a (Vəhy 21:16). Tərəfləri isə təxminən 560 kilometr hündürlüyündədir, beləliklə, onların bir ucu gedib göyə çıxır.

  2.   Yeni Yerusəlim İsanın bir qrup davamçılarından ibarətdir. Bu şəhər «gəlin», «Quzunun arvadı» adlanır (Vəhy 21:9, 10). Burada Quzu İsa Məsihi təsvir edir (Yəhya 1:29; Vəhy 5:12). «Quzunun arvadı», Məsihin nişanlısı göydə İsanın yanında olacaq məsihilərdir. Müqəddəs Kitab İsa ilə bu məsihilər arasındakı münasibəti ər-arvad münasibətinə bənzədir (2 Korinflilərə 11:2; Efeslilərə 5:23—25). Bundan əlavə, Yeni Yerusəlimin bünövrə daşlarında «Quzunun On İki həvarisinin adı» yazılıb (Vəhy 21:14). Göydə yaşamaq üçün çağırılan bu məsihilər «həvarilərdən və peyğəmbərlərdən ibarət təməlin üzərində [tikilib]» (Efeslilərə 2:20). Bu məlumat Yeni Yerusəlimi müəyyən etməyə kömək edir.

  3.   Yeni Yerusəlim səmavi hökumətin bir hissəsidir. Qədim Yerusəlim İsrailin paytaxtı idi. Orada Davud Padşah, oğlu Süleyman və onların nəsli «Yehovanın taxtında» oturub hakimiyyət sürürdü (1 Salnamələr 29:23). Buna görə də «müqəddəs şəhər» adlanan Yerusəlim Allahın Davud sülaləsi vasitəsilə ifadə olunan hakimiyyətini təmsil edirdi (Nəhəmya 11:1). Yeni Yerusəlim də həmçinin «müqəddəs şəhər» adlanır və İsa ilə birlikdə «yer üzərində padşahlıq edəcək» kəslərdən ibarətdir (Vəhy 5:9, 10; 21:2).

  4.   Yeni Yerusəlim yer üzünün sakinlərinə nemətlər bəxş edir. Yeni Yerusəlimin «göydən, Allahın yanından» enən kimi təsvir olunması göstərir ki, Allah göyə aid olmayan məsələləri həll etmək üçün ondan istifadə edir (Vəhy 21:2). Bu ifadə Yeni Yerusəlimi Allahın Padşahlığı ilə əlaqələndirir və onun sayəsində Allahın iradəsi «göydə olduğu kimi, yerdə də yerinə [yetəcək]» (Mətta 6:10). Allahın yer üzündə yaşayacaq insanlarla bağlı niyyətinə aşağıdakı nemətlər daxildir:

    •   Günahın aradan qaldırılması. «Həyat suyu axan...bir çay» Yeni Yerusəlimdən çıxır və «xalqların şəfa tapması üçün» olan «həyat ağacları» bu su ilə qidalanır (Vəhy 22:1, 2). Bu fiziki və ruhani şəfa günahı aradan qaldıracaq və bunun sayəsində Allahın əzəldən niyyət etdiyi kimi insanlar kamil həyata qovuşacaqlar (Romalılara 8:21).

    •   Allahla bəşəriyyət arasındakı yaxşı münasibətlər. Günah insanları Allahdan uzaqlaşdırdı (Əşiya 59:2). Günahın aradan qaldırılması sayəsində Müqəddəs Kitabdakı növbəti peyğəmbərlik yerinə yetəcək: «Allahın çadırı insanlarladır. O, onlarla məskən salacaq, onlar da Onun xalqı olacaqlar. Allah Özü onlarla olacaq» (Vəhy 21:3).

    •   Ölümün və əzab-əziyyətin sonu. Allah Öz Padşahlığı vasitəsilə «onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4).

a Roma ölçü vahidi olan bir stadi 185 metrə bərabərdir.