Kontentə keç

Yunanıstandakı qardaşlarımız bitərəf mövqelərinə görə sürgün edilir və ya həbs olunurdu. Buna baxmayaraq, onlar əllərindən gələn qədər ruhani fəaliyyətlərinə davam edirdilər, məsələn, Məsihin ölümünü anma mərasimini keçirirdilər

22 DEKABR 2022
YUNANISTAN

Yüz ildir müharibə etməyi öyrənmirlər

Yüz ildir müharibə etməyi öyrənmirlər

Nikos və Eleni Abatzis

2022-ci ildə Yunanıstandakı Yehovanın Şahidləri üçün iki tarixi hadisənin ildönümü oldu: rəsmi sənədlərə əsasən 100 il əvvəl ilk dəfə əqidəyə görə hərbi xidmətdən imtina edilmişdi və 25 il əvvəl mülki alternativ xidmət təsis olunmuşdu.

1900-cü illərdə müharibələr Yunanıstanı cənginə almışdı. Buna görə də qardaşlarımızın bitərəf mövqeyi tez-tez sınanırdı. Nikos Abatzis və Nikolaos Rebebos əqidəyə görə hərbi xidmətdən imtina edən ilk Yehovanın Şahidləri (o vaxt Müqəddəs Kitab Tədqiqatçıları adlanırdılar) oldu.

Nikos qardaş Yunan-Türk müharibəsində (1919—1922-ci illər) iştirak etməkdən imtina etmişdi. Qardaş həmin dövrlə bağlı belə deyir: «Məni Kiçik Asiyada hərbi kazarmaya göndərdilər... Orada cəsarətimi toplayıb əsgərlərə təbliğ etdim. Onlara izah etdim ki, müharibə etmək Müqəddəs Kitaba ziddir. Çünki orada deyilir ki, biz düşmənlərimizi sevməliyik». Müharibə bitdikdən sonra Nikos qardaş Yunanıstanın bir çox ərazilərində müjdəni təbliğ etməyə davam etdi.

Nikolaos Rebebos həyat yoldaşı ilə

Nikolaos Rebebos Yunan—Türk müharibəsində əsgər idi. Amma Müqəddəs Kitabı və Müqəddəs Kitab Tədqiqatçılarından aldığı bir traktatı oxuduqdan sonra onun düşüncəsi dəyişdi. O, komandirinə daha müharibədə vuruşmayacağını bildirdi, baxmayaraq ki, buna görə o, güllələnərək edam edilə bilərdi. Nikolas cəsarətlə ərz etdi ki, Allahın izni olmadan başından bir tük belə əskik olmayacaq. Müharibədən sonra o, Müqəddəs Kitab Tədqiqatçılarını axtarıb tapdı və 1925-ci ildə vəftiz olundu.

Nikos və Nikolas qardaşdan sonra Yunanıstanda çoxlu sayda digər qardaşlarımız da bitərəf mövqelərini qoruyaraq əllərinə silah götürməyi rədd etdilər. İkinci Dünya müharibəsi və Yunanıstan vətəndaş müharibəsi (1946—1949-cu illər) zamanı da onlar orduda xidmət etməkdən və ya partizan dəstələrinə qoşulmaqdan cəsarətlə imtina edirdilər, baxmayaraq ki, bəzi qardaşlarımız bu səbəbdən hətta edam edilmişdi. Təqiblər qardaşlarımızı Müqəddəs Kitabdakı müjdəni təbliğ etməkdən dayandırmadı. 1940-cı ildə Yunanıstanda 178 Yehovanın Şahidi var idi. 1949-cu ildə isə bu rəqəm 2808-ə çatdı.

Bu gün də Yehovanın Şahidləri Yunanıstanda müjdəni böyük şövqlə təbliğ edirlər

Əqidələrinə görə hərbi xidmətdən imtina edən qardaşlarımızın həbsi sonrakı illərdə də davam etdi. Ümumilikdə, 3788 qardaş həbs olunmuşdu. Nəhayət, 1997-ci ildə alternativ mülki xidmət təsis olundu. Hal-hazırda təxminən 100 qardaşımız alternativ mülki xidmət keçir.

2022-ci xidmət ili ərzində Yunanıstanda təbliğçilərin sayı 27 995 nəfərə çatdı və 420 nəfər vəftiz olundu.

Ötən yüz il boyunca açıq-aydın göründü ki, Yehova Yunanıstandakı qardaşlarımızın müharibə etməyi öyrənməmək qərarını dəstəkləyir (Əşiya 2:4).