Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Həyat mənə cansıxıcı gəlirsə, nə edim?

Həyat mənə cansıxıcı gəlirsə, nə edim?

 Bəzi insanlar üçün yağışlı gündə heç bir şey etmədən evdə oturmaqdan pis heç nə yoxdur. Robert adlı bir gənc deyir: «Belə vaxtlarda ancaq evdə otururam və nə edəcəyimi bilmirəm».

 Bu hisslər sənə tanışdır? Onda bu məqalə sənə kömək edəcək.

 Nəyi bilməlisən?

  •   Texnologiyadan istifadə etmək köməyinə çatmaya bilər.

     İnternetdə gəzişmək vaxt öldürmək üçün bir yol ola bilər, amma bu, sənin təxəyyülünü məhdudlaşdıracaq. Nəticədə, sıxıntı daha da artacaq. 21 yaşlı Ceremi deyir: «Bir də görürsən ki, heç bir şey haqda düşünmədən gözlərini dikmisən ekrana».

     Elena adlı gənc qız bu fikirlə razıdır. O deyir: «Texnologiya vasitəsilə edə biləcəyin çox az şey var. Bu, səni real dünyadan qoparır, ona görə də elektron vasitələri bir kənara qoyanda həyat sənə daha da sıxıcı gəlir».

  •   Baxışdan çox şey asılıdır.

     Sadəcə çoxlu məşğuliyyətlərin olması can sıxıntısını azaldacaq? Bu, məşğuliyyətlərə nə dərəcədə maraq göstərməyindən asılıdır. Məsələn, Karen adlı gənc qız xatırlayır: «Məktəb vaxtı bütün günü çoxlu məşğuliyyətlərim olurdu, amma yenə də məktəb mənə çox sıxıcı gəlirdi. Sıxılmamaq üçün etdiyin işlərə başdansovdu yanaşmamalısan».

 Bilirsən? «Ediləcək heç bir şeyin olmaması» əngəl yox, imkandır. Bu imkan yaradıcılıq qabiliyyətini inkişaf etdirə biləcəyin münbit torpaq sahəsi kimidir.

Boş vaxtlar yaradıcılıq qabiliyyətini inkişaf etdirə biləcəyin münbit torpaq sahəsi kimidir

 Nə edə bilərsən?

 Üfüqlərini genişləndir. Yeni dostlar əldə et. Yeni bir hobbi ilə məşğul olmağa başla. Yeni mövzular araşdır. Müxtəlif maraqları olan insana tək qalmaq da, başqaları ilə birlikdə olmaq da sıxıcı gəlmir.

 Müqəddəs Kitab prinsipi: «Əlindən nə gəlirsə, var gücünlə et» (Vaiz 9:10).

 «Bu yaxınlarda Çin Mandarin dilini öyrənməyə başlamışam. Hər gün praktika etməyin sayəsində başa düşdüm ki, bu cür öyrənməkdən ötrü çox darıxmışam. Hansısa bir layihəmin olmasını və onun üzərində işləməyi çox sevirəm. Bu zehnimi məşğul edir və vaxtımı səmərəli şəkildə keçirməyə kömək edir» (Melinda).

 Diqqətini hədəflərinə cəmlə. Etdiyin şeylərdə bir məqsədin olduğunu görsən, onda bunu etmək sənə daha maraqlı olacaq. Hədəfini görəndə məktəb tapşırıqları belə sənə cansıxıcı gəlməyəcək.

 Müqəddəs Kitab prinsipi: «İnsan üçün... zəhmətindən zövq almaqdan yaxşı şey yoxdur» (Vaiz 2:24).

 «Məktəb qurtarana yaxın hər gün 8 saat dərs oxuyurdum, çünki vaxtında oxumamışdım. Mənə darıxdırıcı gəlmirdi. Çünki bir məqsədim var idi. Fikrimi son nəticəyə, yəni məzun olmağa cəmləmişdim və bu, məni həvəsləndirirdi» (Hanna).

 Dəyişə bilməyəcəyin vəziyyətlə barış. Ən maraqlı məşğuliyyətlərin belə bəzi monoton yönləri olacaq. Hətta bəzən ən yaxın dostların planları pozacaq, sən isə ortada boş-bikar qalacaqsan. Bu vəziyyətin səndə bədbin hisslər yaratmasına imkan verməkdənsə, müsbət əhvali-ruhiyyəni qorumağa çalış.

 Müqəddəs Kitab prinsipi: «Könlü şad olan üçün həmişə bayramdır» (Məsəllər 15:15).

 «Bir dost mənə məsləhət gördü ki, tək qaldığım vaxtlardan zövq almağı öyrənim. Həmçinin o dedi ki, başqaları ilə birlikdə olmaq və özünlə tək qalmaq arasında tarazlı olmağı öyrənmək hər kəsin yiyələnməli olduğu bir həyat bacarığıdır» (Ayvey).