Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Distant təhsil. Dərslərimi necə öyrənim?

Distant təhsil. Dərslərimi necə öyrənim?

 İndiki dövrdə əksər şagirdlər təhsilini fərqli «sinif otağında» — evlərində davam etdirirlər. Əgər səndə də vəziyyət belədirsə, dərslərini necə öyrənə bilərsən? Bəzi məsləhətlərə baxaq a.

 Dərslərini oxumaq üçün beş məsləhət

  •   Gününü planlaşdır. Məktəbdə olduğu kimi, çalış cədvəl qurasan. Məktəb dərslərini, ev işlərini və digər mühüm işləri görmək üçün konkret vaxt ayır. Lazım gəlsə, cədvəlində dəyişiklik edə bilərsən.

     Müqəddəs Kitabdan məsləhət: «Qoy hər şey... nizamla olsun» (1 Korinflilərə 14:40).

     «Gününü planlaşdır, elə bil ki, məktəbdəsən. Müəyyən vaxta kimi hansısa işlərini görüb qurtarmalısan» (Keti).

     Düşün: Cədvəl qurmaq və onu görə biləcəyin yerə asmaq nəyə görə yaxşı olar?

  •   Nizam-intizamlı ol. Bəzən xoşuna gəlməyən işi belə başa çatdırmalı olduğunu anlayırsansa, bu sənin böyüdüyündən xəbər verir. İşlərini təxirə salma.

     Müqəddəs Kitabdan məsləhət: «Tənbəl olmayın, çalışqan olun» (Romalılara 12:11).

     «Ən çətini nizam-intizamlı olmaqdır. Bəhanə gətirmək, “dərslərimi sonra edərəm” demək asandır. Amma sonra yenə etmirsən və dərslər üst-üstə yığılır» (Aleksandra).

     Düşün: Dərslərini hər gün eyni yerdə və eyni vaxtda etmək nizam-intizamlı olmağına necə kömək edə bilər?

  •   Dərslərini oxumaq üçün yer seç. Lazım olan bütün dərs vəsaitlərini əlinin altına qoy. Dərs oxuduğun yer rahat olsun, amma elə yox ki, yuxulayasan. Sən orada dərslərini etməlisən, yatmalı deyilsən! Əgər dərs oxumaq üçün ayrıca yerin yoxdursa, mətbəxdə, yaxud yataq otağında dərslərini edə bilərsən.

     Müqəddəs Kitabdan məsləhət: «Çalışqanın niyyəti uğur gətirər» (Məsəllər 21:5).

     «Topu, video oyunları bir kənara qoy, telefonun səsini al, gitaranı çexoluna qoy. Dərs öyrənmək üçün gərək ətrafında səni heç nə yayındırmasın» (Elizabet).

     Düşün: Dərs öyrənmək üçün harada yer hazırlaya bilərsən?

  •   Diqqətini cəmləməyi öyrən. Fikrin əlindəki işdə olsun, eyni zamanda bir neçə işdən yapışma. Bir dəfəyə bir neçə işi görməyə çalışsan, ehtimal ki, səhvlərə yol verəcəksən və işi tamamlamağa vaxtın çox gedəcək.

     Müqəddəs Kitabdan məsləhət: «Vaxtınızın qədrini bilin» (Efeslilərə 5:16).

     «Telefon yanımda olanda fikrimi cəmləyə bilmirəm. Vaxtımın çoxu boş-boş şeylərə gedir» (Oliviya).

     Düşün: Diqqətini bir işə cəmlədiyin vaxtı tədricən artıra bilərsən?

  •   İstirahət et. Gəzintiyə çıx, velosiped sür, idman et. Hobbi ilə məşğul olmaq da adama təravət verir. «Amma əvvəlcə işini bitir. Yarımçıq iş qalmayanda istirahət adama daha çox ləzzət edir», — deyə bir kitabda yazılıb («School Power»).

     Müqəddəs Kitabdan məsləhət: «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (Vaiz 4:6).

     «Adətən məktəbdə musiqi alətində çalmağı, rəsm çəkməyi öyrənirsən. Həmin dərslər üçün çox darıxıram. Dərs öyrənməklə yanaşı kreativ hobbi ilə məşğul olmaq çox maraqlı olur» (Teylor).

     Düşün: Hansı istirahət növü sənə dinc beyinlə dərslərinə davam etməyə kömək edər?

a Distant təhsilin müxtəlif növləri var. Bu məqalədəki məsləhətləri öz vəziyyətinə tətbiq et.